Qazaxda Xalq Yazıçısı Yusif Səmədoğlunun 80 illik yubileyi qeyd olunub

Qazaxda Xalq Yazıçısı Yusif Səmədoğlunun 80 illik yubileyi qeyd olunub
13:53 24 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Qazax, 24 dekabr, AZƏRTAC
Qazaxda rayon icra hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının birgə təşkilatçılığı ilə Xalq Yazıçısı Yusif Səmədoğlunun anadan olmasının 80 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Ədəbiyyat Muzeyində keçirilən tədbirdə əvvəlcə yazıçının həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
AYB Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal yubiley tədbirini açaraq qeyd edib ki, Xalq Yazıçısı Yusif Səmədoğlu həyatı boyu həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətində azərbaycançılıq mövqeyində durub, azadlıq, demokratiya, müstəqillik duyğusu ilə yaşayıb. Y.Səmədoğlu XX əsr Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutaraq, həyata, gerçəkliyə fərqli münasibəti, dünyagörüşü ilə seçilib. Milli mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından onun əsərlərinin dəyəri çox böyükdür.
Gənc şair Taleh Mansur çıxışında bildirib ki, Y.Səmədoğlu yaradıcılığında Vətən sevgisi güclü olub və onun əsərləri azərbaycançılıq ideyası əsasında qurulduğundan hər dövr üçün aktualdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialının tələbələri Şəfəq Məmmədova və Kübra Əhmədli Y.Səmədoğlunun yaradıcılığından danışıblar.
Tədbirdə Qazax Dövlət Dram Teatrı aktyorlarının ifasında Xalq Yazıçısının səhnələşdirilmiş əsərindən bir parça təqdim olunub. Gənc aşıq Samir Cəlaloğlunun ifasında Xalq Şairi Səməd Vurğuna həsr edilmiş şeirlərə səslənən saz havaları alqışlarla qarşılanıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qazaxda_Xalq_Yazichisi_Yusif_Semedoglunun_80_illik_yubileyi_qeyd_olunub-913942

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR