Azərbaycandakı dini icmalardan ABŞ Konqresinə MÜRACİƏT

Azərbaycandakı dini icmalardan ABŞ Konqresinə MÜRACİƏT
17:24 24 Dekabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Qafqaz Müsəlmanları İdarəsi, Bakı və Azərbaycan Yeparxiyası, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturası, Azərbaycandakı Dağ Yəhudiləri İcması, Avropa yəhudilərinin Bakı icması və Alban-udi xristian dini icmasının rəhbərləri ABŞ Konqresinə müraciət edib.

 

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd edilir ki, Helsinki Komissiyasının sədri Kris Smitin hazırladığı “Azərbaycanda Demokratiya Aktı” başlıqlı qanun layihəsi baxılması üçün Konqresə təqdim olunub.

 

Müraciətdə qeyd olunur ki, göstərilən qanun layihəsində Azərbaycanda dini etiqad azadlığı ilə əlaqədar yer almış yanlış mülahizələrə dair narazılıqlarını bildirir və bunu ölkəmizdə mövcud olan dini tolerantlıq mühitinə qarşı qərəzli kampaniya kimi qiymətləndirirlər: “Bizi təəccübləndirən başlıca amil - cari il ərzində Azərbaycana ABŞ-ın siyasət, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin çoxsaylı heyətlərinin gəlməsinə və dini etiqad azadlığı sahəsində real vəziyyətlə tanış olaraq çox yüksək qiymətləndirilməsinə baxmayaraq, dönüşdən sonra fikir dəyişdirərək ölkəmizdəki mövcud gerçəkliyi əks etdirməyən belə sənədin Kapitoliyə təqdim olunmasıdır”.

 

Müraciətdə vurğulanır ki, tarixən Azərbaycanda ənənəvi dini icmalar - müsəlman məscidləri,  xristian pravoslav, katolik, alban udi kilsələri, yəhudi sinaqoqları fəaliyyət göstərmişdir və bu gün də öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirməkdədir: “Ölkənin müsəlmanlara məxsus 800-dən artıq məbədlərində ibadət edən sünnilər və şiələr birlikdə namaz qılırlar ki, bu faktın özü dünyaya örnək ola biləcək məzhəb birliyinin nadir nümunəsidir. Ümumən bu gün Azərbaycanda qədim alban udi kilsələri ilə yanaşı pravoslav və katoliklərin 12 kilsəsi, 6 yəhudi sinaqoqu mövcuddur. Dövlət tədbirlərində, dini bayram və mərasimlərdə biz birlikdə iştirak edirik. Dövlətin mənəvi dəstəyi və maddi yardımı sayəsində yüzlərlə dini ibadət ocaqları, məscidlər, kilsələr, sinaqoqlar inşa və təmir edilərək dindarların istifadəsinə verilmiş, dini konfessiyaların ehtiyacları təmin olunub. 2014-cü ildə dövlət başçımızın müvafiq Fərmanı ilə Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Ölkədə son illər keşirilmiş Dünya dini liderlərinin konfransları, Bakı prosesi adlanan multikulturalizm forumları mövcud olan tolerantlıq mühitinin bariz nümunələridir. Azərbaycanda başqa dinlərə mənsub insanların inanclarına hörmətlə yanaşılır. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar Bakının mərkəzində yerləşən erməni kilsəsinin öz fəaliyyətini dayandırmasına baxmayaraq, həmin məbəd də dövlət tərəfindən təmir və bərpa edilmiş, ona məxsus kitablar və atributlar qorunub saxlanılıb. Hətta  Qriqorian kilsəsinin qoruyucusu erməni millətindəndir. Halbuki  Azərbaycanın işğal edilmiş ərazilərində - Qarabağ və ətraf bölgələrdə məscidlərimiz, ziyarətgahlarımız, kilsələrimiz, qəbristanlıqlarımız erməni qəsbkarları tərəfindən xarabazarlığa çevrilmişdir. Biz çox təəssüf edirik ki, hörmətli konqresmen hazırladığı sənəddə  ibadət imkanlarından məhrum olan Qarabağ dindarlarının pozulmuş insan haqları barədə heç bir söz demir. Sizə təqdim olunan qanun layihəsində göstərilir ki, Azərbaycanda Baptist, Yeddinci gün adventistləri, “Pentecostals” nümayəndələri leqal statusa malik deyillər və guya acınacaqlı vəziyyətdədirlər. Bununla bağlı bildirmək istəyirik ki, ölkəmizdə bu cərəyanların nümayəndələri icma deyil, fərdi şəkildə fəaliyyət göstərirlər və onlar icma şəklində təmsil olunmaq üçün müvafiq  icra strukturlarına müraciət etməlidirlər. Bu hal əksər dövlətlərin qanunvericilik praktikasında mövcuddur. Əgər söhbət Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərdən gedirsə, sual olunur – hansı ölkədə müvəqqəti yaşayan şəxslərə onların etiqadına uyğun icmalar və yaxud məbədlər yaradılır? Göstərilən layihə mətnində işarə olunur ki, Azərbaycanda guya çoxlu sayda dini məhbus mövcuddur. Birmənalı şəkildə bəyan edirik ki, həmin şəxslər dini fəaliyyətlərinə görə deyil, əksinə dini şüarlardan sui-istifadə edərək terrorizmə çağırış, dövləti silah gücünə çevirməyə cəhd kimi radikal və ekstremist təmayüllü hərəkətlərinə görə azadlıqdan məhrum edilmiş cinayətkarlardır”.

Dini icmaların rəhbərləri bildirirlər ki, ölkəmizdə mövcud olan tolerantlıq mühiti sözdə deyil, əməldədir: “Canlı nümunə bu Müraciətin altındakı imzalardır. Biz heç zaman Azərbaycanda dini zəmində qarşıdurma yaşamamışıq və buna yol verməmişik. Sizi Azərbaycan gerçəkliklərinə obyektiv reaksiya verərək, layihənin müzakirəsi zamanı bizim mövqeyimizi də nəzərə almağa və düzgün qərar verməyə çağırırıq! Müraciətimizi Vatikan Dövlətinin və Dünya Katoliklərinin sabiq rəhbəri Roma Papası II İoann Pavelin 2002-ci ildə Azərbaycana səfəri zamanı ölkəmizdə üç səmavi dinə göstərilən qayğıya görə səsləndirdiyi dua ilə bitirmək istəyirik: “Qoy üç böyük din tərəfindən izhar edilmiş bu məhəbbət şahidliyinə görə Yaradana həmd olsun!”.

 

Müraciətə QMİ-nin sədri  Şeyxülislam  Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milih Yevdayev, Avropa yəhudilərinin Bakı icmasının rəhbəri Gennadi Zelmanoviç, Alban-udi xristian dini icmasının sədr Robert Mobili imza atıblar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226450

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR