Azərbaycan Prezidenti: "Biz inkişaf etmiş ölkə olmaq istəyirik, buna da nail olacağıq"

Azərbaycan Prezidenti: "Biz inkişaf etmiş ölkə olmaq istəyirik, buna da nail olacağıq"
22:22 23 Dekabr 2015
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ "Hər il ilin yekunlarına nəzər yetirəndə görürük ki, bizim idman uğurlarımız ildən-ilə artır. Medalların sayı da artır. İdmançılar beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edirlər. Bu il beynəlxalq yarışlarda idmançılarımız 823 medal qazanmışlar. Onlardan 321-i qızıl medaldır. Qazanılmış medalların statistikasına baxsaq görərik ki, medalların sayı ildən-ilə artır.
Bu, onu göstərir ki, Azərbaycanda idman uğurla, dinamik şəkildə inkişaf edir. Gözəl gənc nəsil yetişir. Mən onu da xüsusilə qeyd etmək istəyirəm ki, bizim gənc idmançılarımız, uşaqlar, yeniyetmələr müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, yeniyetmələrin Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edirlər. Bu, onu göstərir ki, Azərbaycanda idman siyasəti düşünülmüş şəkildə aparılır. Yeni nəsil yetişir, görkəmli idmançılar idman karyerasını başa vurduqdan sonra onların böyük əksəriyyəti idmandan ayrılmır. Onlar öz fəaliyyətini məşqçi, mütəxəssis kimi davam etdirirlər. Bir sözlə, bu siyasət və əldə edilmiş nailiyyətlər imkan verəcək ki, gələcəkdə də Azərbaycan bütün beynəlxalq yarışlarda ən yüksək pillələrdə özünü təsdiq etsin".
"Report"un xəbərinə görə, bunu Prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimindəki çıxışında deyib.
Prezident vurğulayıb ki, ölkədə İdmançılara dövlət tərəfindən qayğı yüksək səviyyədədir: "Hər il görkəmli idmançılarımızın məişət problemləri həll olunur. On ildən çoxdur ki, hər il iyirmidən çox idmançıya, idman mütəxəssisinə dövlət tərəfindən mənzillər verilir. Bu da dövlətin siyasətinin təzahürüdür. Çünki ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil edən, bizim dövlət bayrağımızı ucaldan idmançılar dövlət tərəfindən daim qayğı, diqqətlə əhatə olunmalıdırlar. Şadam ki, aparılan bu siyasət indi belə vəziyyətə gətirib çıxarıb ki, bizim görkəmli idmançılarımızın hamısı gözəl mənzillərlə təmin olunublar. Bu proses bundan sonra da davam edəcək. Çünki əgər dövlət idmanı inkişaf etdirmək istəyirsə, mütləq idmançılar üçün gözəl şərait yaratmalıdır. Mən 1997-ci ildə bu amalla Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə gəlmişəm və o gündən bu günə qədər bu siyasət davam etdirilir. Nəticələr də göz qabağındadır. Bu gün dünya miqyasında Azərbaycan idman dövləti kimi tanınır. Beynəlxalq idman qurumları, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, onların rəhbərləri Azərbaycanda idmanda əldə olunmuş uğurları qeyd edirlər. Bu, bizim işimizə verilən böyük qiymətdir.
Eyni zamanda, bizim üçün əsas qiymət xalq tərəfindən verilən qiymətdir. Azərbaycan xalqı öz idmançılarını sevir, onların uğurlarına sevinir. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı qürur hissi keçirir ki, biz idmanda böyük nailiyyətlərə imza ata bilmişik. İdmanın inkişafı üçün uzun illər məqsədyönlü şəkildə kompleks tədbirlər görülür. Həm təlim-məşq prosesi yüksək səviyyədə təşkil edilir, həm də federasiyalar, klublar, idman cəmiyyətləri uğurla fəaliyyət göstərirlər. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi vahid siyasət aparırlar. Ona görə Azərbaycanda idman siyasəti ilə bağlı birmənalı mövqe nümayiş etdirilir.
İdman bazaları yaradılır. Şadam ki, indi klublar da, federasiyalar da idman bazalarını yaradırlar. Eyni zamanda, bölgələrdə 41 Olimpiya Mərkəzi yaradılmışdır. On mərkəzin tikintisi davam edir. Həmin layihələr başa çatandan sonra artıq Azərbaycanın hər bir rayonunda idmanla məşğul olmaq üçün çox gözəl şərait olacaq. Əslində, bu şərait artıq mövcuddur. O ki qaldı Bakı şəhərinə, burada ən mötəbər beynəlxalq yarışların keçirilməsi üçün bütün imkanlar var. Avropa Oyunları bunu bir daha təsdiqlədi. Bakıda yaradılmış və təmir edilmiş müasir idman infrastrukturu dünya səviyyəsindədir. Deyə bilərəm ki, biz dünyanın inkişaf etmiş ölkələrindən geri qalmırıq. Bizim idman qurğularımızın həm funksionallığı yüksəkdir, eyni zamanda, onlar memarlıq abidəsidir. Biz bunu bilərəkdən belə yaratmışıq ki, idman qurğuları gözəl şəhərimizə əlavə yaraşıq versin. Müasir idman bazaları, idman infrastrukturu, düzgün siyasət, idmançılara qayğı və dövlət tərəfindən qəbul edilən qərarlar bu vəziyyəti yaradıb ki, bu gün Azərbaycan dünya miqyasında ən birinci sıralardadır".
Dövlət başçısı bildirib ki, bu il Avropanın idman həyatında tarixi bir ildir: "Çünki ilk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Burada da Azərbaycan dövləti öz gücünü göstərdi. Cəmi iki il yarım ərzində Yay Olimpiya Oyunları səviyyəsində keçirilən Oyunlar təşkil edilmişdir. Bəlkə də heç kim, o cümlədən xarici tərəfdaşlarımız inanmırdılar ki, biz bu Oyunları bu səviyyədə keçirəcəyik. Bütün Azərbaycan xalqı, doğrudan da, həmrəylik göstərmişdir. Bu, ümummilli bir məsələyə çevrilmişdi. Çünki dünyada ilk dəfə olaraq Avropa Oyunlarının Bakıda keçirilməsi bizim üçün çox böyük məsuliyyət idi.
Biz son illər ərzində ölkəmizi dünya miqyasında kifayət qədər geniş şəkildə təqdim edə bilmişik. Müxtəlif tədbirlər, təqdimatlar, sərgilər, konsertlər keçirilmiş, Azərbaycanın zəngin mədəniyyəti, tarixi irsi, bugünkü reallıqları kifayət qədər geniş şəkildə təqdim olunmuşdur. Ancaq bu Oyunlar bizə imkan verdi ki, gələn qonaqlar ölkəmizlə tanış olsunlar. Altı min idmançı, minlərlə məşqçi, qonaq, idman mütəxəssisi təxminən üç həftə Bakıda qalaraq şəhərimizin gözəlliyini görmüş, insanlarımızın qonaqpərvərliyini hiss etmiş və Azərbaycanın sürətli inkişafının şahidi olmuşlar. Ümumi rəy belə idi ki, Oyunları bundan yüksək səviyyədə keçirmək mümkün deyil. Hətta bəzi idmançılar öz yarışlarını başa vurduqdan sonra ölkəmizdən getmək istəmirdilər. Olimpiya Kəndində qalmaq istəyirdilər. Çünki yaradılmış bu gözəl ab-hava onlara da çox xoş idi. Burada həm təşkilatçılıq, həm obyektlərin müasirliyi, yüksək səviyyəsi, eyni zamanda, Azərbaycan xalqının qonaqpərvərliyi xüsusi bir mühit yaratmışdı. Bu, unudulmaz günlər idi və Azərbaycan dünyaya nəyə qadir olduğunu göstərdi. Göstərdi ki, cəmi 24 illik müstəqillik dövründə biz böyük zirvələrə çata bilmişik.
Əlbəttə ki, idmançılarımızın uğurlu çıxışları bizi xüsusilə sevindirir. Əlli Olimpiya komandası arasında Azərbaycan idmançıları ikinci yeri tutmuşlar. Əgər nəzərə alsaq ki, birinci yeri Rusiya komandası tutub, bu, təbii idi, başqa cür ola da bilməzdi. Ona görə hesab edirəm ki, biz ən yüksək zirvəyə qalxa bilmişik. Əlli altı medal qazanılıb, onlardan 21-i qızıl medaldır. Bu, Azərbaycan idmanının böyük zəfəri idi. İdmançıları - bütün bu qələbələrdə, bu medalların qazanılmasında iştirak etmiş insanları bir daha salamlayıram, onlara öz təşəkkürümü bildirmək istəyirəm.
Avropa Oyunları tarixdə qaldı. Növbəti Oyunlar harada keçiriləcək. Bu barədə hələ ki, qərar qəbul edilməyib. Amma məndə olan məlumata görə, bəzi ölkələr Bakıda keçirilmiş Oyunlardan sonra bir az tərəddüd edirlər. Hətta həmkarlarım mənə deyirlər, biz qorxuruq ki, bu Oyunları Bakıdakı səviyyədə təşkil edə bilmərik. Ona görə biz bir az ehtiyatlanırıq. Yəni, biz belə bir səviyyəni yaratdıq ki, bu səviyyəyə çatmaq doğrudan da çox çətindir. Bu Oyunlar, sözün əsl mənasında, Yay Olimpiya Oyunları səviyyəsində təşkil edilmişdir.
Gələn il isə Azərbaycanda digər mötəbər idman yarışı keçiriləcək - “Formula-1” yarışı. Bu da dünya miqyasında üç ən əsas idman yarışının sırasında olan bir yarışdır. Birinci yerdə, əlbəttə ki, Yay Olimpiya Oyunlarıdır. İkinci yerdə futbol üzrə dünya çempionatıdır. Üçüncü yerdə “Formula-1” yarışıdır. Bu yarışın Azərbaycanda keçirilməsi, əlbəttə ki, tarixi hadisədir. Bu yarışlar bizim bölgədə ilk dəfə olaraq keçiriləcək. Bizim şərtimiz ondan ibarət idi ki, bu yarışma mütləq şəhər küçələrində keçirilməlidir. Çünki birincisi, bu yarışın təşkili üçün yeni stadionun tikintisinə biz gərək böyük vəsait xərcləyəydik. Buna lüzum yoxdur. Digər tərəfdən, xüsusi tikilmiş yerlərdə keçirilən yarışlar bir-birini təkrarlayır, bir-birinə oxşayır. Televiziyada bu yarışları seyr edərkən heç bilmirsən ki, bu yarış harada keçirilir. Bizim üstünlüyümüz ondan ibarət olacaq ki, bu, gözəl, qədim və müasir şəhərimizin küçələrində keçiriləcək. Bu günə qədər cəmi iki yerdə - Monakoda və Sinqapurda bu yarışlar şəhər küçələrində keçirilib. İndi hazırlıq işləri gedir. Əminəm ki, biz bu gözəl yarışı da ən yüksək səviyyədə keçirəcəyik. Ümumdünya Şahmat Olimpiadası Bakıda keçiriləcək. Bu da dünya miqyaslı bir yarışdır və şahmatçılarımız da bizi sevindirirlər".
Azərbaycan Prezidenti deyib ki, ümumiyyətlə, Azərbaycanda idmanın hər bir növü inkişaf edir: "Ənənəvi idman növləri və bizim üçün yeni olan idman növləri inkişaf etməkdədir. 2017-ci ildə isə İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Müvafiq göstərişlər verildi, Təşkilat Komitəsi yaradıldı. Sentyabr ayında Təşkilat Komitəsinin birinci toplantısı keçirilmişdir. Əminəm ki, bu Oyunlar da ən yüksək səviyyədə keçiriləcək.
Bax, budur bizim nailiyyətlərimiz. Həm idmançılar beynəlxalq yarışlarda bizi sevindirirlər, həm də ən müasir idman infrastrukturu yaradılıb və dünyanın ən mötəbər idman yarışları Azərbaycanda keçirilir. On il, iyirmi il bundan əvvəl bunu təsəvvür etmək mümkün deyildi. Əgər bu barədə kimsə nə isə desəydi, onu heç kim ciddi qəbul etməzdi. Ancaq bu gün bu, reallıqdır. Bu reallıqları biz yaradırıq. Azərbaycan dövləti və Azərbaycan xalqı yaradır ki, idman daha da sürətlə inkişaf etsin.
İdmanın inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir. Əgər beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında medal qazanan idmançıların vətəndaşlığına nəzər salsanız görərsiniz ki, inkişaf etmiş ölkələrin idmançıları daha çox medal qazanırlar. Biz də inkişaf etmiş ölkə olmaq istəyirik, bu yolla gedirik və əminəm ki, biz buna da nail olacağıq".

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/azerbaycan-prezidenti-biz-inkisaf-etmis-olke-olmaq-isteyirik-buna-da-nail-olacagiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR