Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli VI Ümumi Yığıncağı keçirilib

Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli VI Ümumi Yığıncağı keçirilib
16:33 24 Dekabr 2015
14 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Milli Gimnastika Arenasında "Azərbaycan Gimnastika Federasiyası" İctimai Birliyinin hesabat-seçki xarakterli VI Ümumi Yığıncağı keçirilib.

Trend-in məlumatına görə, yığıncağın gündəliyində duran əsas məsələlər Federasiyanın hazırkı rəhbər heyətinin yenidən seçilməsi və təşkilatın Azərbaycanda gimnastikanın inkişafında gələcək fəaliyyət planı olub.

İclasda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yekdilliklə yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti vəzifəsinə seçilib.

Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəsi müavini Altay Həsənov yenidən Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilib.

Növbəti beş il üçün Federasiyanın İcraiyyə Komitəsinin üzvlüyünə isə Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman Konsert Kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva seçiliblər.

Altay Həsənov yığıncaq iştirakçıları qarşısında ötən dövr ərzində görülmüş işlər barədə məruzə ilə çıxış edib, həmçinin Federasiyanın maliyyə direktorunun hesabatı dinlənilib.

Sonra fərqlənmiş gimnast və məşqçilərə I Avropa Oyunlarında, qitə və dünya çempionatlarında əldə edilmiş nəticələrə görə xatirə medalları təqdim edilib.

Federasiyanın yığıncağı başa çatdıqdan sonra Mili Gimnastika Arenasının əsas zalında "Yeni il gecəsində yuxu" adlı bayram şousu keçirilib.

Gimnastika növləri üzrə yığma komandaların üzvlərinin ifasında Yeni il tamaşasının ssenari müəllifi və tərtibatçısı bədii gimnastika üzrə yığmanın baş məşqçisi M.Vasilyevadır.

Hadisələr sirli Piter Pen personajının ətrafında cərəyan edir. O, şou ərzində gimnastika dünyasına daxil olmağa və öz sevimli Dzin-Dzin pərisini görməyə çalışır.

Rollarda:

Yığma komandaların baş məşqçiləri
Mariana Vasilyeva - bədii gimnastika (pəri)
Nina Pravdina - qadın idman gimnastikası (samurayların başçısı Panda Kunq-fu)
Vladimir Şulikin - batutda tullanma (Rio sakini)
İradə Qurbanova - akrobatik gimnastika (Madaqaskar qəhrəmanı - Qloriya)

Baş rollarda:

Gimnast Ayşən Bayramova (Dzin-Dzin pərisi), xoreoqraflar Kamil Quliyev (Piter Pen) və Leyli Mişina (İva nənə)

Şouda, həmçinin bədii gimnastikanın ulduzu Marina Durunda və gimnastikanın 7 növü üzrə yığma komandaların idmançıları və məşqçiləri iştirak ediblər.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2473766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR