Bu elə əsl həmrəylikdir!

Bu elə əsl həmrəylikdir!
19:08 24 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Kiyev, 24 dekabr, AZƏRTAC
Dekabrın 23-də Ukrayna və Azərbaycanın dövlət bayraqları ilə bəzənmiş “Ukrayna evi” paytaxt kompleksinin səhnəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan bayram konserti keçirilib. Tədbir ölkəmizin səfirliyi tərəfindən təşkil edilib.
Hər iki dövlətin himni səsləndiriləndən sonra Azərbaycanın Ukraynada müvəqqəti işlər vəkili Nazim Əliyev tədbirin rəsmi hissəsini açıb. Diplomat həmvətənlərimizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, bütün qonaqları isə Yeni il və Milad bayramı münasibətilə təbrik edib, onlara xoşbəxtlik və firavanlıq arzulayıb.
Ukrayna mədəniyyət nazirinin müavini Andrey Vitrenko Baş nazirinin müavini, mədəniyyət naziri Vyaçeslav Kirilenkonun azərbaycanlılara ünvanlandığı təbrik məktubunu oxuyub. “Ukrayna – sülh və tərəqqi naminə” humanitar maarifləndirmə missiyasının rəhbəri, “Ukrayna irsi” Assosiasiyasının prezidenti İrina Kvasnitsa da azərbaycanlılara təbriklərini və səmimi arzularını bildirib.
Konsert tədbirin rejissoru - “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” Ümumukrayna İctimai Təşkilatına daxil olan Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq Artisti Qurban Abbasov və T.Şevçenko adına Milli Opera Teatrının solisti Y.Kuldırkayevanın ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başlanıb.
Konsertdə Ukraynanın tanınmış artistləri, bu ölkədə yaşayan azərbaycanlı, gürcü, koreyalı, alman, tacik və digər icmaların peşəkar və özfəaliyyət kollektivlərinin nümayəndələri iştirak ediblər. Onların ifasında Azərbaycan, Ukrayna və Avropa bəstəkarlarının əsərləri səsləndirilib, habelə xalq rəqsləri təqdim olunub.
Artistlərə və gecənin aparıcılarına Azərbaycan səfirliyinin fəxri fərmanları, gül dəstələri təqdim edilib.
Tədbirdə səfirliyimizin əməkdaşları, Ukrayna hakimiyyət orqanlarının, Kiyevdə akkreditə olunmuş diplomatik korpusun, şəhər meriyasının nümayəndələri, Azərbaycan diasporunun, Ukraynada yaşayan etnik azlıqların rəhbərliyi və fəalları, ölkənin mədəni elitasının nümayəndələri və başqaları iştirak ediblər.

Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev








Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_ele_esl_hemreylikdir-914126

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR