Ömrün üç zirvəsi: Alim, redaktor, şəxsiyyət

Ömrün üç zirvəsi: Alim, redaktor, şəxsiyyət
22:43 23 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Mərhum akademik Budaq Budaqovun 2011-ci il dekabrın 25-də vətənpərvər ziyalı, fədakar alim və gözəl publisist, professor Teymur Əhmədov haqqında yazdığı bu məqalə onun şəxsi arxivindən götürülüb. Məqaləni oxuculara təqdim edirik.
x x x
Müdrikcəsinə deyilmiş bir ifadə var: ömrünü xalqının mənəvi inkişafına və maariflənməsinə, fundamental elmi axtarışlara həsr etmiş vətənpərvər ziyalılar bir şəxsiyyət olaraq dünyanın bəzəyidir. Filologiya elmləri doktoru, professor Teymur Əhmədov müasir cəmiyyətimizdə özünəməxsus yeri və dəst-xətti olan, elmimizə verdiyi əvəzsiz töhfələrlə yanaşı, həm də gözəl publisist və təşkilatçı kimi geniş fəaliyyət dairəsinə malik əsl vətənpərvər ziyalılarımızdandır. Elm sahəsindəki axtarış və tədqiqatları, xüsusən də sovet imperiyası dövründə çoxlarının adını belə çəkməyə cəsarət etmədiyi, “millətçi” kimi qələmə verilən xalqımızın böyük oğlu Nəriman Nərimanovun həyat və yaradıcılığına həsr olunmuş fundamental tədqiqat əsərləri sözün həqiqi mənasında əsl alim və publisist cəsarətinin, vətəndaşlıq təəssübkeşliyinin bariz nümunəsidir. Yaşayıb yaratdığı bu uzun illər ərzində professor Teymur Əhmədov həm də milli mətbuatımızın inkişafına öz layiqli töhfələrini verib və bu sahədəki mövcud klassik ənənələrin müasir ruhda dirçəldilməsinə nail olub.
Teymur Əkbər oğlu Əhmədov 1930-cu il dekabr ayının 25-də Azərbaycanın Şəmkir şəhərində anadan olub. İlk məktəb təhsilini İrəvan şəhərindəki Əzizbəyli adına orta məktəbdə alıb. Hələ yeniyetmə çağlarından çox mütaliə etməsi, bilik öyrənməyə can atması sayəsində orta məktəbi Qızıl medalla bitirib və 1949-cu ildə imtahansız Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Burada təhsil aldığı illər Teymur müəllimin dünyagörüşünün formalaşmasına, gələcək həyat yolunun müəyyənləşdirilməsinə böyük təsir edib. Ali məktəbi bitirdikdən sonra ona universitetdə işləmək təklif olunsa da, özünün arzusu ilə İrəvanda Azərbaycan dilində nəşr edilən “Sovet Ermənistanı” qəzetində jurnalistik fəaliyyətinə başlayıb. Məhz həmin dövrdən Teymur Əhmədovun coşqun publisistlik fəaliyyəti həm elm, həm də jurnalistika sahələrində özünü qabarıq şəkildə büruzə verib. Bütün mənalı ömrünü gərgin elmi araşdırmalara və fundamental tədqiqatlara həsr edən Teymur müəllim eyni həvəs və qətiyyətlə jurnalist qələmi ilə zəmanəmizin ən aktual mövzularını əhatə edən sanballı məqalələri ilə milli mətbuatımızda dərin iz qoyub.
