Sərnişinləri Bakıda bir ildən sonra nə gözləyir?

Sərnişinləri Bakıda bir ildən sonra nə gözləyir?
22:05 23 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyinin yaradılması paytaxtda sərnişindaşıma sahəsində hansısa müsbət dəyişikliklərə gətirib çıxaracaq. Bu sahədə o qədər problem var ki, onları qısa müddətdə həll etmək asan olmayacaq, amma müəyyən müddətdən sonra irəliləyişlər mütləq olacaq. Təklif edirəm ki, belə bir qurum təkcə paytaxt üzrə deyil, bütün ölkə üzrə yaradılsın.

Milli.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Prezident İlham Əliyevin Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərmanı çərçivəsində Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılmasını şərh edərkən deyib.

Ə.Hüseynovun sözlərinə görə, bu agentlik yalnız sərnişindaşıma sahəsində dövlət siyasətini - marşrutların sxemlərini, təhlükəsizliyi müəyyən edəcək, dünya təcrübəsinin, müvafiq texnologiyaların tətbiqini həyata keçirəcək: "Söhbət yalnız Bakı şəhərində sərnişin və baqaj daşımadan gedir. Yeni qurumun yükdaşımaya heç bir aidiyyəti yoxdur. Hətta agentiliyin inzibati xətalara baxma səlahiyyətləri də var. Bu məsələ də, yəqin, yaxın 2-3 aya tam dəqiqləşəcək. Böyük ehtimalla söhbət marşrut sxemlərinə dair tələblərin, eləcə də sürücülər tərəfindən avtobusda siqaret çəkilməsi, musiqiyə qulaq asmaq kimi nizam-intizam qaydalarının pozulması ilə bağlı məsələlərdən gedəcək".

Bundan başqa, böyük ehtimalla bir sıra digər məsələlər də Nəqliyyat Agentliyinə həvalə ediləcək: "Çox güman ki, fərqlənmə nişanlarını da ASAN xidmət vasitəsilə yeni qurum verəcək. Böyük ehtimalla taksi və avtobus fəaliyyəti ilə məşğul olanlar vergiləri də ASAN xidmət vasitəsilə bu agentliyə ödəyəcəklər. Fərmana əsasən, Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) də agentliyin tabeliyinə verilib. NİİM yol hərəkətinin təşkili və məlumatlandırma ilə bağlı müəyyən funksiyalara malik idi".

Ekspertin fikrincə, yeni qurumla Nəqliyyat Nazirliyi arasında heç bir konflikt olmayacaq, amma Dövlət Yol Polisi ilə müəyyən paralellik yarana bilər: "Agentlik əsasən, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) Bakı üzrə sərnişindaşıma məsələlərinə baxan müvafiq qurumunun funksiyalarını həyata keçirəcək. Ona görə də həmin qurum ləğv olunacaq. Bu, birbaşa fərmanda da göstərilir. Aydın məsələdir ki, eyni səlahiyyətli paralel iki dövlət qurumu ola bilməz. NİİM-in isə səlahiyyətləri saxlanılmaqla tabeçiliyi dəyişdiriləcək. Burada maraqlı bəzi paralelliklər, əslində, Nəqliyyat Nazirliyi ilə yox, Dövlət Yol Polisi ilə yaranır. Ona görə də bu məsələ ciddi tənzimlənməli və dəqiqləşdirmə aparılmalıdır. Əks halda anlaşılmazlıq yaranacaq, bu isə nəticədə nəqliyyatın hərəkətinin təşkilində problemlər yaradacaq".

Bununla yanaşı, ekspert hesab edir ki, Bakı Nəqliyyat Agentliyi bir sıra problemlərlə üzləşə bilər: "Böyük ehtimalla parkomatlar məsələsi də Bakı Şəhər İcra Hakimiyyətindən alınıb bu agentliyə veriləcək. Bundan sonra paytaxtda avtomobil, avtobus və taksi dayanacaqlarının yerini bu agentlik müəyyən edəcək. Amma bu dayanacaqlar harada yaradılacaq? Bu məsələ bir az sual doğurur. Eyni zamanda avtobus parkının yenilənməsi üçün daşıyıcı subyektlərə külli miqdarda vəsait lazımdır. Bu vəsait hardan tapılacaq və onlar buna cəlb ediləcək? Bu iş heç də asan başa gəlməyəcək. Çünki bu həm də sosial məsələdir. Nəqliyyat həm yüksək səviyyədə işləməli, əhali mənzil başına vaxtında çata bilsin, digər tərəfdən qiymətlər insanlar üçün əlçatan olmalıdır. Əgər qiymətlər çox qalxarsa, sosial problemlər yarana bilər".

Qeyd edək ki, dövlət başçısının tapşırığın əsasən, həyata keçiriləcək müəyyən prosedurlardan sonra agentlik 3 aydan sonra tam fəaliyyətə başlamalıdır.

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR