Almaniya KİV-ləri Yozef Blatterin və Mişel Platininin istefasını şərh edirlər

Almaniya KİV-ləri Yozef Blatterin və Mişel Platininin istefasını şərh edirlər
21:13 23 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Berlin, 23 dekabr, AZƏRTAC
Bütün dünyaya yayılan xəbərə görə, FIFA-nın Etika Komissiyası Yozef Blatterə və Mişel Platiniyə səkkiz il ərzində futbol menecmenti ilə məşğul olmağı qadağan edib. Əsas ittiham Blatterin heç bir hesabat vermədən Platiniyə 2 milyon İsveçrə frankı məbləğində şübhə doğuran ödəniş etməsidir.
“Zeit” qəzetinin şərhçisi Kristian Şpiller Etika Komissiyasının qərarını “Blatter sonuncu dəfə biabır oldu” sərlövhəli məqaləsində şərh edərək yazıb: “FIFA-nın keçmiş prezidentinin gülünc çıxışlarına hamı çoxdan adət edib. O, hələ hakimiyyətdə olanda yadplanetlilərlə turnirlər təşkil etməyə hazırlaşırdı. Nəticədə artıq heç kim onu ciddi qəbul etmirdi. O, təlxəyə çevrilmişdi. Amma tirajlanan hər hansı kloun kimi camaat ondan da bezmişdi. Üstəlik, belə bir şübhə yaranıb ki, bütün futbol bosları satılıb. Almaniya Futbol İttifaqında qalmaqal bunu yalnız gücləndirdi. 40 il FIFA-da işləyən, 17 il ona başçılıq edən adamın dövrü başa çatdı. Futbolda korrupsiya sisteminin rəmzinə çevrilən, milyonların futbola sevgisi sayəsində öz ciblərini dolduran yaşlı cənablar üçün, and-aman edib artıq üç dəfə istefaya gedəcəyini bəyan edən, amma yenə də getməyən bir adam üçün bitdi. İndi isə onunla birlikdə vəliəhdi də getdi”.
“Frankfurter Allgemeine Zeitung” qəzetinin şərhçisi məqaləsini “Mübarizə yenicə başlanır” adlandırıb. Yozef Blatterin əcaib vida çıxışı onu da heyrətləndirib. Müəllif yazır: “Çıxış nə çıxış. Vida və vida. O, bütün nağıllarını ingiliscə də, fransızca da, almanca da, ispanca da xatırlatdı. Blatter FIFA-nın köhnə mənzil-qərargahının yanındaca Nelson Mandelanın ruhunu çağırdı və ortalığa Nobel mükafatı barədə fikir atdı. Yəni azadlıq uğrunda mübariz və CAR Prezidenti bu mükafata sahib idi, amma İsveçrənin Fisp şəhərciyindən olan fırıldaqçı əliboş qaldı. Misli görünməmiş həyasızlıqdır. Amma Blatteri qınamağa dəyərmi?”
“Berliner Zeitung” qəzetinin şərhçisi Kristian Bommarius “Yozef Blatter və Al Kapone arasında ümumi nə var” sərlövhəli məqaləsində xatırladır ki, tanınmış Amerika qanqsteri 1920-ci illərdə bütün andlı hakimləri satın almışdı, buna baxmayaraq onu 11 il müddətinə həbsxanaya göndərəndə çox hiddətlənmişdi. Müəllif davam edir: “FIFA-nın prezidenti Yozef Blatter və UEFA-nın başçısı Mişel Platini 8 il müddətinə futboldan kənarlaşdırılıblar. Bunun Al Kapone barəsində hökmlə nə kimi əlaqəsi var? Əvvələn, ABŞ Femidası onların işini mafiyaya qarşı mübarizə haqqında qanun əsasında araşdırır. İkincisi, prosesi uzatmamaq üçün onlar nisbətən yüngül cinayətlərdə təqsirli bilinirlər. Çoxlu adam öldürmüş Al Kaponeni vergilərdən yayınmaya, korrupsiya üzrə ekspert Blatteri isə Platini ilə şübhə doğuran bir sövdələşməyə görə mühakimə ediblər. Üçüncüsü, gördündüyü kimi, vaxtilə Al Kapone kimi Blatter də komissiyanın qərarından hiddətlənib. Səbəbi də oxşardır: qanun qarşısında hamının, o cümlədən də bosların bərabər olmasını onların heç biri başa düşməyib.
Almaniya KİV-lərində bu mövzuda digər şərhlər də təqribən eyni məzmundadır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Almaniya_KIV_leri_Yozef_Blatterin_ve_Misel_Platininin_istefasini_serh_edirler-913818

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR