Manatın devalvasiyasından sonra süni qiymət artımının qarşısını almaq üçün Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə tədbirlər görür. Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
Nazirin sözlərinə görə, nazirlik kənd təsərrüfatı yaramarkalarının həm sayını, həm də həcmini genişləndirmək niyyətindədir: “Yarmarkaların sayını artırmaqla məhsulların dolayı yolla deyil, birbaşa bazara çıxışını təmin etməyə çalışacağıq ki, kimsə bu yaranmış vəziyyətdən istifadə edərək süni qiymət artımına yol verməsin.
Bu, prezident tərəfindən müvafiq strukturlar qarşısında qoyulan ən əsas məsələlərdən biridir. Biz də çalışacağıq ki, alternativ bazarlar təmin etməklə süni qiymət artımının qarşısını alaq”.
H.Əsədov devalvasiyanaın yerli istehsala birbaşa deyil, dolayı yolla təsir etdiyini deyib. Onun sözlərinə görə, idxal olunan məhsullar xarici valyuta ilə daxil olduğuna görə, burada birbaşa təsiri hesablamaq mümkündür. Yerli istehsala gəlincə, burda müəyyən məqamlar var. Yəni, bu məhsulun qarşılığında, bu məhsulu sataraq hansısa məhsul almalıdır".
Lakin nazir devalvasiyanın yerli istehsalda qiymət artmalı olması demək mənasına gəlmədiyini də deyib. Çünki, istehsal olunan məhsulların maya dəyəri keçən ildən qoyulub.