Milorad Paviçin xanımı: "Bakı “Min bir gecə nağılları”nın New Yorkudur"

Milorad Paviçin xanımı: "Bakı “Min bir gecə nağılları”nın New Yorkudur"
21:27 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bu ay məşhur serb yazıçısı Milorad Paviçin ölümündən altı il keçir. Lakin onun dul xanımı və həmmüəlifi Yasmina Mixayloviç deyir ki, son dərəcə qeyri-adi forma və məzmunlu əsərlər yazmış əri əsla ölməyib. O sadəcə olaraq başqa reallığa köçüb və oradan xanımı ilə əlaqə saxlayır.

Mixayloviç mərhum ərinin "Xəzər lüğəti", "Əbədiyyət və daha bir gün", "Konstantinopolda sonuncu məhəbbət", "Çayla çəkilmiş mənzərə", "Başqa bədən" əsərlərini reallığın yuxu paraleli kimi şərh edir və israr edir ki, onlar hələ də müştərək işləyirlər.

Yazıçı ötən yay özünün avtobioqrafik xarakterli "Xəzər dənizinin sahilində" adlı sonuncu əsərinin təqdimatı üçün Azərbaycana səfər edib. Əsərin adı nəinki Paviçin məşhur kitablarından birini xatırladır, üstəlik burada dəniz Kaspi yox, Azərbaycan dilində olduğu kimi Xəzər adlandırılıb.

BBC Rus xidmətinin əməkdaşı Mixail Poplavski Yasmina Mixayloviçlə, onun Dunay sahilində çox sevdiyi Belqrad restoranında görüşüb. O yazıçıdan "Avroviziya", yuxu ovçuları, ürkək pərəstişkarları və Azərbaycanda nəyin "Xəzər" sayıdlığı barədə soruşub.

BBC: Sizin son əsəriniz olan "Xəzər dənizinin sahilində" kitabında deyirsiniz ki, Bakıda ilk dəfə 2012-ci ildə "Avroviziya" nümayəndə heyətinin tərkibində olmusunuz. Bu nümayəndə heyətinə necə düşmüşdünüz?

Y.M.: Azərbaycan səfiri üçün belə daha rahat idi. O Serbiyanın məşhur qadınlarından ibarət nümayəndə heyətini mahnı yarışına göndərmək istəyirdi. Mən əvvəllər "Avroviziyaya" baxmışdım və xoşum gəlmişdi. Mən Azərbaycan haqqında heç nə bilmirdim və düşünürdüm ki, bu sosialist binaları olan İslam şəhəridir. Lakin mən heyran oldum və heyrətləndim. Bu il mən Bakıda artıq Tbilisidən sonra olmuşam. Orada mənim və ərimin kitabları çıxırdı. Beləliklə, mən Bakını iki ildən sonra bir də gördüm. Bu, New York idi, lakin "Min bir gecə nağılları"ndan olan New York.

BBC: Sizi bu şəhərə nə cəlb edirdi?

Y.M.: Mən küləyi sevirəm. Bakını da ona görə sevirəm ki, orda külək olur. Azərbaycanlılar küləyi sevmirlər, amma mən sevirəm. Mənim üçün əsl şok bu idi iki orada hər şeyi - dənizi, nefti - Xəzər adlandırırlar. Bütün bunlar ürəyimcə idi. Axı mən özümü Xəzər şahzadəsi hesab edirdim. (gülür) İndi də, Gürcüstanda olanda hiss edirəm ki, bu mənim regionumdur. Hərçənd mən Ermənistanda olmamışam. Gürcüstanda pravoslav mədəniyyətidir. Amma Azərbaycana aşiqəm. Mən orda tək Bakıda yox, başqa yerlərdə də olmuşam. Bu qəribə torpaqdır. Orada Serbiyadakı qədər insan yaşayır. Lakin burada dəniz, dağlar - təbiətin xaosu var.

BBC: Bakı öz duyumları ilə Çernoqoriyanın Budva şəhərinə bənzəmirmi? Siz orada dəniz sahilində yaşamısınız.

Y.M.: Yox. Amma burda Serbiyada Vrşats şəhəri var. Orda külək əsir. Karpat küləyi. Bu mənim slavyan vətənimin rayihəsidir. Bakıdakı küləkdə dəniz və dağların qarışığı var. Bu çox qəribə rayihədir, coşdurucudur. Bu rayihə mənə başqa bir mədəniyyətdən xəbər verir. Avrasiyadan. Mən ikinci vətənimin rayihəsini ciyərlərimə çəkmişəm.

BBC: Siz Bakıda olanda, orada sizə Miloradla birlikdə öyrəndiyiniz mifoloji və ya tarixi xəzərlərin mədəni irsini xatırladan nəsə oldumu?

Y.M.: Heçnə. Onlar xəzərlər haqqında heç nə bilmirlər. Hətta Azərbaycan ziyalıları üçün də Xəzər təkcə dəniz deməkdir. Mən onlara dedim ki, mənə 9-cu əsrə aid arxeoloji tapıntıları göstərin. Orda yalnız Azərbaycana aid olanlar vardı. Mən başa düşdüm ki, bu ad təkcə xalq yaddaşında qalıb. Ona görə də Paviç öz romanında Kirill və Mefodinin Xəzər missiyası faktından çıxış edirdi. Bu məcazi mənada idi. Amma Paviç dənizin yerli adını bilmirdi.

BBC: Onda belə çıxır ki, həm sizdə, həm də Miloradda Xəzər ölkəsi mifdir. Bu maddi-tarixi sübutların yoxluğu ilə bağlıdır?

Y.M.: Bəli, axı nə türbələr, nə məbədlər, nə də dil qalıb. Arxeologiyada əsas obyekt kurqanlardır. Heç bunlar da orada yoxdur. Ona görə də yalnız tarixi fakt qalıb ki, xəzərlər iudaizmi qəbul ediblər. Qalanı tapmacadır.

BBC: Xəzərlər bir də Kiyev knyazı Svyatoslavla döyüşdə xatırlanır.

Y.M.: Biz o vaxtlar danışıqların necə başa çatdığı barədə heç nə bilmirik. Biz indi bilirik ki, siyasətçilər Cenevrədə nədən danışıb razılığa gəliblər. Amma o vaxt heç kim bilmirdi. Lakin maraqlıdır ki, Belqradda Paviçə abidəni Azərbaycan biznesmeni qoyub. Moskvada onun abidəsi Xarici Ədəbiyyat Kitabxanasının həyətindədir. Orada o Dante ilə Joyce-un arasındadır. Mən o abidəni şəxsən görməmişəm. Yalnız fotosunu görmüşəm.

BBC: "Avroviziya" müsabiqəsinin yekunları elan ediləndə bir çoxları soruşurdular ki, hardadır bu Avropa. Yəni budur Avropa? Amma çoğrafiyaçılar razılaşdılar.

Y.M.: Mən də razıyam ki, coğrafi baxımdan bu Avropadır. Mən Avropa mədəniyyətini, türk mədəniyyətini görmüşəm. Mənə deyirdilər: "Bu, türk adətidir". Mən deyirdim: "Bilirəm, bizdə də belə adət var". Onlar mənə "bilmirsiniz" deyirdilər. Mən "bilirəm" deyirdim.

BBC: Siz əsərlərinizi azərbaycancaya tərcümə edənlərlə tanışsınızmı?

Y.M.: Yox, amma mənə deyiblər ki, onlar yaxşı tərcümə ediblər.

BBC: Paviç haqda yeni ədəbiyyatşünaslıq işi yazmaq fikriniz varmı?

Y.M.: Mənim yeni layihəm var. Paviç öləndə mən onun oxucularından emaillər almağa başladım. Orada onların yuxularından bəhs olunurdu. Bu emaillər Meksikadan, Fransadan, Gürcüstandan, Rusiya və Rumıniyadan gəlmişdi. Beləcə mənim ağlıma əlyazma ideyası gəldi. Bunlar Paviç haqda yuxulardır. Əsl Paviçin üslübundadır. Mən bunları çap etmək qərarına gəlmişəm, amma hamı elə biləcək ki, mən yazmışam. Lakin bu odur, mənim yuxularımda Paviç, danışır. Bu onun öz romanı olacaq. Bunu o və onun oxucuları yazıblar. Amma həyatın o biri üzündən.

BBC: Sizin müstəqil olaraq yazdığınız kitabları oxuyanda belə bir təəssürat yaranır ki, onları Miloradla birlikdə yazmısınız...

Y.M.: Elədir ki, var. Biz hələ də birlikdə yazırıq, bu sevgidir. Mənim həyatım sürprizlərlə doludur. Lakin mənim indiki həyatımda Paviçlə keçirdiyim illərlə müqayisədə coşqu azdır.

BBC: Bu yuxular toplusu nə vaxt hazır olacaq?

Y.M.: Mən bilmirəm. Bu ciddi antologiyadır. Bu bir sıra dünya şəhərlərini əhatə edən topludur. Bilmirəm, onu necə tərtib etməliyəm. İstəmirəm ki, onu xronoloji ardıcıllıqla qurum.

BBC: Bu kitabı mövzu üzrə hansı qrupa aid etmək olar?

Y.M.: Dil əsasında. Çünki bu yuxularda qəhrəmanlar Paviçin kitablarında olduğu kimi danışırlar. Mən ispanca bilmirəm, amma Google tərcüməsindən mənanı görürəm. Paviç nəsrdə necə idisə, başqa adamların yuxusunda da elədir. Məsələn, teatrda baş verən 20 yuxunu, maskaradda baş verən daha 20 yuxunu ayırmaq olar. İndi məndə müxtəlif dillərdə olan 300 yuxu var. Onları serbcəyə tərcümə etmək lazımdır. Gərək oxuculardan icazə alına. Hələlik bu işin öhdəsindən gəlmək mümkün deyil.

BBC: Burda sizin reputasiyanız özünüzə qarşı çıxacaq. Siz Paviçlə dəqiq tarixi olan o qədər əfsanəvi əhvalat uydurmusunuz ki, oxucular elə biləcəklər ki, özünüz yazmısınız.

Y.M.: Mən əsərə önsöz yazıb orada həqiqəti bildirmək istəyirəm. Amma heç kəs inanmayacaq. Yazacaqlar: "Bu mifləşdirmədir!" Mən serb və dünya ədəbiyyatı fakültəsini bitirmişəm. Bilirəm ki, indiyədək bunu heç kim etməyib.

BBC: Elmi sahəniz də 18-ci əsr ədəbiyyatıdır?

Y.M.: Yox, Paviçdə 18-ci əsr idi. Mən Paviçin əsərləri üzrə ixtisaslaşmışam. Mənim kitablarım utopikdir. Bunlar səyahətnamələrdir, hərçənd bədii yazılıb. Mən həmişə səyahətdən yazmışam. Amma hamısı birdir. Mən Belqrad yaxınlığındakı Pançevdə, Parisdə və ya balaca bir kəndə olsam da bu belə olacaqdı. Həmişə nəsə baş verir.

BBC: Yuxular da səyahətdir?

Y.M.: Yuxular ərazidir. Ezoterik ərazi. İlk dəfə pərəstişkarlarım yazanda mən qorxmuşdum. Çünki məndə Paviçin yuxuları yox idi. Bilmirəm niyə? "Xəzər lüğəti"ndə olanlar yuxututanlardır (romanın xəyali qəhrəmanları). Amma indi bu reallıqdır. Mən belə bir eksperiment apardım: Gürcü qızına yaşlı ukraynalı kişinin yuxularını göndərdim. Əvvəlcə onlar qorxmuşdular. Elə bilirdilər ki, belə yuxuları yalnız onlar görürdülər. Lakin yalnız cəsarətli adamlar cavab reaksiyalarını yazırlar. Onlar anlayırlar ki, yuxututan olublar, lakin onların ilk reaksiyası qorxudur. Paviçin də istədiyi bu idi ki, oxucu həmmüəllif olsun.

BBC: Amma Paviçdə mühüm hadisələrə şərhlər də vardı. O Belqradın NATO tərəfindən bombardmanının ardınca yazmışdı ki, bombalar Dunayı gəmikeçməz edib.

Y.M.: Onun 21-ci əsrin avtobioqrafiyasına aid əsəri var. Onu sevmirdi, amma mən sevirəm. O bir dəfə demişdi: "21-ci əsr elə bir əsrdir ki, burda gərək təqsirsizliyini isbat edəsən. Yoxsa bütün təqsirsizlər, təqsirkar olacaq".

BBC: Amma siz bu əsri sevirsiniz yəqin?

Y.M.: Mən Paviçdən 30 yaş cavanam. Rəqəmsal əsri sevirəm, amma təbiəti də sevirəm. İndi məndə bir qorxu var. Mən son illərdə planetin xərçəngə tutulduğunu hiss edirəm. Bu, iqlim, mənəvi, etik xərçəngdir. Bu, Allahı olmayan planetdir.

Image captionYasmina Mixayloviç Dunaya və Kalemeqdan qalasına bitişik Belqrad rayonu Dorçolu çox sevir

BBC: Hər halda siz gələcəyə nikbin baxırsınız, deyilmi?

Y.M.: Bizim hər birimiz yumurta kimi olmalıyıq. Sivilizasiyadan başlayıb öz şəxsi həyatımıza - musiqiyə, filmlərə, ailəyə getməliyik. Televizorsuz yaşamalıyıq. Mən ideologiyaya inanmıram. "İslam Dövləti" allahsız qalmış gənclərin təşkilatıdır. Onların təkcə müharibə istəyi var. Həm də orada yalnız ərəblər deyil, hətta serblər və ruslar da var! Bu adamlar müharibəyə kökləniblər.

BBC: Elə isə sizə görə Allah nədir?

Y.M.: Milorad da, mən də İsanı sevirdik. Mən Serb və Rus Pravoslav Kilsələrini sevmirəm. Bunlar davakar təsisatlardır. İsanın sözü məhəbbətdən ibarətdir və həqiqət də bundadır. Ona görə də Milorad İsanı nəzərdə tutaraq "Başqa bədən" kitabını yazmışdı. Hamı deyir: "Dirilmə, dirilmə", Xristian kilsəsi isə bəyan edir ki, bu bir mistikadır. Onların öz ritualları, mərasimləri var. Amma Məsih bəşəri sevgidir.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/392896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR