Bütün məhsulların qiyməti bu qədər artmalıdır? - Süni qiymət artımı ilə bağlı əsaslandırma

Bütün məhsulların qiyməti bu qədər artmalıdır? - Süni qiymət artımı ilə bağlı əsaslandırma
07:17 25 Dekabr 2015
98 Digər
Ölkə mətbuatı
A- A+

Vətəndaşlar daha da fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq. Əgər buna nail olsaq, onda neftin qiyməti bizim üçün heç bir əhəmiyyət kəsb etməyəcək.

                                                                                   Azərbaycan Prezidenti İlham Əliyev

"Ölkədə istehlak bazarında məhsulların qiyməti artmalıdır, amma bu qədər yox". Bunu Milli.Az-a iqtisadçı-ekspert Nicat Hacızadə ticarət obyektlərində qeydə alınan qiymət artımlarını şərh edərkən deyib. 



Ekspert qeyd edib ki, ölkəmiz liberal bazar iqtisadiyyatının, özəl sahibkarlığın təşviqi mövqeyini tutsa da, cənab prezidentin siyasi iradəsi məhz bunu əks etdirsə də, ölkədə bir sıra məmurlar Azərbaycanda öz mənfəətlərini təmin etmək hesabına iqtisadi sektorların inkişafına və makroiqtisadi stabilliyin saxlanılmasına birbaşa əngəl törədirlər: "Burada əsas məsələ, ilk növbədə, inhisarçılıqla bağlıdır. Prezident İlham Əliyev bu ilin doqquz ayın yekunları ilə bağlı hesabat verərkən bu problemin həlli ilə bağlı birbaşa göstərişlər verdi.  

Dekabrın 21-də manatın üzən məzənnə siyasətinə keçiddən sonra bəzi işbazlar tərəfindən neqativ hallara, süni qiymət artımına yol verildiyi müşahidə edilir. Bu məsələdə neqativ hallarla mübarizədə ictimaiyyət özü fəal olmalı, bununla bağlı məlumatları müvafiq dövlət orqanlarına çatdırmalıdır. Ölkə prezidentinin də qeyd etdiyi kimi, cəmiyyət məlumat verməlidir ki, dövlət də məsələləri tənzimləyə bilsin. Ona görə də vətəndaş cəmiyyəti bu istiqamətdə düzgün mövqe tutmalı, ictimai rəy formalaşdırmalıdır.

2015-ci ilin müsbət istiqamətlərindən biri ilboyu infliyasiyanı tənzimləyə bilməmizdir. Bu istiqamətdə daimi monitorinqlər aparıldı və süni qiymət artımının qarşısı alındı. Qiymət artımı mənfəət rentabelliyi təyin olunduğu həddi keçdikdə süni sayılır. Hazırda biz bir sira ticarət obyektlərində məhz süni qiymət artımının şahidi oluruq".



İqtisadçı bəzi məhsulların qiymətlərinin süni artırıldığı haqqında fikrini belə əsaslandırıb:

"Əvvəla, manatın dəyərindəki 48 faizlik azalma və dolların möhkəmlənməsi öz təsirini birbaşa idxal məhsullarına və xammal idxalı ilə formalaşan məhsullara göstərməlidir. Daxili istehsal müəssisələrində isə avadanlığın və məhsulun hazırlanması üçün lazım olan xammalın təxminən 60%-i xaricdən gətirilir. Onların xaricdən gətirilməsinə nə dərəcədə ehtiyac olduğu başqa söhbətin mövzudur. Təbii ki, bu halda sahibkar qiymət artımına gedəcək, amma 48 və daha yüksək fazilə yox. Xammal gətirilən zaman dollarla alınır və ölkəyə gətirilir. Amma əgər sahibkar müəssisədə çalışanların əmək haqqına 48 faiz artım etmirsə, ödədiyi elektrik enerjisi, kirayə haqqı, amortizasiya xərcləri 48 faiz artmayıbsa, məhsulun qiyməti niyə birbaşa 50 və daha yuxarı faizə qədər artmalıdır? Axı müəssisədə məhsulun hazırlanmasında lazım olan xərclərin hamısı bu qədər artmayıb. Şəxsi hesablamalarım göstərir ki, məhsulların qiymətinə ortalama 30 faiz əlavə oluna bilər. Amma xammalı xaricdən gəlməyən və ya az gələn sahibkarlar da idxal məhsulu gətirənlərə qoşulublar ki, bu da süni qiymət artımına gətirib çıxarıb".


N.Hacızadənin sözlərinə görə, narahatedici məqamlardan biri də mağazalarda unun və çörəyin bahalaşmasıdır: "Bu ilin "Kənd təsərrüfatı ili" olduğunu və ölkədə istehsal edilən 2,9 milyon ton taxılın 1,7 milyonluq hissəsinin buğdanın payına düşdüyünü nəzərə alsaq, bu, 2016-cı ilin sonuna qədər ölkənin un və çörəyə olan tələbatını əvvəlki qiymətlərlə ödəməyə tam imkan verir.

Nəzərə çatdırım ki, 2015-ci il üçün inflyasiya 4% təşkil etsə də, 2016-cı ildə bu, daha böyük rəqəmlı olacaq. Bunun qarşısına almaq üçün monetar siyasətdə islahatlar aparılmalı, inhisarçılıq halları aradan qaldırılmalı, ölkəyə xarici investorların gəlməsi stimullaşdırılmalıdır".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392730.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR