Görkəmli teatr xadimi Cahangir Zeynalovun 150 illik yubileyi qeyd edilib

Görkəmli teatr xadimi Cahangir Zeynalovun 150 illik yubileyi qeyd edilib
20:02 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Akademik Milli Dram Teatrında Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Zeynalovun 150 illik yubileyi münasibətilə tədbir keçirilib.
"Report" xəbər verir ki, yubiley mərasimində baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyə və Rusiyadan gəlmiş qonaqlar, TÜRKSOY-un üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Nazir Əbülfəs Qarayev və qonaqlar əvvəlcə teatrın foyesində mərhum Cahangir Zeynalovun ömür yolunu əks etdirən fotosərgi ilə tanış olublar.  
Tədbiri nazir Əbülfəs Qarayev açaraq, Cahangir Zeynalovun nəsil şəcərəsindən, qızı, böyük sənətkar Nəsibə Zeynalova və onun sənət yolundan danışıb: "Cahangir Zeynalov 1885-ci ildə ilk dəfə səhnəyə çıxıb, evində teatr yaradan nadir sənətkarlardandır. Cahangir Zeynalov son dəfə "Haci Qara" tamaşasında baş rolu ifa edib və 8 gün sonra 53 yaşında vəfat edib".
TÜRKSOY-un baş katibi Dusen Kaseinov Cahangir Zeynalovun türk dünyasında əsas səhnə xadimləri sırasında yer aldığını deyərək, Azərbaycanın belə qüdrətli teatr xadimlərilə hər zaman zirvələr fəth edəcəyini söyləyib. 
Akademik Milli Dram Teatrının bədii rəhbəri - baş rejissoru Azərpaşa Nemət qeyd edib ki, Azərbaycanın teatr sənəti uzun, keşməkeşli yollar keçərək bu günə gəlib çatıb: "Cahangir Zeynalov bu çətin yolları Azərbaycanın qüdrətli sənət adamları ilə keçib. Onun ən böyük sənət əsəri Nəsibə Zeynalova, Nəsibə xanımın ən böyük sənət əsəri isə Cahangir Novruzovdur". 
Qeyd edək ki, yubiley münasibətilə "Cahangirdən Cahangirə" adlı bədii layihə hazırlanıb. Layihədə yubilyarın nəvəsi, əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun rejissorluğu ilə A.P.Çexovun "Qu quşunun nəğməsi" əsəri əsasında tamaşa təqdim edilib. Səhnə əsərinin rejissoru və baş rolun ifaçısı Cahangir Novruzovdur.
Cahangir Novruzov "Report"a açıqlamasında A.P.Çexovun "Kalxas" əsəri əsasında "Qu quşunun nəğməsi" adlı tamaşaya quruluş verdiyini və bu əsəri babası Cahangir Zeynalovun, anası Nəsibə xanın Zeynalovanın, yaxın dostu, xalq artisti Yaşar Nurinin və dünyasını dəyişmiş bütün sənət adamlarının xatirəsinə ithaf etdiyini deyib.
Xatırladaq ki, əsərdə baş qəhrəmanı canlandıran Cahangir Novruzov əsəri Azərbaycan dilinə tərcümə edib. C.Novruzov bu əsərlə 20 ildən sonra Azərbaycan teatrının səhnəsində çıxış edib. Tamaşanın iki qəhrəmanı var. Svetlovidov (Cahangir Novruzov) və Nikita İvanoviç (Hikmət Rəhimov).
Əsər teatrdan, ömrünü səhnəyə həsr edən, aktyorun çəkdiyi qəlb ağrılarından, iztirablarından bəhs edir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/gorkemli-teatr-xadimi-cahangir-zeynalovun-150-illik-yubileyi-qeyd-edildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR