Məşhur diktor: "Xəbəri efirdə oxuyanda qışqırdım, ürəyim getdi..." - FOTO

Məşhur diktor: "Xəbəri efirdə oxuyanda qışqırdım, ürəyim getdi..." - FOTO
16:12 24 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Onu uşaqlıqdan tanıyıb sevmişik. Qeyri-adi səsi, mükəmməl diksiyası ilə hər kəsi özünə valeh edib. İllər keçsə də, nə səsi, nə də xarici görünüşü dəyişib.

Azərbaycan Milli Televiziyasının məşhur diktoru, məlahətli xanım Tamilla Ələkbərovanın evində qonaq olduq.
 
Milli.Az bildirir ki, publika.az-a müsahibə verən Tamilla xanım  keçmiş fotoları qarşımıza töküb, xatirələrə baş vurdu...
 
- Hər zaman efirimizin bəzəyi olan Tamilla xanım  indi hardadır, nə işlə məşğul olur?
- Hazırda nəvəmə baxıram. Sağ olsunlar, efirlər də məni verilişlərinə dəvət edir, gedirəm. İnsanların mənə olan münasibətindən çox razıyam, hara gedirəmsə, qucaqlayıb bağırlarına basırlar.
 
- Bildiyimizə görə, diktorluq fəaliyyətinizə 18 yaşınızdan başlamısınız. Bu təsadüf idi, yoxsa zərurət?
- Mən onda Pedaqoji İnstitutun kimya-biologiya fakultəsində  oxuyurdum. Bir neçə adam auditoriyaya gəldi və mən də daxil olmaqla, 4-5 nəfəri seçdilər. Sonradan öyrəndik ki, həmin adamlar televiziya işçiləridir və efir üçün diktor seçirlər. Atamın bu işə razılıq verməyəcəyini bildim. Çünki o, çox mühafizəkar insan idi. Müsəlman adət-ənənələrinə riayət edərdi. Evdə bu xəbəri anama deyəndə o, məni sakitləşdirdi. Atamdan xəlvət televiziyaya getdim. Ora çatanda dəhşətə gəldim. Televiziyanın qapısından tutmuş indiki Şəhidlər Xiyabanına qədər uzun bir növbə vardı. Sonradan bildim ki, diktorluq müsabiqəsindən keçmək üçün 800 adam gəlibmiş. Cavan qız idim, əlimə bir mətn verdilər ki, oxuyum. Onu həm rus, həm Azərbaycan dilində oxumalıydım. Rus məktəbini bitirdiyim üçün rusca mətni rahat oxudum, amma Azərbaycan dilində mətni ölə-ölə başa çatdırdım. Axırda mənə dedilər ki, görkəmin də, səsin də efirə uyğundur, ikinci mərhələyə gələrsən. Ordan uça-uça çıxdım. İkinci mərhələdən də keçdim. Mənə bir ay sınaq müddəti verdilər. Əmioğlumun dostu da televiziyada işləyirdi. Məni soyadımdan tanıyıbmış. O, əmimoğluna zəng elədi və birlikdə atamın yanına gedib, diktor olmağıma etiraz etməməsi üçün onu yola gətirdilər. Bir ay sınaqdan sonra diktor kimi işləməyə başladım.
 
- İlk efir gününüzü necə xatırlayırsınız?
- Sentyabrın əvvəlləri idi. Gün ərzində nümayiş olunacaq proqramı oxudum. Baş redaktor əlimi sıxdı ki, yaxşıdır, indi də görək, sədr Teymur Əliyev və müavini Ənvər Əlibəyli nə deyəcək...
 
- Yeri gəlmişkən, o vaxt efirə çıxdığınız zaman qadağalar qoyulurdu?
- Əlbəttə. Sədr Teymur Əliyev çox sərt insan idi. Yadımdadır, bir dəfə Roza Cəlilova ilə saçımızı "bobetta" yığmışdıq. İkimizi də çağırıb əsəbi şəkildə danladı. Roza xanım əsəbiləşdi və saçını iki hörük hördü. Mən də saçımı arxadan sadə düzümlə yığdım.
Nəbi Xəzrinin dövründə biz yay-qış uzunqol paltarda efirə çıxardıq. O, bizi qısaqol geymlərdə efirə çıxmağa qoymazdı. 
Oxuduğumuz mətndən kənara çıxa bilməzdik. Mən uzun müddət "Arzu" musiqi poçtu və "Səadət" qadınlar jurnalının aparıcısı olmuşam. Xatırlayıram, Ərəbistandan qastroldan qayıdan Şövkət Ələkbərova verilişə qonaq gəlmişdi. Mən ona "Şövkət xanım" kimi müraciət etdiyim üçün məni bir ay efirdən uzaqlaşdırdılar. Mənə irad tutdular, dedilər, məgər biz bəy-xanım dövründə yaşayırıq?
 
- Əslində, necə müraciət etməliydiniz?
- Sadəcə, "Şövkət" kimi müraciət edib, sualımı ünvanlamalıydım. O vaxt belə şeylərə çox önəm verirdilər.  Yadımdadır, Gülağa Məmmədov "Ötən günlərimi qaytarardılar, gələn günlərimi qurban verərdim" mahnısına görə sədrin kabinetinə çağırılmışdı. Onu danlamışdılar ki, siz hansı günlərin həsrətini çəkirsiniz, bəyəm indi pis yaşayırsınız?
 
- Maraqlıdır, 30 illik diktorluq fəaliyyətiniz dönəmində efirə çıxa bilmədiyiniz zaman olub? 
- Yüksək qızdırma ilə də xəbərləri oxumuşam. Lakin valideynlərim rəhmətə gedəndə 10 gün efirə çıxmadım. Çox cavan yaşında qardaşımı itirdim, onda dəli kimi olmuşdum. Düz 40 gün efirə çıxmadım.
 
- Kişi diktorlardan hansı ilə veriliş aparmaqdan xüsusi zövq alırdınız?
- Hərəsinin öz yeri olub, fərqləndirmək istəmirəm.
 
- Yəqin, efirdən sonra sizə zəng edib, xoş sözlər söyləyənlər olub. Maraqlıdır, nə zamansa təhqir olunmusunuz?
- Xalq cəbhəsi dövründə müsahibə zamanı qara məxmər paltar geyindiyim üçün bir xanım mənə zəng edib təhqir etdi. Çox nalayiq ifadələr işlətdi...  
 
- Nə dedi?
- Dedi, bizim bayramımızdır, sən niyə qara geyinmisən? O söyüşləri dilimə gətirə bilmərəm. Telefon əlimdə quruyub qaldım. Otaqdakılardan bir nəfər telefonun dəsətəyini aldı və soyüşləri eşidib dəhşətə gəldi.
 
- Məşhur olduğunuzun fərqində idiniz?
- Heç vaxt. Həyat yoldaşım o dövrdə idman komitəsinin birinci sədrinin müavini idi. İndiki dillə desək, nazir müavini. Maşınla işə gəlib, maşınla evə gedirdim, heç vaxt öyünmürdüm.
 
- Yeri gəlmişkən, həyat yoldaşınızla harada tanış olmusunuz?
- Yay fəsli idi, işə tələsirdim. "Baksovet" metrosunun yanından qaça-qaça trolleybusa minmək istəyirdim. Bu məqamda APİ-nin bir müəlliməsi ilə qarşılaşdım. Məni təbrik elədi ki, ay Tamilla, biz səninlə fəxr edirik. Onda gördüm ki, bir yaraşıqlı oğlan kənardan məni müştəri gözü ilə süzür. Sözün açığı, onun bu hərəkəti heç xoşuma gəlmədi. Fikrimi dəyişdim, trolleybusa yox, taksiyə mindim ki, bu oğlan dalımca düşməsin. Evə gedəndə gördüm ki, anam mənə şübhəli baxışlarla baxıb gülümsəyir. Dedi ki, sənə elçi düşüblər. Onda da anamın bir rəfiqəsinin alim oğlu məni istəyirdi. Sən demə, rastlaşdığım həmin oğlandan danışırmış. O oğlan da atamın uzaq qohumu idi, evdən deyiblər ki, bu diktor qızı sənə alacağıq. Oğlan da baxıb efirdə məni bəyənməyib, amma sonradan dalımca düşəndə xoşuna gəlmişəm. Gedib evdə deyib ki, həyatda qəşəng qız imiş, elçi gedə bilərsiniz. Sonra bizi tanış etdilər. Onu görənə qədər söhbətin yolda gördüyüm oğlandan getdiyini bilmirdim. Yaraşıqlı oğlan idi, elə görən gündən vurulmuşdum. Beləcə, evləndik.
 
- Eşitdiyimizə görə, çox qısqanc olub?
- Həddən artıq. Həyat yoldaşım məni üç dəfə işdən çıxardıb.
 
- Niyə?
- Birinci dəfə toydan sonra məni işə qoymadı. O vaxt televiziyanın sədri Elşad Quliyev evimizə gəldi ki, niyə bu xanımı efirə buraxmırsan, xəbərlərimiz qalıb havada. Xahiş-minnət, məni işə qaytardı. Sonra uşaqlarımız dünyaya gələndə məni işə qoymadı. Bir dəfə yuxuda Moskva diktoru Anna Şilovanı yuxumda gördüm və başladım qışqırmağa ki, Anna, yalvarıram sənə, ərimi yola gətir, ona efirsiz yaşaya bilməyəcəyimi söylə. Səhəri gün gördüm, qayınanam yoldaşımı o biri otağa çağırıb xəlvətcə deyir ki, sən Allah, icazə ver, Tamilla işə getsin. Əks təqdirdə, bu qız dəli olacaq. Məcbur olub məni işimə qaytardı.
 
- Maraqlıdır, diktorluq fəaliyyətiniz dövründə ən dəhşətli və ən xoş xəbər hansı olub?
- İki xəbərdən sarsılmışam. Biri noyabrın 20-də baş verən təyyarə qəzası və içərisində olan Azərbaycanın tanınmış insanlarının faciəsi, digəri Salatın Əsgərovanın ölüm xəbəri. Salatın qızlarımla eyni məktəbdə oxumuşdu, xətrini çox istəyirdim. Ölümü də ürəyimə dammışdı. Ağdama getməmişdən bir gün qabaq, gecəyarısı zəng eləyib, məni çox istədiyini söylədi. Səhəri gün ölüm xəbərini aldıq. Mən o an efirdə "Günün ekranı" xəbərlər proqramını aparırdım, efir redaktoru yazılı mətni mənə sarı itələdi ki, oxuyum. Heç bilmədim, nə xəbər idi. Görəndə ki, Salatın Əsgərovanın ölüm xəbəridir, efirdə olduğumu unudub, həyəcanla "yox, yox, yox" deyib bayıldım. O an mənimlə bərabər xəbərləri oxuyan Davud tez əlimdəki mətni alıb oxudu. Həmin vaxt məni dərhal efirdən çıxardılar, təcili yardım maşını çağırdılar. İsmət Qayıbovla da ailəvi dost idik, onun və təyyarədə faciəli şəkildə həlak olanların xəbəri də məni dəhşətə gətirmişdi.
 
-  Bəs ən xoş xəbər?
- Ulu öndər Heydər Əliyevin qayıdışı. Həmin ərəfədə ulu öndərdən ilk müsahibəni mən almışdım.
 
- Bu gün efir üçün darıxırsınız?
- Çox darıxıram.
 
- Nə əcəb qızlarınız yolunuzu davam etdirmədi?
- Qızlar özləri istəmədi, həm də ataları razı olmadı. Böyük qızım Nərmin Xarici Dillər Universitetini, digəri isə Universitetin filologiya fakultəsini bitirib. Üç nəvəm var - Aysel, Musa, Fatimə. Nəticəmin adı Həsəndir.
 
- Ay maşallah, heç sizə nənə də demək olmaz, çox cavan görünürsünüz. Bəlkə, belə gözəl qalmağınızın sirrini bizə də açıqlayasınız? Heç plastik əməliyyata müraciət etmisiniz?
- Qətiyyən. İndi bəzi qadınlara baxıram, yanaqlar qalxır, dodaqlar şişir, məndə nə varsa, odur. Heç vaxt paxıl olmamışam, yəqin, cavan qalmağımın sirri bundadır.
 
- Keçmiş həmkarlarınızla aranızda heç problemlər yaşadınızmı?
- Heç vaxt aramızda qısqanclıq olmayıb. Həmişə mehriban olmuşuq. Bu gün də ayda bir dəfə köhnə diktorlar yığışıb oturururq.
 
- Bəs diktorluq fəaliyyətindən qazancınız  nə oldu?
- Hörmət. O gün həkimə getmişəm, hamı yığışıb mənə xoş sözlər deyir. Biz maşın, villa, bağ qazanmasaq da, hörmət qazanmışıq.

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392817.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR