“Futbolçuların çoxunu yaxından tanımırdım” - Mahmud Qurbanov

“Futbolçuların çoxunu yaxından tanımırdım” - Mahmud Qurbanov
02:19 25 Dekabr 2015
42 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin məşqçisi Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi

 

- İlk dəfə U-18 və U-20 milliləri yaradıldı. U-18-in məşq prosesinə siz rəhbərlik edirsiniz. Futbolçuların işə yanaşması sizdə hansı təəssürat yaradır?

- Bu komandanı yaratmaqda məqsəd U-19 və U-21 üçün seçim imkanı yaratmaq, futbolçuları yaxından tanımaq və gələcəkdə onlardan həmin yaş qrupu üzrə millidə istifadə etməkdi. Hazırlıq 5 gün müddətinə nəzərədə tutulub. Məşqlərlə yanaşı, hər komanda 2 oyun keçirməlidi. Artıq U-17 ilə qarşılaşmışıq və 1:3 hesabı ilə uduzmuşuq. Növbəti matçda isə U-20 ilə üz-üzə gələcəyik. Hazırlıq prosesində əsas yığmanın məşq proqramını tətbiq edirik.

 

- Oyun zamanı diqqətinizi çəkən məqam oldumu?

- Açığı, futbolçuların çoxunu yaxından tanımırdım. Tanış olduq, kimin nəyə qadir olduğunu gördük.

 

- Perspektiv vəd edən futbolçu varmı?

- 1-2 məşqlə, 1 oyunla futbolçu haqda fikir yürütmək çətindi. Həm də U-19-la U-21-in məşqçiləri də uşaqlarla yaxından tanış oldular.

 

- U-19-un baş məşqçisi ilə fikir mübadiləsi aparırsınızmı?

- Məşq prosesində U-19-un məşqçiləri Novruz Əzimovla Rauf Mehdiyev də kömək edir. Nazim müəllim də hazırlığı yaxından izləyir. Söhbətimiz də olur. U-21-də isə Elxan Abdullayev, Samir Ələkbərov, Babək Alxasov və Ramiz Əhmədov çalışır. Gələcək üçün konkret nəsə deyə bilmərəm.

 

- Ət yeyən quş dimdiyindən məlumdu. Hər halda, 1-2 məşqdən sonra da müəyyən qənaətə gəlmək mümkündü...

- Problemlər var, bunu danmıram. Amma seçim üçün bu məşqlərlə kifayətlənmək olmaz, futbolçuların oyunlarını daim diqqətdə saxlamaq lazımdı. Az-çox gözəbatan uşaq olanda diqqətdə saxlayırıq və adlarını siyahımıza qeyd edirik.

 

- Bu cür toplanışlar ancaq qış fasiləsi zamanı olacaq, yoxsa başqa vaxtlarda da keçiriləcək?

- İndi boş vaxt var. Çempionatda fasilədi, millinin oyunu yoxdu. Ona görə indiyə saldıq.

 

- U-17-nin oyununu da izlədiniz. Bu komanda gələn il Bakıda keçiriləcək Avropa çempionatının final mərhələsində çıxış edəcək. Komanda sizdə hansı rəy yaratdı?

- U-17 daha yaxşı formalaşmış komandadı. Futbolçular arasında oyun əlaqəsi yaxşıdı, bir-birilərini əla başa düşürlər. Bu milli Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirə turnirinə hazırlaşırlar. Hazırlıq zamanı ardıcıl 2 oyun keçirdilər. U-17 haqda fikrim müsbətdi.

 

- 2020-ci ildə keçiriləcək Avropa Çempionatı üçün bu futbolçulardan istifadə etmək mümkün olacaqmı?

- O yarışa hələ çox var. U-17-də yaxşı uşaqlar var, amma biz bu komandaya baxmırıq. Əsas U-18 və U-20-nin məşqlərinə, oyunlarına diqqət edirik. Yaşından asılı olmayaraq, hər bir futbolçu özünü təsdiq etməlidi. Biz də onlara köməyimizi əsirgəməməliyik. Amma axtarışlarımızı da davam etdirməliyik.

 

- Başa çatmaqda olan 2015-ci il Azərbaycan futbolu üçün nə ilə yadda qaldı?

- Seçmə mərhələni uğurla başa vurmadıq. Amma bu il keçirilən oyunları nəzərə alsaq, milli pis təsir bağışlamadı. Həm oyun, həm də nəticə baxımından irəliləyiş oldu. Klublarımızın yarışına gəldikdə, bu dəfə iki klubumuzun qrup mərhələsinə vəsiqə qazanmasını uğur saymaq olar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226487

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR