Fəxriyyə Xələfova: “Hələ də təsir altındayam...”

Fəxriyyə Xələfova: “Hələ də təsir altındayam...”
18:19 24 Dekabr 2015
36 Sosial
Ölkə mətbuatı
A- A+

“Orijinal ideyası olan layihələrin bilavasitə iştirakçısı oluram. Psixoloji baxımdan sosial aksiyalar güclü təsirə malikdir”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova deyib.

 

F.Xələfova ilk dəfə qadın zorakılığına həsr olunmuş sosial aksiyada iştirak etdiyini deyib və bu cür aksiyaların keçirilməsinin vacibliyini vuğrulayıb: “Bu aksiya barədə indiyə qədər danışılır. “Qadına vurma, vurul!” sloqanı ilə təqdim olunan bu sosial layihə çox təsirli alındı. Elə özüm də indiyə qədər təsir altındayam. Layihə məşhur qadınları bir araya gətirmişdi. Onlar zorakılığa məruz qalmış qadınların obrazlarını yaratmalı idilər. Yalnız toplantılarla problemlərə diqqət çəkmək olmur”.

 

Qonağın sözlərinə görə, sosial layihələr gənclər üçün örnəkdir: “İstəyirik ki, gənclər cəmiyyətimizi irəli aparmaq qabiliyyətinə malik kamil fərdlərə çevrilsinlər. Hesab edirəm ki, sosial layihələrə gənclərin cəlb olunması həm də ümumi mühitə təsir edir, pozitivlik artır. Bu da müsbət haldır. Hesab edirəm ki,  məhz bu cür layihələrlə gəncləri müstəqil həyata hazırlamaq lazımdır”.

 

Verilişin digər qonağı, “Addım” Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə də həyata keçirilən tədbirlər barədə məlumat verib: “Öncə onu qeyd edim ki, biz Fəxriyyə xanımla təkcə, qadın zorakılığına qarşı layihədə deyil, tütün əleyhinə festivalda, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Sağlam həyat tərzinin təbliğ olunması ilə bağlı böyük bir festival, sərgi keçirildi. Sevindirici haldır ki, ictimai fiqurlar sosial məsuliyyəti dərk edirlər. Savadlı, düşüncəli insanlar arasında bu işlərə ciddi yanaşanların sayı nə qədər çox olsa, nəticə də bir o qədər çox olar. “Addım” Gənclər Təşkilatı artıq 3 ildir sosial aksiyaları gerçəkləşdirməklə məşğuldur. Avropada və Amerikada sosial məsələləri daha çox vətəndaş cəmiyyəti qabardır. Bizim xoşbəxtliyimiz ondandır ki, dövlət bizə dəstək olur. “Gənclər proqramı”nda nəzərdə tutulan bəndlər var ki, biz onları hər il gerçəkləşdiririk. Məsələn, sağlam həyat tərzinin təbliğ olunması, gənclər arasında maarifləndirmənin gücləndirilməsi və s. istiqamətlər”.

 

Hüseyn Cavadzadə bildirib ki, müasir dövrdə gənclər təşkilatları daha aktiv fəaliyyət göstərməlidirlər: “Sovet dövründən qalan bir stereotip var ki, təşkilatlar yalnız hesabat xarakterli layihələr edirlər. Biz bununla kifayətlənmirik. Əksinə, mövcud imkanlardan istifadə edərək faydalı işlər görməyə çalışırıq”.

 

Qonaq qeyd edib ki, sosial aksiyalara ictimai fiqurların cəlb olunması həm də mövcud problemə diqqət çəkmək məqsədi daşıyır: “90-cı illərdə insanlar xəbərlərə baxmırdılar. Siyasi, iqtisadi xəbərlərə maraq yox idi. Bunu nəzərə alan nəzəriyyəçilər şou-biznes və kino xəbərlərini digər xəbərlərlə birləşdirdilər. Nəticədə insanlar yenidən ekran qarşısına qayıtdılar. Sosial məsələlər də belədir. Diqqət çəkmək üçün  ictimai fiqurların cəlb olunması çox əhəmiyyətlidir”.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226456

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR