Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Salyanda müharibə əlilləri və şəhid ailələrinə ev verildi (FOTO)

Salyanda müharibə əlilləri və şəhid ailələrinə ev verildi (FOTO)

Date: 25 December 2015 12:18

Bakı. Trend:

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Salyan rayonunda inşa etdirilmiş 17 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, evlərin təqdim olunması zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin nailiyyətlərindən bəhs olunaraq vurğulanıb ki, bu siyasətin mərkəzində məhz insan amili, ölkə vətəndaşlarının firavanlığının təminatı dayanır. Respublikada bütün sahələrdə özünü göstərən inkişaf dinamikası ildən-ilə güclənən sosial siyasətlə, sosial cəhətdən həssas əhali qruplarına, o cümlədən müharibə əlillərinə və şəhid ailələrinə dövlət qayğısının getdikcə artması ilə müşahidə edilir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, möhtərəm dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamı müharibə əlillərinin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində mühüm addımların atılmasına şərait yaradıb. Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə müharibə əlilləri və şəhid ailələri üçün respublikanın bölgələrində 375 fərdi yaşayış evinin tikintisi işləri aparılıb. Cari ildə inşası başa çatmış fərdi evlərdən 82-si, hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 56 mənzil onlara təqdim olunub. Həmçinin Tərtər rayonunda 54 mənzilli yaşayış binası bu təbəqələrdən olan şəxslərin istifadəsinə verilib. Ümumilikdə, cari ildə nazirlik tərəfindən artıq 192 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib. Hazırda Bakıda və ölkənin bölgələrində həmin insanlar üçün çoxmənzilli və fərdi yaşayış evlərinin inşası, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri uğurla davam etdirilir.

Bu günlərdə imzalanan 21 dekabr 2015-ci il tarixli sərəncamla müharibə əlillərinin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan daha 10 milyon manat vəsait ayrılması qeyd olunan şəxslərə xüsusi diqqət və qayğının növbəti bariz ifadəsidir.

Əlil ictimai birliklərinin nümayəndələri çıxış edərək, ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əlilliyi olan şəxslərin, şəhid ailələrinin hərtərəfli dövlət qayğısı ilə təmin olunması, onların mənzillə təminatı sahəsində aparılan məqsədyönlü işlərdən razılıqla söz açıblar. Yeni mənzillərin təqdim edildiyi müharibə əlilləri və şəhid ailələri bütün sahələrdə daim Prezident qayğısını hiss etdiklərini vurğulayıblar. Onlar müasir tələblərə cavab verən belə mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Salyanda müharibə əlilləri şəhid ailələrinə ev verildi FOTO

RƏYLƏR


Top news