"İstedad" fırtınası...

"İstedad" fırtınası...
00:19 25 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Yaradıcı insan tükənəndə ya özü haqda mif yaratmağa, ya da haqqında yaranmış mifə vurulub yaşamağa başlayır. Yaradıcı adamlar belədir, daima diqqət, qayğı, sevgi axtarır, tapmayanda bunu da uydurur. İstedadlı və həqiqətən yaradıcılığa könül vermiş insanları anlamaq mümkündür. Necə də olsa belələri anadangəlmə reallıq hissini itirib, öz dünyasında yaşamağa alışanlardır. İstedadlı insanların bütün şıltaqlıqları, ərköyünlükləri anlaşılandır. 

***

Eyni hərəkətləri "geydirmə" sənətkarlar edəndə, vəziyyət dəyişir. Bəzən öz cıqqılı istedadını qaldırıb dağ başına qoyanlarla rastlaşırıq. Bax belə adamlar təhlükəlidir. Olmayan istedadını şişirdib gözə soxanlarla dil tapmaq, onları anlamaq çox çətindir. Qarşılaşdığım bu kateqoriyaya aid olan ünsürlər təkbaşına heç nəyə qadir deyil. Onların mütləq tərifə, başqaları tərəfindən təsdiq olunmağa ehtiyacı var. Belələrinin "istedadı" dəstəbazlıqla, qruppazlıqla  daha da çiçəklənir, inkişaf edir. Bu cür "istedad" sahibinin kiçicik də olsa imkan varsa, ətrafına üç-beş səfehi yığıb əfsanəvi şəxsiyyətə çevrilə bilir. Ölkədə belə "istedad" sahibləri üçün münbit şərait var.

Əlləri klaviaturaya çatan kimi ona-buna söz atmağa başlayan bəzi "istedadlar" öz potensiallarının, istedadlarının qısırlığını, dayazlığını və ya kiçikliyini qəbul etmək istəmirlər. Tarixi şərait, siyasi vəziyyət hər zaman onların xeyrinə işlədiyindən bu "gülməşəkərlər" özlərinin anadangəlmə dahi olduqlarını düşünüb, ustalıqla sözün arxasında gizlənirlər. Ta fürsət düşənə kimi...

Klaviatura qəhrəmanlarının "şərəfli" həyat yoluna birlikdə nəzər salaq: Əvvəlcə meydanda olan populyarlara yarınır, sonra bütün vasitələrdən istifadə edib onlarla dost olur, sonra özünə bir balaca yer edib, hamıya təpik atmağa başlayırlar. Belələri həmişə kimlərə isə "lazım olur". Belələrini təriflə aldadıb istifadə edən ağıllı adamlar mütləq tapılır.

Bu tiplər yaranmış fürsətdən istifadə edərək özlərini "yenilikçi", "postmodernist" adlandırıb oxucunun gözünə girməyə çalışır, özünü ətrafındakılara bacarıqlı, qabiliyyətli insan kimi təqdim edir. Bu məqamda vəziyyət qəlizləşir, xülaseyi-kəlam "xiyar əyri bitir".

Oxuduğu kitablardan çıxardığı seçmə cümlələri yazıya çevirib tirajlayan, eyni mövzunu saqqız kimi dartıb uzadan, tapşırılan işin öhdəsindən lazımınca gələ bilməyən, saxta və pafoslu tənqidçi obrazı yaradan bu tiplərin ildə bir məzhəbə qulluq eləməsi göz qabağındadır. Bu adamlar ortaya çıxıb ciddi-ciddi bəyanat verməyə başlayanda, özünü ağıllı göstərəndə, sözün açığı, mənim ürəyim bulanır. Oturub-durub şükr edirəm ki, nə yaxşı bütün bu iyrəncliklərdən heç olmasa 250-300 km uzaqdayam.

Bir-iki qədəhdən sonra sözünü yığışdıra bilməyən, əlinə imkan düşən kimi dost-tanışa arxa çevirən, bir-iki sınıq-salxaq, mahiyyətsiz cümləsini gözə soxan bu kəslərə müxtəlif qəzet künclərində, portallarda rast gələ bilərsiniz. Ad çəkib qanınızı qaraltmaq istəmirəm. Yüngülvari qanqaraçılıq oldu, kifayətdir.

İllərdir müxtəlif və rəngarəng adamlar tanımışam bu mühitdə. Başqalarını istedadsız, savadsız hesab edən, yediyi qaba tüpürən, bütün şərəfsizlikləri göz qırpmadan edə bilən bu insanabənzərlər arasında xeyli vaxt öldürmüşəm, bəlkə bir ton araq içmişəm. Mənfəətləri olmayan yerdə qaçıb kol-kosa dürtülən, məşhurlaşa bilməyəcəkləri situasiyanı öz lehinə çevirməyə cəhd göstərən alayarımçıq qələm adamlarının utanmadan meydan suladıqlarını da çox görüb bu eynəyə möhtac gözlər. Açığı, yorulmuşam...

***

İndi vəziyyət fərqlidir.  Görəsən, devalivasiya "istedadlara" təsir edəcəkmi?

Cəlil Cavanşir
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR