Dünya müsəlmanları Məhəmməd Peyğəmbərin (s.ə.s.) mövludu gününü qeyd edirlər

Dünya müsəlmanları Məhəmməd Peyğəmbərin (s.ə.s.) mövludu gününü qeyd edirlər
16:28 24 Dekabr 2015
58 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, Salihə Əliyeva, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Mövlud ən-Nəbi – Məhəmməd Peyğəmbərin (s.ə.s.) mövludu günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Qurandan ayələr oxunub.
Şeyxülislam hacı Allahşükür Paşazadə bütün müsəlmanları Məhəmməd Peyğəmbərin (s.ə.s.) doğum günü münasibətilə təbrik edərək bildirib ki, islam ənənələrinə görə, bayram Ay təqviminin üçüncü ayına, islamda ən çox ehtiram bəslənilən Rabiul-əvvəl ayının 12-ci gününə təsadüf edir. İslam dininin banisi Məhəmməd Peyğəmbər (s.ə.s.) məhz bu ayda anadan olub və bu ayda vəfat edib.
A.Paşazadə deyib: “2015-ci ildə bayram Azərbaycan Prezidenti İlham Əliyevin doğum gününə təsadüf edib. Azərbaycan xalqı dini mərasim və ənənələri hətta sovet dövründə belə unutmayıb, onlara əməl edib. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ümummilli lider Heydər Əliyev məbədlərin bərpasına və inşasına xüsusi diqqət yetirib. Etiqad azadlığı Azərbaycan Konstitusiyasında təsbit olunub. Hazırda onun kursunu Prezident İlham Əliyev davam etdirir”.
Tədbir iştirakçılarına ümummilli lider Heydər Əliyevin, habelə ailəsi ilə birlikdə Prezident İlham Əliyevin müqəddəs Məkkə şəhərini ziyarət etmələrindən söz açan sənədli film, Heydər məscidinin açılışında Azərbaycan Prezidentinin nitqinin səsləndiyi kadrlar nümayiş etdirilib. Tədbirdə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin iştirak edib.
Bildirilib ki, müstəqilliyini bərpa edən zaman Azərbaycanda cəmi 18 məscid var idi, indi isə ölkədə yüzlərlə məbəd – məscid, kilsə və sinaqoq fəaliyyət göstərir. Bayramın keçirilməsi ənənələri qədim köklərə malikdir. Hazırda mövlud günü yüksək səviyyədə qeyd edilir.
A.Paşazadə xatırladıb ki, Azərbaycan xalqının ümummilli lideri 1993-cü ilin sentyabrında Təzəpir məscidini ziyarət edən zaman çıxışında qeyd edib ki, Məhəmməd Peyğəmbərin (s.ə.s) mövludu və fəaliyyəti dünya tarixində böyük hadisə olub, İslam dininin əsasını qoyub.
Şeyxülislam hacı Allahşükür Paşazadə hamını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Milad və Yeni il bayramları münasibətilə təbrik edib.
Akademik Vasim Məmmədəliyev, İranın Azərbaycandakı səfirliyi yanında İran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini hacı Salman və başqa natiqlər Peyğəmbərimizin (s.ə.s.) böyük missiyasından və mənəvi örnəyindən, müsəlman ümmətinin sıx birləşməsində xidmətlərindən söz açıblar.
Sonra dualar oxunub, ehsan verilib.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dunya_muselmanlari_Mehemmed_Peygemberin_ses_movludu_gununu_qeyd_edirler-914012

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR