Naxçıvan şəhərində zabit ailələri üçün yeni xidməti yaşayış binası istifadəyə verilib

Naxçıvan şəhərində zabit ailələri üçün yeni xidməti yaşayış binası istifadəyə verilib
19:58 24 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 24 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikada yerləşən ordu, birləşmə və hərbi hissələrinin maddi-texniki bazası ilbəil möhkəmləndirilir, şəxsi heyət üçün nümunəvi yaşayış və xidmət şəraiti yaradılır. Aparılan quruculuq işləri zamanı zabit ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır, yeni xidməti yaşayış binaları tikilərək istifadəyə verilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 24-də Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan şəhərindəki hərbi şəhərciyində zabit ailələri üçün yeni xidməti yaşayış binası istifadəyə verilib.
Açılış tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov zabit ailələrini yeni mənzillərlə təmin olunmaları münasibətilə təbrik edərək deyib: Ölkəmizdə ordu quruculuğu sahəsində ardıcıl tədbirlər həyata keçirilir, müstəqil dövlətimizin qarantı olan ordumuza hərtərəfli dövlət qayğısı göstərilir. Ordumuz günü-gündən möhkəmlənir, lazım olan silah-sursatla təmin olunur, əsgəri-məişət kompleksləri tikilir, zabit ailələri yeni mənzillərlə təmin olunurlar. Ölkəmizdə dövlət qayğısı ilə yanaşı, həm də ordu-xalq birliyi vardır və dövlət-ordu-xalq birliyi ayrılmazdır. Bunun nəticəsidir ki, hər bir əsgər və zabit həm dövlətimiz, həm də xalqımız tərəfindən hörmət və qayğı ilə əhatə olunmuşdur. Bu gün zabit ailələri üçün istifadəyə verilən yeni yaşayış binası muxtar respublika əhalisinin ödədiyi vergi və dövlət büdcəsinə qənaət hesabına tikilmişdir. Müasir səviyyədə qurulmuş, lazımi mebel və avadanlıqlarla təmin olunmuş binanın tikintisinə 3 milyon manat vəsait sərf olunmuşdur.
Ali Məclisin Sədri deyib: Azərbaycan ordusu regionun ən güclü və inkişaf etmiş ordusuna çevrilmişdir. Ordumuz sərhədlərimizi qorumağa və işğal altında olan torpaqlarımızı azad etməyə hər an hazırdır. Ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər hərbi xidmətə və hərbi təhsilə marağı da xeyli artırmışdır. Bunun nəticəsidir ki, hərbi liseylərə və ali hərbi məktəblərə daxil olan gənclərin sayı ilbəil artır. Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən ordu, birləşmə və hissələrində xidmət edən, eləcə də yeni təyinat almış zabitlərə mənzillərin verilməsi digər hərbi qulluqçuların fəaliyyəti üçün stimul yaradır.
“Zabit o zaman yaxşı xidmət edir ki, onun ailəsinə dövlət qayğısı göstərilsin, yaşayışı üçün lazımi şərait yaradılsın”, - deyən Ali Məclisin Sədri bildirib ki, muxtar respublikada yerləşən ordu, birləşmə və hissələr üçün hər il yeni yaşayış binaları, əsgəri-məişət kompleksləri və digər hərbi obyektlər tikilərək istifadəyə verilir. Bütün bunlar da ordunun möhkəmliyinə xidmət etməklə yanaşı, həm də zabitlərin xidməti borclarını layiqincə yerinə yetirməsinə şərait yaradır. Bu gün zabit ailələri yeni mənzillərə köçürlər. Yeni mənzillə təmin olunmaq hər bir insanın həyatında ən əlamətdar hadisədir. Zabit uzun müddət bir yerdə xidmət etmir. Lakin nə qədər xidmət etməsindən asılı olmayaraq, onun ailəsi hər cür şəraiti olan mənzildə yaşamalıdır. Həmçinin yeni xidməti yaşayış binalarının tikilməsi dövlət tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ayrılan büdcə xərclərinə qənaət olunmasına imkan verir. Çünki yeni binada mənzillə təmin olunan zabitlər müxtəlif yerlərdə vəsaiti dövlət tərəfindən ödənilən evlərdə yaşayırdılar. Bu da müəyyən çətinliklər yaradırdı. Lakin bu gün hərbi şəhərcikdə istifadəyə verilən binada zabit ailələri rahat yaşayacaqlar.
Ali Məclisin Sədri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə muxtar respublikada yerləşən ordu, birləşmə və hissələrdə xidmət edən əsgər, zabit və digər hərbi qulluqçuları, onların ailələrini və tədbir iştirakçılarını təbrik edib.
Hərbiçi ailələri adından minnətdarlıq edən Sədaqət Vəliyeva deyib ki, muxtar respublikada zabit ailələrinin sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır. Bu gün yeni mənzillərin təqdim olunması hərbiçi ailələrinin böyük sevincinə səbəb olub. Həyata keçirilən bu tədbirlər göstərilən dövlət qayğısının daha bir ifadəsidir.
Sonra Ali Məclisin Sədri mənzillərin ordenlərini və açarlarını təqdim edib, açılışı bildirən lenti kəsib.
Məlumat verilib ki, 6 mərtəbəli binada 60 ikiotaqlı, 4 üçotaqlı və 4 dördotaqlı olmaqla 68 mənzil vardır. 4 girişi olan binadakı mənzillərin sahəsi ikiotaqlılarda 62, üçotaqlılarda 77, dördotaqlılarda isə 105 kvadratmetrdir. Bütün mənzillərə lazımi mebel və məişət avadanlıqları qoyulub. Mühəndis-texniki tələblər səviyyəsində inşa olunan binada mərkəzləşdirilmiş istilik sistemi qurulub.
Binanın həyətində də geniş abadlıq işləri görülüb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_seherinde_zabit_aileleri_uchun_yeni_xidmeti_yasayis_binasi_istifadeye_verilib-914152

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR