Azərbaycanın teatr xadimlərinə TÜRKSOY-un “Haldun Tanər” medalı təqdim olunub

Azərbaycanın teatr xadimlərinə TÜRKSOY-un “Haldun Tanər” medalı təqdim olunub
19:28 23 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də Dövlət Akademik Milli Dram Teatrında Azərbaycanın bir qrup teatr xadiminə TÜRKSOY-un “Haldun Tanər” medalı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xalq Artisti Azərpaşa Nemət son illər TÜRKSOY-un həyata keçirdiyi layihələrdən söz açıb. Bildirib ki, bu qurum türkdilli xalqların ortaq mədəniyyətinin daha geniş coğrafiyada tanınması istiqamətində mühüm işlər görür.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan teatrının son illər ərzində böyük inkişaf yolu keçdiyini söyləyib.
“Teatrı sevməyən insan özünü sevmir. Azərbaycan teatrına çox yaxından bələdəm və bu sahədə çalışan insanların bir çoxu ilə dostam. Azərbaycanın ən kiçik şəhərlərində belə böyük teatrlar fəaliyyət göstərir. Bu olduqca təqdirəlayiqdir”, - deyə o vurğulayıb.
Rəhbərlik etdiyi qurumun teatr sənəti sahəsində gördüyü işlərdən danışan D.Kaseinov bildirib ki, TÜRKSOY hər bir uğurlu layihəni dəstəkləməkdə maraqlıdır.
TÜRKSOY-un elan etdiyi “Haldun Tanər ili” çərçivəsində həyata keçirilən işlərdən söz açan baş katibi deyib ki, il ərzində quruma üzv ölkələrdə fərqlənən bir çox teatr xadimləri, sənət adamları mükafatlandırılıb. Onlara teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Haldun Tanər” medalı təqdim edilib. Bu sırada Azərbaycan sənət adamları, teatr xadimləri, dramaturqları da var.
Sonra teatr sənətinin inkişafına verdiyi töhfələrə görə Xalq Artisti Azərpaşa Nemət, professorlar İsrafil İsrafilov, Məryəm Əlizadə, yazıçı-dramaturq, Əməkdar İncəsənət Xadimi Afaq Məsud və tanınmış aktyor və rejissor, Əməkdar İncəsənət Xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzova “Haldun Tanər” medalı təqdim olunub.
Yüksək mükafata görə TÜRKSOY-un rəhbərliyinə minnətdarlığını bildirən Cahangir Novruzov deyib ki, Haldun Tanər Bakıda bizim evin qonağı olub. O, Musiqili Teatrda “Qaynana” tamaşasına baxmış, Nəsibə Zeynalovanın obrazını bəyənmişdi. Bu tamaşanı Türkiyədə, işlədiyi teatrda da səhnələşdirmək istəyirdi. Hətta Nəsibə Zeynalovanı da Türkiyəyə dəvət etmişdi. Lakin o vaxtlar bu məsələnin reallığa çevrilməsi mümkün olmadı.
Milli Dram Teatrının direktoru İsrafil İsrafilov deyib ki, bu gün teatrımız üçün olduqca əlamətdar bir gündür. Ona görə ki, TÜRKSOY özünün ən dəyərli mükafatlarından birini Azərbaycanın görkəmli sənətçilərinə təqdim edir. Eyni zamanda bu gün Azərbaycan teatrı Cahangir Zeynalovun 150 illiyini qeyd edir. C.Zeynalovun 150 illiyi Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunur. Bu bütövlükdə Azərbaycan teatrına verilən qiymətdir. Buna görə də bütün teatrsevərlər adında dövlətimizin başçısına minnətdarlığımı bildirirəm.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_teatr_xadimlerine_TURKSOY_un_Haldun_Taner_medali_teqdim_olunub-913774

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR