Sınaq ağır olsa da, yolumuz uğurdur

Sınaq ağır olsa da, yolumuz uğurdur
13:23 24 Dekabr 2015
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Emosiyaların çulğalandığı, hisslərin tarıma çəkildiyi və eyni zamanda, apatiyanın yarandığı bir dönəmin olduğunu deyirlər.
Deyirlər ki, manat qiymətdən düşdü, qiymətlər fantastik dərəcədə artdı, iqtisadiyyat böhrandadır.
Sosial şəbəkələrdə girəvəçilər həmişə olduğu kimi, indi də məqamı fürsət sayaraq aktivləşiblər. Tənqid kimi qələmə verilən bədbinlik, apokaliptik açıqlamalar, az qala dünyanın sonunun çatdığını söyləyənlər.
Nə olub? Nə baş verib?
Manat ilin əvvəlindən bəri dəyərini 80 faiz itirib.
Razıyam, ağır durumdur, cəmiyyətdə nigaranlıq, çaşqınlıq yaranıb.
Amma bu durum ümidsizlik deyil.

Barbam video, sed philosophum non video

Qədim Roma arxaikasının bilisicisi Avl Gelliyin yazdığına görə, Afinada yüksək rütbəyə və nüfuza malik İrod Attikanın yanına günlərin bir günü uzun, pırtlaşıq saçlı, əynində cırıq tunika olan birisi gəlir, yemək pulu istəyir. İrod ondan kim olduğunu soruşanda həmin şəxs saymazyana şəkildə söyləyir: "Zahiri görünüşüm aşkar şəkildə filosof olduğumu göstərirsə, belə sual vermək yersizdir".
İrod gülümsəyir və söyləyir: "Pırtlaşıq, uzun saqqalı görürəm, amma filosofu görmürəm". Fəqət o, həmin adama bir aylıq ruzi pulunu verməyi tapşırır: "Bir insan kimi ona görə yox  - insan olduğumuz üçün bizə görə..."
Azərbaycanda manatın devalvasiyasından sonra narazı olduqlarını göstərmək üçün ölkəni az qala "ağır cinayət"lərdə suçlayanların yazdıqlarını oxuyanda məhz İrodun dediklərini xatırladım.
Sözlər var, çılğınlıq var, emosiyalar da mövcddur - amma arqument yox, yalan həqiqət kimi qələmə verilir.
Manatın dəyər itkisini Azərbaycan iqtisadiyyatının çöküşü, son illər ərzində görülən işlərin uğursuz sonluğu, hakimiyyətin yürütdüyü siyasətin qarşıya qoyulan məqsədlərə çatmadığı kimi göstərənləri mən də, siz də yaxşı tanıyırıq.
Həmin o kəslərdir ki, ölkədə yaşanan bütün işləri yalnız pessimistcəsinə dəyərləndirir, uğurları əsla görmür və görmək istəmir, Azərbaycanın durumunun daha da pisləşməsini istəyirlər.
Mazoxistcəsinə davranışlarını özləri də anlayırlar, hətta "Biz niyə, nəyə sevinirik?" tipli müzakirələr də aparırlar sosial şəbəkələrdə.
Onların "sevinc"ləri anlaşılandır.
1994-cü ildən bəri bütün təzyiqlərə, geosiyasi və iqtisadi pressinqə rəğmən Azərbaycan heç bir ölkənin satellitinə çevrilmədi, şimal və ya cənubdan göstərişlər formasında gələn "məsləhətlər"in fəsadını anladığından müstəqil siyasət yürütdü, ölkənin daxili işlərinə qarışmaq üçün bütün vasitələrə əl atan Qərbin imperativ qismində səsləndirdiyi amiranə çağırışların effektivliyini heçə endirdi.

Ona inanırlar

Azərbaycan indi növbəti sınaq dönəmindədir.
Belə sınaqlarda insan, siyasət, cəmiyyət, dövlət batini xüsusiyyətlərini aşkarlayır, impozant təsir bağışlayan məqamların, əslində, reallıq olduğunu göstərmək imkanları əldə edir, yürütdüyü siyasətin praqmatlığını ortaya qoyur. 
Sınaq dönəmində həqiqətlər aşkarlanır.
O həqiqətlərin əsası isə Azərbaycanın dövlət başçısı İlham Əliyevin ölkəni idarə etməsidir.
Sözün əsl, həqiqi, real mənasında.
Azərbaycan postsovet məkanındakı bir sıra ölkələr kimi, müyyən geosiyasi güc mərkəzlərinin sosial və siyasi eksperimentlərini sınadığı məkana, vətəndaşların kütlə sayıldığı poliqona çevrilmədi.
Bu gün 54 yaşı tamam olan prezident hakimiyyətdə olduğu illər ərzində çox sınaqlardan keçib və indi hakimiyyət, cəmiyyət, dövlət iqtisadi problemlərin ağırlaşdığı, daha doğrusu ağırlaşdırıldığı şəraitlə üzbəüzdür.
Gözlənilən kimi, ölkənin və cəmiyyətin ən çətin anlarında vətəndaşlar yenə ondan, dövlət başçısından qərarlar gözləyirlər.
Ona inanırlar.
Onun bu dəfə də sınağın öhdəsindən gələcəyinə şübhə etmirlər.
Azərbaycan Mərkəzi Bankının sədrindən tutmuş, nazirlər, millət vəkiləri, hətta icra hakimiyyətlərinin başçıları belə, manatın indiki durumunda suçlanırlar.
İnsanlarımız pərişanlıqlarının səbəbkarını axtarırlar, tapmağa çalışırlar.
Fikir verin: bu günlər ərzində prezidenti kimsə suçlamadı.
İlham Əliyev postsovet məkanındakı bir sıra prezidentlər təki, yalnız hakimiyyətin yox, xalqının, dövlətinin başçısıdır.
Dövlətin qayğılarını çəkən, xalqını təsirlərdən və təzyiqlərdən qoruyan bir insan.
İnkişaf etməkdə olan ölkələrin çoxunda prezidenti ən yaxşı halda dövlət qoruyur, xalq da ona etimad etməyə çalışır və ya bunun görüntüsünü yaradır.
Azərbaycanda situasiya fərqlidir: dövlət İlham Əliyevi qoruduğu təki, o da dövləti qoruyur və fikrimcə, prezidentin hakimiyyətə gəldiyi ilk gündən bəri fəaliyyəti onun öhdəsinə düşən yükün dövlət institutları ilə müqayisədə daha ağır, daha çox olduğunu göstərdi.

İlham Əliyev xalqını qoruduğu kimi, xalq da onu hifz edir.
Çünki inanır, fəaliyyətinə və siyasətinə şübhə etmir.
Subyektivizm kimi səslənə bilər, anlayıram. Lakin indiki durumda, xüsusilə də bu gün reallığı söyləməyə, yazmağa daha kəskin ehtiyac duyulur.
Nədən ki, 1930-cu illərdə ABŞ-da yaşanmış "Böyük Depressiya"nı, 1998-ci ilin avqustunda Rusiyanın üzləşdiyi defolt təhlükəsini indi Azərbaycana yaşatmaq istəyirlər. 
Belə vəziyyətdə insanlarımız ümidlərini ABŞ-a, Avropa Birliyinə, Rusiyaya, Türkiyəyə, İrana, müxalifətə və ya siyasətlə ictmai fəaliyyət arasında hələ də seçim edə bilməmiş adamlara yox, məhz İlham Əliyevə bağlayıblar.
Dünya iqtisadiyyatındakı proseslərdən bixəbərlərin, Azərbaycan iqtisadiyyatının yalnız neft və qaz satışlarından asılı olduğunu düşünənlərin bütün səylərinə rəğmən, xalq liderinə inanır.
İlin əvvəlindən bəri manatın 87,6 faizlik dəyər itkisi, əhalinin alıcılıq qabiliyyətinin kəskin şəkildə azalması, dükanlarda bahalaşma faktdır.
Bunu kimsə təkzib edə bilməz.

Ətrafa diqqətlə baxaq

Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, nüfuzlu iqtisadçılar, məşhur analitiklər yekdil fikirdədir: Azərbaycan manatını hələ ötən ilin sonlarında devalvasiya etməli, ABŞ dolları və avroya olan kursu dəyişməliydi.
Bəli, razıyam - etməliydik.
Amma İlham Əliyev tələsmədi. Devalvasiyanın mənfi fəsadlarının olacağını o, hər birimizdən yaxşı bilirdi və məhz buna görə də manatın dəyər itkisinə səbəb olacaq qərarın qəbulunu maksimum dərəcədə təxirə salırdı.
Dünya bazarlarında xam neftin qiymətinin çox yox, 1 barel üçün 48-50 dollar səviyyəsində qalması yetərli idi ki, Azərbaycanda manatla bağlı kəskin qərar qəbul olunmayaydı. Çətin, iqtisadiyyat üçün yük olsa da, hakimiyyət bunu edəcək, dövlət addımını atacaqdı. 
Fəqət, illüziyalar aləmində, fentezi məkanında yox, Cənubi Qafqazdayıq.

O məkanda ki, vətəndaş müharibəsinin qanlarının dizə qalxdığı Suriyadan 1400, İŞİD-in şərinin yayıldığı, terrorun gündəlik və rutin hadisəyə çevrildiyi İraqdan ondan da az bir məsafədəyik.
Var olduğumuz bölgədəki müharibələr, münaqişələr, böhranlar, geosiyasi güclərin maraq savaşları, böyük dövlətlərin mənafe toqquşmaları, üstəlik qlobal miqyasdakı böhranlar, dünya iqtisadiyyatındakı geriləmə, ABŞ-ın "dikbaş ölkələri ram etmək" üçün yeni "neft strategiyası" adlandırdığı, əslindəsə neftin ucuzlaşmasına yönəlmiş taktikası, Avropa Birliyinin postsovet məkanında təsir imkanlarını artırmaq üçün hədsiz dərəcədə fəallaşması - müsbət sayıla biləcək bir proses də yoxdur.
Belə şəraitdə Azərbaycanın təhlükəsizliyinin təminatı, həddən artıq təhlükəli çağırışlara sinə gərmək, mümkün riskləri azaltmaq, hərbi və geosiyasi müstəvilərdə ölkəyə qarşı yönəlmiş hücumların qarşısını almaq asan deyil.
İlham Əliyev bunu bacardı və indi də dövlətin, xalqın təhlükəsizliyinin təminatının qarantıdır.
Əsas vəzifə kimi bunu gördüyünü dəfələrlə bəyan edib və xalq da bəyanatları anlayışla, inamla qarşılayıb.

Bahalaşma islahatları şərtləndirir

Prezident dünən dedi: "Maksimum dərəcədə çalışacağıq ki, bu qaçılmaz qərarın mənfi təsirlərini azaldaq, ilk növbədə, islahatların dərinləşməsi hesabına. İnzibati tədbirlər görülür və görüləcək. Süni bahalaşmaya yol verənlərə qarşı çox ciddi tədbirlər görüləcək, cəza tədbirləri tətbiq ediləcək ki, heç kim bu vəziyyətdən sui-istifadə etməsin, möhtəkirliklə məşğul olmasın. Əgər belə faktlar olarsa, çox ciddi tədbirlər görüləcək və bu vəziyyətdən sui-istifadə etmək istəyənlər peşman olacaqlar".
Konkret, ən mühümü isə ünvanlı açıqlamadır. Yaranmış vəziyyətdən mənafelərinin təminatı üçün istifadə etməyə çalışanlar, daha da varlanmaq istəyənlər ağır cəzalarını alacaqlar.
Ölkənin çətin sınaq dönəmində olduğu zamanda heç bir məmur öz maraqlarını xalqın mənafeyindən üstün tuta bilməz və bunu ağlına da gətirməməlidir.
Əksinin olması, rüşüvətxorluq və korrupsiya kimi dəyərləndirəcək əməllərin edilməsi bilavasitə dövlət başçısının siyasətinə qarşı çıxmaqdır.
Dövlətin başçısı bunu dedi.
Böyük güclər barədə həqiqətləri söyləməkdən çəkinən kiçik dövlətlərin rəhbərlərindən fərqli olaraq, İlham Əliyev Azərbaycanı kiçik saymır və kimsəyə də bunu məsləhət görmür.

"Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin təbii-iqtisadi əsasları yoxdur. Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayıb. Templər bir qədər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti birdən-birə il ərzində üç dəfə düşsün. Mən şəxsən hesab edirəm ki, bu, düşünülmüş siyasətdir. Bu siyasətin məqsədi də heç kim üçün sirr deyil. Sadəcə olaraq, Azərbaycan bu vəziyyətdən əziyyət çəkir", - söyləyən dövlət başçısı dünya neft bazarındakı proseslərin təbii yox, süni olduğunu, əvvəlcədən hazırlanan və indi həyata keçirilən ssenari üzrə atılan addımlar olduğunu söylədi.
Eyni zamanda o, ölkədə makroiqtisadi sabitliyin təminatı, manatın devalvasiyasının vətəndaşlara və iqtisadiyyata mənfi təsirlərinin minimuma endirilməsi üçün fəaliyyət planının gerçəkləşdiriləcəyini də vurğuladı.
Nədən ki, İlham Əliyev, sadəcə, dövlət başçısı yox, Azərbaycanın müstəqil siyasətinin, Bakının kimsədən asılı olmayacağının, xalqın hakimiyyətə inamının, ən mühümü isə bizlərə "yaşamağı öyrətmək" istəyənlərə müqavimətimizin simvoludur.

2008-ci ildə Azərbaycanı qanlı savaş təhlükəsindən qurtaran, 2011-ci ildə müsəlman ölkələrini xaosla sürükləyən "ərəb baharı" adlı avantüranın Azərbaycanda da tətbiq olunmasına imkan verməyən, ən nəhayət 2012-ci ildən bəri Avropa Birliyi ölkələrində tüğyan edən ağır iqtisadi böhranın postsovet məkanına yayılmasından sonra ölkəmizi də bahalıq və işsizlik məngənəsinə salmasının qarşısını alan məhz İlham Əliyev idi.

2005-ci ilin əvvəllərindən bəri ölkəyə tuşlanmış təhdidlərə, təhlükələrə məhz o sinə gərdi və cəmiyyətidə də belə təsəvvür yarandı ki, belə qayğısız, rahat yaşam əbədidir, istisnasız olaraq bütün böhranlar bizdən yan keçəcək.
Fəqət, "neft erası"nın sonu çatdı və bu, Azərbaycana da təsir etdi.
Hakimiyyəti neft pullarından "qeyri-effektiv şəkildə istifadə etmək"də suçlayanlara obyektiv reallığı görməyə mane olan məsələlərin nələr olduğu bəlli: hamilər, rəhbərlər, rejissorlar onlara məhz belə davranmağı, məhz bu məcrada çılğınlıq etməyi tapşırıblar.

Amma həmin şəxslərdən soruşmaq istərdim ki, gərçi reallıq hissini tam itirməyiblərsə, onda son illərdə Azərbaycanda həyata keçirilən infrastruktur layihələri, böyük proqramları görməmək, tikilən yollar, sənaye müəssisələri və məktəblərdən tutmuş, inzibati və yaşayış binalarınadək minlərlə obyekti hesaba almamaq mümkündürmü?!
İqtisadiyyatın qeyri-neft sektoru inkişaf edir. Amma bu, az qala hər şeyin Azərbaycanda istehsal olunmasının gərəkdiyi anlamına gəlməməlidir: belə düşüncə tərzi absurd olmaqla yanaşı, bisavadlıqdır.
Dünyanın heç bir ölkəsi ixracı minimuma endirərək yalnız yerli istehsalla yaşamır. 
Azərbaycanın elektrotexniki məhsullar, kompüterlər, ağır maşınqayırma məmulatları, texnologiyalar istehsalı üçün 10-13 il ərzində gərəkli zəmin hazırlayaraq normal ölkələrin ən azı 50-70 ilə keçdikləri yolu qısa zamanda qət edə biləcəyimizi düşünənlərin arqument bazasının nədən ibarət olduğunu hələ də kimsə anlamır.
İllüziyalara qapılmaq olar, amma həmin illüziyalar düşüncə tərzinə çevriləndə şüurun kliniki əyləclənməsi başlanır. Əfsuslar olsun ki, "tənqidçi"lər bunu dərk etmək istəmirlər.

Neft pullarını hara xərcləndiyini müzakirə edirlər? Buyurun, edin.
Amma son 12 ildə Azərbaycan kimi kiçik ölkədə çox böyük layihələrin həyata keçirildiyini, Sovetlər Birliyi dağılandan sonra viran qoyulmuş yerli sənaye müəssisələrinin perspektivli olanlarının tam rekonstruksiya olunduğunu, qeyri-effektiv sayılan müəssisələrin yerində yeni istehsal məkanlarının yaradıldığını da unutmamaq gərək.
Yeni qəsəblələr, kəndlər salınıb, istənilən ölkə iqtisadiyyatının "şah damarı" sayılan yollar yenilənib, nəqliyyat infrastrukturu Avropa səviyyəsinə çatdırılıb, ölkənin ərzaq təhlükəsizliyi təmin olunub.
Və təbii ki, nöqsanlar, çatışmazlıqlar, rüşvətxor məmurlar, süni inhisar yaradılması cəhdləri, dövlətə meydan oxumaq istəyən qüvvələr də var.
Onların da tam zərərsizləşdiriləcəyi vaxta çox qalmayıb.
Sadəcə, vaxt gərəkdir. 10-13 il ərzində bütün problemləri yalnız Tommazo Kompanellanın əsərlərindəki personajlar həll edə bilər, utopis sosialistlər belə vədlərlə çıxış edərlər.

Azərbaycan öz yolu ilə gedəcək

Azərbaycan hakimiyyətini "suçlayan"lar bəyəm Yunanıstan iqtisadiyyatının dilənçi durumuna düşəcəyini, İsveç və Norveçin neft fondlarının pullarını xərcləməyə başlayacaqlarını, on illərdən bəri sürətlə inkişaf edən Çində maliyyə və sənaye istehsalında böhranın başlayacağını, Latın Amerikası ölkələrinin hiperinflyasiya girdabına düşəcəyini, Suriya və İraqın itirilmiş dövlət halına düşəcəyini, Ukraynanın Krımı və şərq vilayətlərini itirəcəyini, "Taliban"la İŞİD arasında didişmələrin Orta Asiya ölkələrini təhdid altına alacağını, ABŞ və İranın düşmən dövlətlərdən bir sıra məsələlərdə hətta müttəfiqlərə çevriləcəklərini, Rusiyanın "qüdrətli, Böyük Rusiya" arzusunu reallaşdırmaq üçün geosiyasi ekspansiyaya düşəcəyini təxminləyə bilərdilərmi?
Əsla.
Belədirsə, Azərbaycan hakimiyyətinin siyasətini bir daha təhlil etmək və son illərdə optimal xarici siyasət kursunun yürüdüldüyünü, daxili siyasətdə də ön planda məhz insan amilinin durduğunu etiraf etmək gərəkdir.
... "Mən ümid edirəm ki, neftin qiyməti bu cür aşağı səviyyədə çox qala bilməz, qalxacaq və qalxdıqca manatın məzənnəsi də qalxmalıdır. Ancaq bir daha demək istəyirəm ki, biz bu amili kənara qoymalıyıq. İqtisadi liberallaşma, azad, sağlam rəqabət, xoşagəlməz halların aradan götürülməsi, korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizənin aparılması, iqtisadi islahatlar - bax, budur bizim yolumuz. Biz bu yolla gedirik, amma daha da sürətlə getməliyik və gedəcəyik. Bir daha demək istəyirəm ki, Azərbaycan öz yolu ilə gedəcək".


İlham Əliyev dünən belə dedi.
Azərbaycan məhz öz yolu ilə gedəcək, indiyədək həyata keçirdiyi layihələrin birini də dayandırmayacaq, eyni zamanda ölkədəki süni inhisarçılıq, korrupsiya ilə mübarizəni daha da gücləndirəcək.
Bu, bizim yolumuzdur.
Asan olmayacaq, amma sonu uğurdur.
Mən inanıram.
İlham Əliyevə inandığım üçün.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/392755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR