Nazir: "Azərbaycanı ittiham etmək yolverilməzdir"

Nazir: "Azərbaycanı ittiham etmək yolverilməzdir"
13:19 24 Dekabr 2015
14 Sosial
Ölkə mətbuatı
A- A+

 "Xəzər dənizinin Qazaxıstan tərəfində hələ də Sovet dövründən qalma quyular istismar olunur. Həmin quyular hər hansı hadisə baş vermədən də Xəzərin çirklənməsinə səbəb olur".

APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov SOCAR-ın "Günəşli" yatağının 10-cu dərin özülündə baş verən qəza nəticəsində Xəzər dənizinin çirklənməsinə dair fikirlərə münasibət bildirərkən deyib. O bildirib ki, dənizdə normadan 3-4 dəfə çox kondensat qalıqları ilə çirklənmə var, ancaq bu, ciddi təhlükə yaratmır: "Ləkələr də, uzağı 2 kvadrat kilometr sahəni əhatə edir".


Nazir qəza nəticəsində Azərbaycan tərəfini ittiham edən Xəzəryanı bölgələrə də cavab verib: "Qazaxıstanda istismar olunan Sovet dönəmindən qalma quyulardan bizdə də var, ancaq az saydadır. Maraqlısı budur ki, normal sayılan neft quyularının axıntısı, fəlakət baş verən zaman əmələ gələn axıntıdan çoxdur. Yəni, demək olmaz ki, hər şey əladır, amma müqayisəli yanaşmalıyıq. Xəzərin şimalında, şərqində fəlakət nəticəsində dənizin çirklənməsinə görə Azərbaycanı ittiham edən ölkələrin özləri belə quyulardan istifadə edir. İndi necə olur ki, 20-dən çox insanın həlak olduğu, iqtisadi ziyan dəyən bir ölkəni Xəzər dənizinin çirklənməsində ittiham edəsən? Halbuki, özləri fəlakət olmadan belə, ekologiyaya, dənizə bu qədər ziyan verir. Bu baxımdan Azərbaycanı ittiham etmək yolverilməzdir".

Nazir əlavə edib ki, bu hadisədə ekologiya üçün fövqəladə bir hadisə baş verməyib: "Hətta neft ləkəsinin suda yayılmasının qarşısını almaq məqsədilə BP və SOCAR tərəfindən məhdudlaşdırıcı qurğulardan da istifadəyə cəhd edildi, lakin dağıntı çox az olduğundan effektsiz oldu, ehtiyac qalmadı". 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226410

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR