Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dini radikalizmlə mübarizədə dini icmaların rolu vacibdir

Dini radikalizmlə mübarizədə dini icmaların rolu vacibdir

Date: 23 December 2015 19:38


Quba, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Qubada “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda seminar-müşavirə keçirilib.
Müşavirədə komitə sədrinin birinci müavini Səyyad Salahlı, Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tariyel İbrahimov, DQİDK-nın əməkdaşları, Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Naib Səttarov, ziyalılar, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
S.Salahlı tədbirdə çıxış edərək dini radikalizmi yaradan səbəblər və radikal cərəyanların törətdiyi fəsadlardan danışıb. Bildirib ki, “Dini etiqad azadlığı haqqında” Qanuna son dəyişikliklərin edilməsi din adından istifadə edərək ekstremizm hallarının yayılmasının qarşısını almaq zərurətindən irəli gəlib. Cəmiyyət üçün təhlükə hesab edilən dini radikalizm hallarının qarşısının alınmasında din xadimlərinin mühüm rolu var.
Daha sonra DQİDK-nın təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Rüstəm Ramazanov “Radikal dini cərəyanlara qarşı mübarizədə ənənəvi İslam dəyərlərinin rolu” məruzəsi ilə çıxış edərək mövzunun aktuallığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, din adı ilə təqdim edilən radikal baxışlı ideoloji təlimlərin əsas məqsədlərindən biri cəmiyyət daxilində mövcud olan möhkəm həmrəyliyə pozucu təsir göstərməkdir.
Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tariyel İbrahimov, bölgə qazısı Naib Səttarov mövzu ətrafında çıxış edərək İslamda radikalizmə yer olmadığını, sülh və barış dini olduğunu qeyd ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov dini radikalizmlə mübarizədə dini icmaların, dindarların rolunun vacibliyindən danışıblar.

Tags:  Dini radikalizmlə mübarizədə dini icmaların rolu vacibdir


RƏYLƏR


Top news