Professor Teymur Əhmədovun elmi, publisistik və ədəbi-bədii yaradıcılığı çoxşaxəli və rəngarəngdir. Onun gərgin elmi və publisistik araşdırmalarının bəhrəsi olan əsərləri son iki əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin, ədəbi-ictimai fikrinin inkişafı və zənginləşməsində mühüm rol oynayıb. Azərbaycanın böyük oğlu, görkəmli dövlət xadimi Nəriman Nərimanovun həyat və yaradıcılığına həsr olunmuş fundamental tədqiqiqat işləri, silsilə əsərlər toplusu isə Teymur Əhmədovun yaradıcılığının şah damarını təşkil edir. Yuxarıda qeyd etdiyim kimi, imperiya dövründə ermənilərin Moskvadakı havadarlarının səyi ilə üzərinə “millətçi”, “antibolşevik” damğası vurulan Nəriman Nərimanov kimi dahi bir şəxsiyyətin üzə çıxarılıb xalqımızın tarixində yenidən öz layiqli yerini tutmasında Teymur müəllimin xidmətləri əvəzsizdir. Bütün çətinliklərə, təpkilərə baxmayaraq, Teymur Əhmədov heç nədən və heç kimdən çəkinməyərək öz alim sözünü axıra qədər, qətiyyətlə deyib. Burada bir tarixi hadisəni yada salmaq istərdim. Akademik Püstəxanım Əzizbəyova danışırdı ki, ulu öndərimiz Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi təyin olunandan bir qədər sonra məni (yəni - P.Əzizbəyovanı), akademik Cəmil Quliyevi və tarix elmləri doktoru Daniyel Quliyevi yanına çağıraraq bildirdi ki, Bakıda Nəriman Nərimanova heykəl ucaltmaq istəyir. Lakin ermənilər Moskvanın əli ilə buna mane olmaq istəyirlər. Bilirəm ki, N.Nərimanova siyasi cəhətdən etibar göstərilməsi barədə V.İ.Leninin imzası ilə tarixi bir sənəd var. Ulu öndərimiz biz mütəxəssisləri İttifaqın müxtəlif arxivlərinə göndərdi ki, bu tarixi sənədi tapaq. Ondan sonra iki dəfə bizi qəbul etdi. Üçüncü dəfə soruşdu ki, həmin tarixi sənədi tapa bilmişik, ya yox. Biz bu suala yox cavabı verdik. Heydər Əliyev dedi ki, ancaq mən, o sənədi tapmışam. Məhz ondan sonra Bakının ən uca meydanlarının birində Nəriman Nərimanova heykəl ucaldıldı. Daha sonra Heydər Əliyev böyük uzaqgörənliklə Nəriman Nərimanovun büstünü düzəltdirərək onu V.İ.Leninin anadan olduğu Ulyanovsk şəhərinə göndərdi ki, Lenini ziyarət edənlər onun yaxın silahdaşı N.Nərimanovu da ziyarət etsinlər.
Ulu öndərimiz Heydər Əliyevin ən böyük xidmətlərindən biri də odur ki, Azərbaycanın tarixi keçmişini bərpa edib, milli-mənəvi irsini, dəyərlərini özünə qaytarıb, milli adət-ənələrimizi yaşadıb. Bu baxımdan ümummilli liderimiz görkəmli dövlət xadimi Nəriman Nərimanovu mənəvi cəhətdən xalqımıza və dünya ictimaiyyətinə qaytarmağa nail oldusa, eyni vaxtda professor Teymur Əhmədov onun həyat və yaradıcılığını bütün incəlikləri ilə geniş spektrdə xalqın sərvətinə çevirdi. N.Nərimanov kimi görkəmli şəxsiyyətin elmi, ictimai-ədəbi fikirdə yenidən canlanmasına və ucalmasına öz qüdrətli qələmi və gecəli-gündüzlü gərgin əməyi ilə yardımçı oldu. Həmin illərdə ərsəyə gəlmiş “Nəriman Nərimanovun dramaturgiyası”, “Nəriman Nərimanov”, “Nəriman Nərimanovun yaradıcılıq yolu” və digər monoqrafiyalar ədəbi-ictimai fikirdə əsl inqilaba çevrilərək istər elmi, ədəbi, istərsə də geniş oxucu kütləsi tərəfindən hədsiz rəğbətlə qarşılandı.
Professor Teymur Əhmədovun elmi-publisistlik fəaliyyətində yaxın tariximizin taleyüklü məsələlərinin və indiyədək dərindən öyrənilməyən səhifələrinin açılması, köklü şəkildə tədqiqi, elmi ictimaiyyətə və geniş oxucu kütləsinə çatdırılması, eləcə də tarixiliklə müasirliyin vəhdəti aparıcı xəttdir. Onun çoxşaxəli fəaliyyətində dəfələrlə həyat və yaradıcılığına müraciət etdiyi Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Səməd Vurğun kimi düşüncə korifeylərinin dəst-xətti, düşüncə tərzi özünü büruzə verir. Teymur müəllimin tədqiqat əsərlərində Azərbaycan yazıçıları və şairləri ilə yanaşı, Cənubi Azərbaycanda yazıb-yaradan soydaşlarımızın həyat və yaradıcılıqları da müntəzəm yer tutur. Fədakar, inadcıl və yorulmaz ailm və publisistin çoxsaylı əsərlərində, elmi və jurnalist məqalələrində xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinin, ermənilərin iki əsrdən bəri xalqımıza qarşı yürütdüyü işğalçılıq, terrorçuluq və soyqırım siyasətinin mahiyyəti ətraflı şərh və təhlil olunur. Dağlıq Qarabağla bağlı bütün siyasi proseslərin içərisində olan T.Əhmədov ermənilərin və onlara havadarlıq edənlərin törətdikləri cinayətlərin indəyədək yazılmayan və ya gizlədilən konkret faktlar əsasında ifşasına nail olmaqla vətənpərvər ziyalılıq missiyasını şərəflə yerinə yetirir.
Fədakar alim həm də savadlı və milli ruhlu elmi kadrların hazırlanmasında, monoqrafik tədqiqatların elmi redaktəsində məhsuldar əməyi ilə seçilir. Bununla yanaşı, milli mətbuatımızın inkişafına öz layiqli töhfələrini verir. O, həm də yaxşı təşkilatçı, tanınmış redaktor və peşəkar yazardır. “Ata yurdu”, “Vətən səsi”, “Vətən həsrəti”, “Yeni fikir”, “Hikmət” kimi qəzetlərin baş redaktoru, “Elturan” jurnalının məsul redaktoru olmuş Teymur Əhmədov hazırda “Respublika” qəzetinin və “Füyuzat” jurnalının baş redaktoru kimi fəaliyyətini davam etdirir.
T.Əhmədovun iyirmi beş ildən artıq bir dövrü əhatə edən redaktorluq fəaliyyətində “Vətən səsi” və “Respublika” qəzetləri, eləcə də “Füyuzat” jurnalı önəmli yer tutur. Teymur müəllimin baş redaktorluğu ilə 1990-cı il aprel ayının 18-də nəşrə başlayan “Vətən səsi” qəzeti məhz zamanın tələblərinə, cəmiyyətimizin təxirəsalınmaz ehtiyaclarına adekvat cavab verən və milli oyanışımızın təkanverici qüvvəsi kimi milli mətbuat tariximizə daxil olmuşdur. Teymur Əhmədovun rəhbərliyi ilə o dövrün vətənpərvər ziyalılarının çalışdığı qəzet sözün həqiqi mənasında siyasi kəskinliyi və vətənpərvərlik ruhu ilə seçilirdi. Qəzet Azərbaycanın milli inkişaf mübarizəsinə qarşı çevrilmiş qəsdlərə, onların icraçısı olan ermənilərə, daxili bədxah qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirir, öz əməli fəaliyyətində milli-demokratik mətbuatın mütərəqqi ənənələrinə, həmyaşıdlarının cəsarətinə arxalanırdı. T.Əhmədov yalnız redaktor kimi təşkilatçılıq işləri ilə kifayətlənməyərək özü bir çox kəskin və cəsarətli məqalələrin müəllifi idi. Həmin dövrdə qəzetin hər sayının 70 mindən artıq bir tirajla çap edilməsi təsdiqləyir ki, o, qısa vaxt ərzində milyonlarla oxucunun rəğbətini qazana və haqqın, ədalətin tribunasına çevrilə bilmişdi. Həmin dövrdə ulu öndərimiz Heydər Əliyevin Ali Sovetin tarixi sessiyasında o vaxtkı respublika rəhbərliyini kəskin tənqid edən çıxışının məhz “Vətən səsi” qəzetində dərc olunması da yuxarıda qeyd etdiyim kimi, baş redaktor Teymur Əhmədovun əsl vətəndaş təəsübkeşliyinin, hədsiz cəsarətinin və rəhbərlik etdiyi mətbu orqanı sözün həqiqi mənasında haqqın və ədalətin carçısına çevirə bilməsinin parlaq təzahürü idi.
“Vətən səsi” qəzetinin 1990-cı il 20 iyun tarixli nömrəsində Heydər Əliyevin “Vaşinqton post” qəzetinin müxbiri David Remniklə müsahibəsi verilmişdi: “Pariya perestroyki” — adlanan müsahibədə Sovetlər ölkəsini uçuruma sürükləyən M.Qorbaçovun qondarma yenidənqurma siyasəti ifşa olunurdu.
1991-ci il fevralın 27-də “Vətən səsi” qəzetinin ilk səhifəsində Xalq deputatı Heydər Əliyevin portretini və Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında çıxışının rus dilində mətnini dərc etmişdi. Burada Heydər Əliyev Qarabağ problemi barədə ciddi tənqidi mülahizəsini söyləyir, vəziyyətdən çıxış yollarını göstərirdi.
Bu məqalələr gərgin ictimai-siyasi dövrdə böyük əks-səda doğurmuşdu. “Vətən səsi” qəzeti və onun baş redaktorunun fəaliyyəti nəzarət altına alınmışdı, xəbərdarlıq edilirdi. Eyni zamanda, Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda ictimai-siyasi hadisələrə müdaxiləsinə və xalqı müstəqillik uğrunda mübarizəyə səfərbərliyə almasına imkan verilmirdi. Heydər Əliyevin hakimiyyətə gəlmək ehtimalının qarşısını almaq niyyəti ilə “Yaş senzi” məsələsini rəsmiləşdirmək istəyirdilər. Belə bir gərgin vaxtda baş redaktor Teymur Əhmədova rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, Naxçıvan MR Ali Sovetinin sədri Heydər Əliyevin “Vətən səsi” qəzetinə ünvanlanmış məktubunun və təcili teleqrafla göndərdiyi xəbərlərin dərc edilməsi (Bax: “Vətən səsi” 25 oktyabr 1991-ci il), sonra Naxçıvan MR Ali Məclisinin qərarının və mətbuat mərkəzinin xəbərlərinin qəzet səhifələrində müntəzəm verilməsi (Bax: “Vətən səsi” 30 oktyabr 1991-ci il; “Vətən səsi” 9 noyabr 1991-ci il) ölkə Prezidentinin tapşırığı ilə qəzetin baş redaktorunun dərhal işdən çıxarılması ilə nəticələndi.
Lakin Teymur Əhmədov “Vətən həsrəti” qəzetini təsis edib çəkinmədən mübarizəsini davam etdirdi. 1993-cü il mayın 14-də “Vətən həsrəti” qəzeti Naxçıvan MR Ali Məclisinə qədim ata-baba yurdunu tərk edib didərgin düşən qaçqın və köçkünlərin adından ünvanladığı müraciətdə görkəmli ictimai-siyasi xadim, nadir şəxsiyyət Heydər Əliyevin ad günü münasibətilə təbrik edir və inamla yazırdı: “Başı müsibətlər çəkmiş Azərbaycan xalqının tam azadlığı, bütövlüyü, istiqlaliyyəti və müstəqil dövlətçiliyi uğrunda mübarizədə Sizin çəkdiyiniz böyük zəhmətlər hədər getməyəcəkdir. Biz Sizin qələbənizə, vətənimizin gələcəyinə, Azərbaycan vətəndaşlarının xoşbəxt sabahına inanırıq”.
“Vətən həsrəti” qəzeti 1993-cü il 18 iyun tarixli nömrəsində Heydər Əliyevin Azərbaycan Respublikasının Milli Məclisində Ali Sovetin sədri seçilməsini “Xalqın iradəsinin bariz ifadəsi” kimi qiymətləndirdi, müdrik ictimai-siyasi xadimin “səfərbər əsgər, qeyrətli oğul kimi mübarizə meydanına atılmaq əzmini” alqışladı. Həmin müraciətdə əminliklə bildirilirdi ki, Heydər Əliyevin sessiyada “hamını birliyə, müdrikliyə, qanunun aliliyinə hörmət bəsləməyə” çağırışına xalq əməli işi ilə cavab verməyə hazırdı”.
“Vətən həsrəti” qəzeti öz səhifələrində Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini müntəzəm işıqlandırırdı.
Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin sərəncamı (“Vətən həsrəti” 23 iyul 1993-cü il), Heydər Əliyevin siyasi portret cizgiləri haqqında oçerk (“Vətən həsrəti” 20 avqust 1993-cü il), onun Azərbaycan Respublikası Prezidentinə namizədliyi barədə “Pəmbək Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin xalqa müraciəti (“Vətən həsrəti” 24 sentyabr 1993-cü il) açıq-aşkar göstərir ki, qəzet Heydər Əliyevin siyasi kursunun tribunası missiyasını imkanı daxilində yerinə yetirmişdir. “Vətən həsrəti”nin mövqeyi baş redaktor Teymur Əhmədovun möhkəm əqidəsi, qətiyyəti və mübarizliyi barədə tam təsəvvür yaradır. O, çətinliklə, təqib və təzyiqlərə baxmayaraq, daima haqqın tərəfdarları olub, öz prinsiplərinə sadiq qalıb və bu yolda mübarizəsini davam etdirmişdir.
Bütün bu müsbət keyfiyyətlər Teymur Əhmədovun Prezident Administrasiyası İşlər İdarəsinin təsisçisi olduğu “Respublika” qəzetinə rəhbərlik etdiyi dövrdə özünü daha qabarıq şəkildə büruzə verir. On beş ildir ki, “Respublika” qəzetinin baş redaktoru vəzifəsində uğurla çalışan Teymur müəllim bu mətbu orqanı Azərbaycanın sayıb-seçilən, nüfuzlu nəşrlərindən birinə çevirməyə nail olub. Mən Teymur Əhmədovu yaxından tanıyan bir şəxs kimi elmi fəaliyyəti ilə yanaşı, onun peşəkar jurnalistliyini, yüksək təşkilatçılıq bacarığını və redaktorluq fəaliyyətini çox yüksək dəyərləndirirəm. O, çox zəhmətkeş, istəyinə doğru inad və qətiyyətlə gedən və qısa vaxtda ona nail olan, özünə və digərlərinə qarşı tələbkar bir şəxsdir. Qəzetin simasını onun baş redaktoru müəyyənləşdirir. Bu baxımdan “Respublika” qəzetinin müstəqil Azərbaycan dövlətinin ən nüfuzlu, oxunan qəzetlərindən biri kimi tanınması, 15 illik nəşri dövründə qazandığı bütün nailiyyətlər ilk növbədə məhz tanınmış redaktor və gözəl publisist, professor Teymur Əhmədovun adı ilə bağlıdır. O yaxşı və peşəkar redaktordur. Öz ətrafına peşəkar jurnalistləri toplamağa nail olmuş Teymur müəllim bu mətbu orqanın yaşadığımız müasir dövrün ən aktual çağırışlarına cavab verməsi üçün əlindən gələni edir, eyni zamanda öz gözəl publisist qələmi ilə bu gün də jurnalistlərə nümunə göstərir. “Respublika” qəzeti ölkəmizin aparıcı mətbuat orqanlarından biri olaraq Azərbaycanda və dünyada baş verən ictimai-siyasi, iqtisadi, mədəni və digər proseslərin önündə gedərək öz səhifələrində daim bu prosesləri ətraflı işıqlandırır. Dövlətimizin uğurlu daxili və xarici siyasəti, 1993-2003-cü illərdə ulu öndərimiz Heydər Əliyevin ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi möhtəşəm işlər, milli neft strategiyasının mahiyyəti, onun reallaşdırılması üçün gedən proseslər, bu müdrik siyasi kursun 2003-2011-ci illərdə Azərbaycanın və regionumuzun yeni parlaq lideri Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsində uğurla davam etdirilməsi qəzetin aparıcı mövzularıdır. Qəzetin səhifələrində qanunlar, fərmanlar, eləcə də digər notmativ akt və sənədlər müntəzəm dərc olunur, onların şərhi verilir.
Professor Teymur Əhmədovun milli mətbuatımızdakı tarixi ənənələrin yaşadılması, bu ənənələrin işığında mətbuatımızın müasir ruhlu alovlu tribunaya çevrilməsində əvəzsiz xidmətləri var. XX əsrin əvvəllərində ictimai-siyasi, ideoloji, ədəbi estetik fikir tariximizdə bütöv bir mərhələ təşkil edən “Füyuzat” jurnalının 100 illik fasilədən sonra məhz Teymur Əhmədovun redaktorluğu ilə yenidən nəşrə başlaması tarixi hadisə kimi dəyərləndirilməlidir. Təsadüfi deyil ki, T.Əhmədovun təşəbbüsü və çağırışı ilə Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri hazırda redaksiya ilə sıx əməkdaşlıq edir, beləliklə, jurnal tarixi ənənələrimizin müasir şəraitdə yaşadılması, davam etdirilməsi, daha da zənginləşdirilməsi missiyasının öhdəsindən uğurla gəlir.
Teymur Əhmədov yaradıcı alim və qəzet redaktoru kimi yalnız bu işlərlə kifayətlənmir. Onun təşəbbüsü və tərtibçiliyi ilə dörd cildlik “Heydər Əliyev və mətbuat” (redaktoru və ön sözün müəllifi Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev), üç cildlik “Heydər Əliyev və mədəniyyət”, dövlətimizin başçısı İlham Əliyevin bir illik prezidentlik fəaliyyətinə həsr olunmuş sanballı əsərlər, regional inkişaf Dövlət Proqramı ilə bağlı kitab və oxucu kütləsi üçün zəruri olan digər nəşrlər işıq üzü görüb. Teymur müəllimin təşəbbüsü və bilavasitə istirakı ilə çap edilən “Kim kimdir” və “Azərbaycan yazıçıları” ensiklopedik məlumat kitabları isə həm elmi-ədəbi ictimaiyyət, həm də geniş oxucular üçün son dərəcə faydalı mənbələrdir.
Hazırda Prezident Administrasiyası İşlər İdarəsinin təsisçisi olduğu “Respublika” qəzetinin və “Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu”nun təsisçilərindən biri və həmin fondun nəşri “Füyuzat” jurnalının baş redaktoru olan professor Teymur Əhmədovun çoxillik səmərəli fəaliyyəti, milli mətbuatımızın inkişafındakı əvəzsiz xidmətləri dövlətimiz və bir sıra beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Milli mətbuatımızın inkişafındakı xüsusi xidmətlərinə görə “Tərəqqi” (2000), “Tərəqqi” (2005) medallarına, “Veteranlara həmrəyliyə” medalına, “Yusif Məmmədəliyev adına medal və mükafatına”, Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına mükafatına, iki dəfə Ukrayna Azərbaycanlıları Konqresinin diplomuna, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının 1-ci dərəcəli diplomuna, “Ustad” ali jurnalistika mükafatına və 2010-cu ildə “Azerbaydjan i zakonnost” beynəlxalq ictimai-siyasi və hüquqi qəzeti tərəfindən “2010-cu ilin adamı” diplomuna layiq görülmüşdür.
Bütün bu müsbət keyfiyyətlər Teymur Əhmədovun yalnız fədakar alim-tədqiqatçı və istedadlı redaktor kimi deyil, həm də bir şəxsiyyət olaraq ən uca zirvəyə yüksəlməsinin əlamətidir. Mən Teymur Əhmədovu zəhmətkeş, cəsarətli, dost yolunda canından belə keçməyə hazır olan mükəmməl və təmiz bir insan, şəxsiyyət kimi tanıyıram və bu keyfiyyətlərinə görə ona qibtə edirəm. Professor Teymur Əhmədov öz fundamental araşdırmaları, tədqiqatları, saysız-hesabsız elmi-publisistlik məqalələri ilə Azərbaycan ədəbiyyatını daha da zənginləşdirmiş və onu filologiya elmi zirvəsinə yüksəltmişdir. Fərəhli haldır ki, Teymur Əhmədov öz elmi yaradıcılığını və redaktorluq fəaliyyətini bu gün də həmin gənclik ruhu və həvəsi ilə davam etdirməkdədir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Omrun_uch_zirvesi_Alim_redaktor_sexsiyyet-913845

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR