Manatın devalvasiyasından sonra ölkədə qiymətləri süni artıran şəxslər barədə tədbirlər görüləcək

14:23 24 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Manatın devalvasiyasından sonra fürsətdən istifadə edib süni şəkildə heç bir obyektiv əsas olmadan satdığı məhsulların qiymətlərini qaldırmağa çalışanlara qarşı Azərbaycan hökuməti, müvafiq qurumlar tərəfindən tədbirlər görüləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlama verib.
Baş nazirin müavini deyib ki, bu tədbirlər qanun çərçivəsində aparılacaq: “Çalışmaq lazımdır ki, Azərbaycan vətəndaşları əlavə əziyyət çəkməsin, yaranmış vəziyyətdə sıxıntı keçirməsin. Obyektiv olaraq qiymətlərdə baş verən artımlara gəldikdə isə güman edirəm ki, bu, o qədər də böyük olmayacaq. Xüsusilə də yerli istehsalla əlaqədar olan məhsulların qiymətlərində ciddi artım olmayacaq. Ola bilsin ki, bu məhsulların bəzi komponentləri xaricdən gətirilir və onların gətirilməsi üçün xarici valyutadan istifadə olunur. Qiymət artımı da yalnız o dərəcədə ola bilər", - deyə Ə.Əhmədov bildirib.
Baş nazirin müavini əlavə edib ki, manatın dollara olan məzənnəsinin enməsi ilə əlaqədar olaraq təbii ki, dərmanların qiymətlərində dəyişikliklər aparılacaq və məzənnəyə uyğunlaşdırılacaq. Azərbaycanda dərman preparatlarının qiymətləri dövlət tərəfindən tənzimlənir. Hökumətin qarşıya qoyduğu məqsəd ondan ibarətdir ki, Azərbaycan vətəndaşları bir sıra hallarda dərmanların qiymətlərində müşahidə olunan süni qiymət artımlarından əziyyət çəkməsinlər. Eyni zamanda, Azərbaycana dərman idxal edən sahibkarlar da ziyana düşməsinlər.
Ə. Əhmədov qeyd edib ki, dərmanların qiymətləri ilə bağlı optimal bir variant işlənib hazırlanacaq. Dərmanların qiymətlərinin süni surətdə şişirdilməsinə imkan verilməyəcək. Manatın məzənnəsinin aşağı düşməsinə uyğun şəkildə qiymətlər yenidən müəyyənləşdiriləcək və heç kim ziyanda qalmayacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Manatin_devalvasiyasindan_sonra_olkede_qiymetleri_suni_artiran_sexsler_barede_tedbirler_gorulecek-913956

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR