“Ulu öndər Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda konfrans

“Ulu öndər Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda konfrans
15:33 24 Dekabr 2015
73 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 24 dekabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Ulu öndər Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda konfrans keçirilib.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, konfransı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Azərbaycan xalqının milli həmrəyliyinin və yekdilliyinin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan parlamenti tərəfindən dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib.
Dövlətin xaricdə yaşayan soydaşlarımızın sosial-iqtisadi maraqlarının müdafiəsi, beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquqlarının qorunması üçün gördüyü tədbirlərdən danışan rektor qeyd edib ki, Ümummilli Liderin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi və güclü diasporumuzun yaradılması siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir.
“Dünya azərbaycanlılarının həmrəyliyi və Azərbaycan iqtisadiyyatı” mövzusunda məruzə ilə çıxış edən universitetin iqtisad fakültəsinin dekanı, dosent Teymur Abbasov deyib ki, Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının doğma yurdudur. Dünyanın bir çox ölkələrində məskən salmış soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi heyrətamiz uğurlarla fəxr edirlər.
Ali təhsil ocağının Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev “Ulu öndər Heydər Əliyev və Dünya azərbaycanlılarının həmrəyliyi” mövzusundakı məruzəsində dahi liderin azərbaycançılıq, dövlətçilik ideyalarının təbliği, vətənpərvərlik ruhunun möhkəmlənməsi istiqamətində gördüyü misilsiz işlərdən danışıb.
Konfransda iqtisad fakültəsinin akademik məsləhətçisi Ruhəngiz Əliyevanın “Gənclik və həmrəylik”, tələbələrdən Nəsrin Əliyevanın “Heydər Əliyevin iqtisadi inkişaf strategiyası”, Ülvi Quluzadənin “Dünya azərbaycanlılarının həmrəyliyi tələbələrin gözü ilə” mövzularında məruzələri dinlənilib.
Məruzəçilər milli mənəvi özünəqayıdışın, birliyin rəmzi olan həmrəylik bayramının 24 illiyi münasibətilə konfrans iştirakçılarını təbrik edərək, xoş arzularını bildiriblər.
Konfransın sonunda universitet tələbələri tərəfindən hazırlanan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş qısametrajlı film nümayiş olunub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_onder_Heyder_Aliyev_ve_dunya_azerbaycanlilarinin_hemreyliyi_movzusunda_konfrans-913986

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR