Daşınmaz əmlak bazarında ÇAŞQINLIQ

Daşınmaz əmlak bazarında ÇAŞQINLIQ
08:17 25 Dekabr 2015
119 Digər
Ölkə mətbuatı
A- A+

Bir il ərzində ölkədə baş verən iki kəskin devalvasiya ölkənin daşınmaz əmlak bazarı ilə bağlı narahatlıqları da artırıb. Ekspertlərin yaxın müddət ərzində ev bazarı ilə bağlı proqnozları isə bir-birindən xeyli fərqlənir. Ekspert Nüsrət İbrahimov musavat.com-a açıqlamasında qeyd edib ki, yaxın müddət ərzində bazarda qeyri-müəyyənlik olacaq: "Satıcı da, alıcı da qeyri-müəyyən vəziyyətdədir. Bir müddət bazar bu donmuş vəziyyətdə qalacaq. Hadisələrin hansı səmtə cərəyan edəcəyini gözləyəcəklər. Bu, bazarda vəziyyət sabitləşənə qədər davam edəcək. Azı iki ay bu cür olacaq".

Milli.Az musavat.com-a istinadən bildirir ki, ekspertin sözlərinə görə, bu cür vəziyyət müvəqqəti xarakter daşıyır: "Evlərin qiymətinin süni şəkildə qaldırılmasına cəhdlər ola bilər. Bu, ötən devalvasiyadan sonra da baş vermişdi. Ancaq nəticəsiz oldu. Gələn il fevralın sonlarından qiymətlərin stabilliyi və bir qədər aşağı düşməsi proqnozlaşdırılır. Qiymətlər artmayacaq. Qiymətlər o zaman artır ki, bazara əlavə pul kütləsi daxil olur və əhalinin pulu artır. Bu dəfə heç biri olmadığına görə bazarda bahalaşma olmayacaq. Aktivlik aşağı səviyyədə olacaq. Təkrar mənzil bazarında müəyyən canlanma ola bilər, ancaq bu, gələn il ipoteka portfelinin artmasına bağlıdır. İlkin mənzil bazarında isə vəziyyət bir qədər çətin olacaq".

Ekspert Rəşad Əliyev isə bildirib ki, devalvasiyanın bazara təsiri çoxpilləli olacaq. Buraya cari təsir, qısamüddətli və üzunmüddətli təsirlər daxildir. "Cari təsir bazarın "şok" vəziyyətə düşməsidir: "Bu ssenari bu ilin fevral devalvasiyasında olduğu kimi cərəyan edəcək. Qabaqcadan razılaşdırılmış və "behləşmə" aparılmış alqı-satqı əməliyyatlarının bir hissəsi təxirə salınacaq. Əmlak almaq istəyən alıcıların bir hissəsi gözləmə mövqeyinə çəkiləcək. Satışa çıxarılan bəzi əmlakların bir hissəsinin satışı dayandırılacaq, bir hissəsinin qiymətinə yenidən baxılacaq, bir hissəsininki isə olduğu kimi qalacaq".

Qeyd edək ki, bəzi ekspertlərə görə, devalvasiya və manatın ucuzlaşması şəraitində vəsaitləri saxlamaq üçün ən yaxşı variantlardan biri də onu daşınmaz əmlaka- mənzil və obyektlərə yatarmaqdır. "Koneko" qiymətləndirmə şirkətinin baş mütəxəssisi Vüqar Oruc fins.az-a bildirib ki, milli valyutanın məzənnəsindən asılı olmayaraq istənilən iqtisadi şəraitdə daşınmaz əmlaka investisiya qoyuluşu sərfəlidir. Onun sözlərinə görə, əmlak bazarına pul qoymaq istəyənlər bu məsələdə devalvasiyanı nəzərə almamalıdır: "İqtisadi böhran əmlakı müvəqqəti ucuzlaşdıra bilər, amma tədricən qiymətlər yenə də bərpa olunur, əmlak dəyər qazanır. Ona həmişə tələbat var. Bir qrup insan üçün var-dövlətdir, bəziləri üçün yaşayış yeridir, bir qisim insanlar üçün isə icarə-kirayə fəaliyyəti üçün vasitədir. Daimi gəlir yerinə malik olmaq istəyənlər daşınmaz əmlaka investisiya etməkdən çəkinməməlidir. Bu, xüsusilə qeyri-yaşayış sahələrinə aiddir".

"Caspian Property Services" şirkətinin direktoru Rəna Axundova isə qeyd edib ki, iş adamları dolların bahalaşması nəticəsində daşınmaz əmlakın ucuzlaşmasından istifadə etməlidir: "İqtisadi böhran əmlak almaq üçün əsl fürsətdir. Tədricən iqtisadiyyat sabitləşəcək. Bu həm neftin bahalaşması, həm də digər sahələrin inkişafı hesabına ola bilər. Uzunmüddətli perspektiv üçün torpaq sahələrinə, qısamüddətli perspektiv üçün isə mənzillərə pul qoymaq olar. İqtisadi böhran tikinti sektorunu zəiflədə bilər ki, bu da son nəticədə satışa çıxarılan mənzillərin sayını azalda, onların qiymətini artıra bilər. Həmçinin mənzil almaq fikrindən daşınanlar torpaq alıb fərdi ev tikməyə üz tuta bilər. Yəni böhranın təsiri ilə hər iki növ əmlakın bahalaşması mümkündür".
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR