Psixoloq: “İnsanlar güzəştə getməyi bacarsaydılar...”

Psixoloq: “İnsanlar güzəştə getməyi bacarsaydılar...”
14:04 24 Dekabr 2015
22 Sosial
Ölkə mətbuatı
A- A+

“İnsanlar güzəştə getməyi bacarsaydılar, dünyanın hər yerində sülh, firavanlıq olardı. İlk növbədə, kim güzəştə gedir və kimə güzəştə gedilir? Öz güvəni az, qarşıdakı insanın bilik səviyyəsinin yüksək olduğunu düşünənlər güzəştə getməyi bacarırlar. Kiçik səhvlərə yol verən, eyni zamanda təcrübəsiz olan insanlara da güzəştə gedilə bilər. Yeni həyata atılmaq üçün yeni bir şans vermək olar. Psixoloji baxımdan güzəştə getməklə bağışlamaq eyni anlayışlar deyil. Güzəştə getmək daha sadə anlam daşıyır, bağışlamaq isə mürəkkəb bir prosesdir. Bağışlamaq üçün psixoloji analiz etmək lazımdır. Güzəştə getmək ani anda düşünmədən baş verir. Bağışlamaq üçün müəyyən zaman tələb olunur”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişinin qonağı, psixoloq Gülər Məmmədova deyib.

 

Qonaq bildirib ki, yalnız müəyyən tip insanlar güzəştə getməyi bacarırlar. Psixoloqun sözlərinə görə, daim güzəştə gedilən uşaqlarda ərköyünlük yaranır. Bu isə onların gələcək həyatında müəyyən sıxıntılara gətirib çıxara bilər: “Güzəştə getmək xüsusiyyəti uşaqlıqdan formalaşır. Uşağın tərbiyəsində qüsurlara yol verilibsə və buna rəğmən, güzəştə gedilirsə, sağlam şəxsiyyət yetişə bilməz. Bu ərköyünlüyə gətirib çıxarır və orta məktəb dönəmində müəyyən problemlər yaradır. Uşaq hər kəsdən güzəşt gözləyir. Ailə quranda da güzəştə öyrəşən insanlar çətinlik çəkirlər. Ailə daxilində yaranan problemlərin ilk səbəbi güzəştə gedə bilməməkdir. Qarşılıqlı anlaşmanın pozulması böyük mübahisələrə gətirib çıxarır. Nəticədə boşanma baş verir”.

 

G. Məmmədova qeyd edib ki, yeni mühitə adaptasiya ola bilməyənlərə mütləq güzəştə getmək lazımdır. Genderlər arasındakı münasibətə gəldikdə isə, psixoloq bu məsələdə qadınların daha mühafizəkar olduğunu bildirib: “Qarşılıqlı anlaşma deyilən bir konsepsiya var. Amma təəssüf ki, bunu hər kəs anlamır. Hər bir insanın davranışları onun xasiyyətindən xəbər verir. Ailə tərbiyəsi, ətraf mühit də təsiredici amillərdir. Bütün bu mövzuların kökündə yenə də ailə tərbiyəsi dayanır. Xüsusilə, vurğulamaq istərdim ki, ailəyə yeni gələn insan mühitə adaptasiya olunana qədər onun təcrübəsizliyini görməzdən gəlmək lazımdır. Əgər sui-istifadə olarsa, yenə də şans vermək lazımdır. Yaş faktoru da nəzərə alınmalıdır. Son zamanlar qadınlar kişiləri anlamazdan gəlirlər. Eqolarına qalib gələ bilmədiklərinə görə, güzəştə getməyi arxa plana atırlar. Gender aspektindən yanaşsaq, kişilərin və qadınların rolları hələ də bəlli deyil. Ziqmund Freyd uzun illər araşdırmalar apardı, amma “Qadınlar nə istəyir” sualına cavab tapa bilmədi. İndi başqa sual yaranıb – “Kişilər nə istəyir””.

 

Psixoloqun sözlərinə görə, güzəştə getmək nə qədər müsbət xüsusiyyət olsa da, bəzən mənfi təsirləri də olur: “Çox güzəştə getmək sui-istifadə hallarına gətirib çıxarır. Bir çox insanlar var ki, onlara təzyiq göstərmək lazımdır. Onların üstünə qışqırmamaq, acılamamaq, mümkün deyil. Ələxsus, qadınlar. Elə qadınlar var ki, hər şeylə razılaşırlar. Bəzi qadınlar isə tənqid olunmaqla özlərini inkişaf etdirməyə meyllidirlər. Güzəştləri sağlam şəkildə qəbul etməyi bacarmaq lazımdır. Bu zaman ətrafdakı insanlarla münasibətlərdə daha az problem yaşanar”.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226413

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR