Ekspert: "Minsk qrupu Qarabağ münaqişəsinin nizamlanması prosesini stimullaşdırmır, əksinə ləngidir"

Ekspert: "Minsk qrupu Qarabağ münaqişəsinin nizamlanması prosesini stimullaşdırmır, əksinə ləngidir"
15:47 24 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 dekabr. REPORT.AZ/ "ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini stimullaşdırmır, əksinə ləngidir". Bunu "Report"a açıqlamasında rusiyalı politoloq, tarix elmləri namizədi Oleq Kuznetsov bu yaxınlarda Berndə baş tutan dövlət rəhbərlərinin görüşünü və Dağlıq Qarabağ münaqişəsi kontekstində ilin yekunlarını şərh edərkən deyib.
"2015-ci ildə münaqişənin nizamlanmasının taleyi, fikrimcə, daha da qeyri-müəyyən oldu. Dekabrın 19-da Berndə Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sarqsyan arasında keçirilən görüş növbəti dəfə məni belə düşünməyə məcbur etdi. Tərəflərin və iştirakçıların bütün rəsmi bəyanatları və onların ümumi fikri hər şeyin növbəti dəfə gələn ilə təxirə salındığını göstərir", - deyə O.Kuznetsov bildirib.
O bu görüşün yekunlarına dair ATƏT-in Minsk qrupunun "prezidentlər ağır silahlardan istifadəyə görə, xüsusən dinc əhali arasında itkilərin olmasından narahatlığını ifadə edib" bəyanatını yaydığını xatırladıb: "Sanki ATƏT-in Minsk qrupunda heç kim Ermənistan və Azərbaycanın 25 ildir müharibə şəraitində yaşadığını, Dağlıq Qarabağ və digər işğal olunmuş yeddi Azərbaycan rayonunda cəbhə xəttini keçdiyini, daim tərəflərin ön mövqelərdə kəşfiyyat apardığını və bunun bir əsrin 1/4 hissəsi müddətində getdiyini bilmir".
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun rəsmiləri prezidentlərin görüşünü təşkil etməklə yalnız növbəti il üçün özlərinin zəruriliyini və fəaliyyətlərinin davam etdirilməsi üçün maliyyə vəsaitinin ayrılmasına ehtiyac olduğunu göstərib.
"2014-ci ildə aparılan intensiv danışıqlar və onların nəticələri Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində - rəsmi Yerevanın öz məlumatına görə, 46 mindən çox şəxsi heyət və 5 min ədəddən çox hərbi texnika cəlb edilməklə - keçirdiyi genişmiqyaslı hərbi təlimlərlə heçə endi. Başqa sözlə, sülhdən söhbət düşən kimi rəsmi Yerevan silahları işə salır və danışıqlar bir il təxirə salınır, bununla da Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı "yuxarılar"dakı növbəti görüşə qədər uzadılır. Bu baxımdan ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini stimullaşdırmır, əksinə ləngidir. Bu amil isə Azərbaycan ictimaiyyətində qıcıq doğurur", - deyə ekspert hesab edir.

Xəbərin orijinal ünvanı: http://report.az/analitika/ekspert-minsk-qrupu-qarabag-munaqisesi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR