Ukraynanın Jitomir şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi açılıb

Ukraynanın Jitomir şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi açılıb
11:13 24 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Ukraynanın Jitomir şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə silsilə tədbirlər keçirilib. Ukrayna Azərbaycanlılarının Həmrəyliyi Konqresinin təşəbbüsü ilə keçirilən tədbir Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı ilə yadda qalıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları altında başlayan tədbirdə Ukrayna Ali Radasının deputatları, Azərbaycan səfirliyinin işçiləri, Jitomir Vilayət Dövlət Administrasiyasının nümayəndələri, diaspora və media təmsilçiləri iştirak ediblər.
Tədbirə qatılanları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edən Jitomir Vilayətindəki Azərbaycan Həmrəyliyi Konqresinin sədri İlqar Məmmədov və Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq soydaşımız və həmvətənlimizin respublikamızla əlaqələrini möhkəmləndirmək, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Tədbirdə Ukrayna Ali Radasının deputatları Sergey Melniçuk, Natalya Veselova, Borislav Rozenblat və digər rəsmi şəxslər çıxış edərək Azərbaycan ilə Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən söz açıblar. Qarşıdan gələn Yeni il və həmrəylik günü münasibətilə Azərbaycan xalqına xoş və səmimi arzularını çatdırıblar.
Jitomir şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını iki dost ölkə arasında mühüm hadisə adlandıran S.Melniçuk deyib: “Mən çox şadam kı, bizə dost və qardaş olan Azərbaycan dövləti inkişaf edərək dünyada öz layiqli yerini tutub. Əminəm ki, bölgənin lider dövlətinə çevrilən Azərbaycan tezliklə öz ərazi bütövlüyünü bərpa edəcək”
Sonra tədbirə qatılan qonaqların iştirakı ilə Jitomir şəhərində yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub. İştirakçılar Jitomir Azərbaycanlılarının Həmrəylik Konqresinin təşəbbüsü ilə açılan mərkəzdə yaradılan şəraitlə tanış olublar.
Qeyd olunub ki, Azərbaycanın qədim və zəngin mədəniyyətini özündə qoruyub yaşadacaq bu mərkəz, ölkələrimiz arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirlməsində müstəsna rol oynayacaq.
Tədbirdə Ukraynanın Xalq Artisti Qurban Abbasovun ifasında şən və həzin mahnılar səsləndirilib .




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ukraynanin_Jitomir_seherinde_Azerbaycan_Medeniyyet_Merkezi_achilib-913881

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR