Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Elmar Məmmədyarov: 2015-ci il Azərbaycan üçün siyasi, iqtisadi, sosial və humanitar sahələrdə uğurlu il olub

Elmar Məmmədyarov: 2015-ci il Azərbaycan üçün siyasi, iqtisadi, sosial və humanitar sahələrdə uğurlu il olub

Date: 25 December 2015 12:23


Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 2015-ci ilin yekunları ilə bağlı AZƏRTAC-a və bir sıra digər informasiya agentliklərinə müsahibə verib. Müsahibəni təqdim edirik.
-2015-ci il Azərbaycanın xarici siyasətində dünya dövlətləri ilə ikitərəfli əlaqələrin inkişafı baxımından əsasən hansı mühüm hadisələrlə yadda qalıb? Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafında nə kimi rol oynayıb?
-2015-ci ildə də Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və nəzarəti altında milli maraqlarımıza, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının müstəqil, uğurlu xarici siyasət kursu davam etdirilib. 2015-ci ilin yekunlarına nəzər salsaq, ölkəmiz üçün siyasi, iqtisadi, sosial, mədəni və humanitar sahələrdə uğurlu il olub. Dünya ölkələri ilə Azərbaycanın ikitərəfli əlaqələri daha da inkişaf edib və bu, özünü xüsusilə yüksək səviyyəli qarşılıqlı səfərlərdə göstərib. Belə ki, 2015-ci il ərzində Azərbaycana Pakistan, Vyetnam, Çexiya və Əfqanıstan prezidentləri rəsmi, Fransa Prezidenti isə işgüzar səfər edib.
Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak etmək üçün Belarus, Serbiya, Rusiya, Türkiyə, Türkmənistan, Tacikistan, Monteneqro, Bolqarıstan və Bosniya və Herseqovinanın dövlət başçıları, Lüksemburqun Böyük Hersoqu, Monako və İordaniya şahzadələri, Gürcüstan, Qazaxıstan, Bolqarıstan, Rumıniya, Qırğızıstan və İtaliyanın hökumət rəhbərləri, Macarıstan, Çexiya, Slovakiya, Lixtenşteyn və Avstriyanın parlament rəhbərləri Azərbaycana səfər ediblər.
Cari ildə Birləşmiş Ərəb Əmirlikləri və Türkiyənin baş nazirləri Azərbaycanda rəsmi, Serbiya, Gürcüstan və Monteneqronun baş nazirləri isə işgüzar səfərlərdə olublar.
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan, Müqəddəs Taxt-Tac, Səudiyyə Ərəbistanı, Gürcüstan və Belarusa rəsmi, Çinə dövlət, Almaniya, İtaliya və İsveçrəyə işgüzar səfərlər edib.
Qeyd olunan dövr ərzində dövlətimizin başçısı Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasında iştirak etmək məqsədilə Türkiyəyə (Ankara), Dünya İqtisadi Forumunda iştirak məqsədilə İsveçrəyə (Davos), 51-ci Münxen Təhlükəsizlik Konfransında iştirak məqsədilə Almaniyaya (Münxen), Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) təməlqoyma mərasimində iştirak məqsədilə Türkiyəyə (Qars), Sülh Sammiti və Çanaqqala döyüşlərinin 100-cü ildönümünə həsr olunmuş anım tədbirində iştirak məqsədilə Türkiyəyə (Çanaqqala), Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr edilmiş təntənəli yubiley tədbirlərində iştirak məqsədilə Rusiyaya (Moskva), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində iştirak məqsədilə Qazaxıstana (Astana), MDB Dövlət Başçıları Şurasının iclasında iştirak üçün Qazaxıstana (Burabay), G20 Liderlər Sammitində iştirak məqsədilə Türkiyəyə (Antalya), UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak üçün Fransaya (Paris) səfər edib.
Azərbaycanın xarici işlər naziri Slovakiya, Gürcüstan, Latviya, Rusiya, Xorvatiya və Panamaya rəsmi, Fransa, Avstriya və Rusiyaya işgüzar səfərlər həyata keçirib.
2015-ci il ərzində Türkiyə (üç dəfə), Sudan, San Marino, Gürcüstan, Kosta Rika və İranın xarici işlər nazirləri rəsmi, Rusiya xarici işlər naziri isə işgüzar səfərlə Azərbaycanda olublar.
Həmçinin ikitərəfli müqavilə-hüquq bazasının möhkəmləndirilməsi baxımından 70-dən çox müqavilə imzalanıb.
2015-ci ildə Azərbaycanın Avstriyadakı səfirliyinin Slovakiyada ofisi, Meksikadakı səfirliyinin Peruda ofisi və İtaliyanın Kataniya şəhərində fəxri konsulluğu açılıb.
2015-ci il ərzində Bakı şəhərində Əlcəzairin və Portuqaliyanın səfirliklərinin ofisləri fəaliyyətə başlayıb.
Qarşılıqlı səfərlərin intensivliyi, geniş coğrafiyası, imzalanan sənədlər və perspektiv əməkdaşlıq sahələrinin müəyyən edilməsi onu deməyə əsas verir ki, 2015-ci il ikitərəfli əsasda Azərbaycanın dünya ölkələri ilə siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığının inkişaf etdirilməsi baxımından məhsuldar olub.
-Ermənistan-Azərbaycan münaqişəsinin həlli və çoxtərəfli diplomatiya baxımından 2015-ci il xüsusilə hansı hadisələrlə xarakterizə olunub?
-Təbii və istisnasız olaraq, xarici siyasət gündəliyində prioritet məsələ Ermənistan-Azərbaycan münaqişəsi olub. Münaqişənin həllinin siyasi-hüquqi əsasları artıq çoxdan müəyyən olunub və bu, ilk növbədə BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinin tələblərinə və digər beynəlxalq təşkilatların münaqişə ilə əlaqədar qəbul etdikləri sənədlərə əsaslanır. 2015-ci ildə əlamətdar hadisə dekabrın 19-da Berndə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə keçirilmiş Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Görüşün nəticələri və ümumiyyətlə, danışıqlar prosesi haqqında mənim tərəfimdən bu günlərdə KİV-ə ətraflı müsahibə verilib.
Onu əlavə edə bilərəm ki, il ərzində münaqişənin həlli ilə bağlı ədalətli mövqeyimizin daha da gücləndirilməsi istiqamətində müxtəlif beynəlxalq platformalarda fəal iş aparılın. Ermənistan-Azərbaycan münaqişəsi ikitərəfli və çoxtərəfli formatda keçirilmiş bütün görüş və tədbirlərdə prioritet məsələ kimi daim müzakirə edilib.
Bu xüsusda, 2015-ci il iyunun 16-da Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarı qeyd edilməlidir. Məhkəmənin qərarı bir neçə aspektdən əhəmiyyətlidir. İlk növbədə, Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycan ərazilərini işğalı və bu ərazilərdə hərbi mövcudluğuna dair məsuliyyətin davamlı şəkildə inkar etməsinə təsirli formada son qoydu. Bundan əlavə, qərarın 14-18-ci paraqraflarında Avropa İnsan Hüquqları Məhkəməsi xüsusilə qeyd edib ki, müharibə Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi barədə çağırışlarla başlayıb.
Küveytdə 2015-ci il mayın 27-28-də keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 42-ci toplantısının Yekun Bəyannaməsinin preambula hissəsində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyi bir daha vurğulanır. Həmçinin sessiyada sırf Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı iki sənəd qəbul edilib. “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü” adı altında qəbul edilmiş birinci qətnamədə Ermənistanın Azərbaycana qarşı təcavüzü kəskin şəkildə pislənilir, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan vətəndaşlarına qarşı törədilmiş vəhşiliklər insanlığa qarşı cinayət kimi qiymətləndirilir və BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməsi tələb edilir. Sənəddə, eyni zamanda, Azərbaycana münaqişə zamanı dəymiş zərərin ödənilməsi üçün Ermənistandan təzminat tələb etmə hüququ tanınır və bu təzminatın ödənilməsi üzrə məsuliyyətin Ermənistanın üzərinə düşdüyü qeyd olunur.
“Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması” adlı ikinci sənəddə isə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərindəki tarixi, mədəni, arxeoloji, antropoloji və etnoqrafik abidələrin, maddi-mədəniyyət nümunələrinin İslam irsinin ayrılmaz tərkib hissəsi olduğu bildirilir və bu irsin dağıdılması kəskin tənqid edilir. Ermənistandan o da tələb olunur ki, beynəlxalq turizm sərgiləri və tədbirlərində Azərbaycan tarixinə və mədəniyyətinə aid olan irsi özününkü kimi təqdim etməsi fəaliyyətinə son qoysun.
Həmçinin 2015-ci il mayın 3-də Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “parlamenti”nə qondarma “seçkilər” və 2015-ci il sentyabrın 13-də keçirilmiş qondarma rejimin “özünüidarə orqanları”na qanunsuz “seçkilər”in beynəlxalq ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilməsi və nəticələrinin tanınmaması istiqamətində işlər görülüb. Bu məsələdə beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən yekdil fikir ortaya qoyulub.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi ilə paralel, qarşıdan gələn ildə də bütün müvafiq beynəlxalq təşkilatlarda münaqişə ilə əlaqədar məsələlər qaldırılacaq və beynəlxalq ictimaiyyətin məlumatlandırılması prosesi davam etdiriləcək.
Qoşulmama Hərəkatının fəal üzvü kimi Azərbaycan siyasi hərbi-bloklara qoşulmadan BMT Nizamnaməsinə uyğun olaraq, qarşılıqlı faydalı əməkdaşlıq, bərabərahüquqluluq, daxili işlərə qarışmamaq və hörmət prinsipləri əsasında dünya birliyi ilə əlaqələrini inkişaf etdirib.
Çoxtərəfli diplomatiyanın inkişaf etdirilməsi baxımından BMT-nin təsis edilməsinin 70 illiyinə təsadüf edən sessiyanı xüsusilə qeyd etmək lazımdır. Azərbaycan Respublikası BMT-nin fəal üzvüdür və 70-ci sessiya çərçivəsində ölkəmiz aparılan müzakirələrdə yaxından iştirak edib və gündəlikdə olan fundamental məsələlər üzrə baxışlarımız dünya birliyinin diqqətinə çatdırılıb.
Ümumiləşdirilmiş şəkildə təsnif etsək, 70-ci sessiyanın gündəliyi ilə əlaqədar Azərbaycanın prioritetlərini Ermənistan-Azərbaycan münaqişəsi və onun Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməsi, sülh və təhlükəsizliyin qorunub saxlamasında BMT-nin rolu, silahlı münaqişələr və onların doğurduğu fəsadların aradan qaldırılması, dövlətlərarası münasibətlərdə qanunun aliliyinin və beynəlxalq hüququn prinsiplərinin təmin edilməsi, terrorizmə, ekstremizmə qarşı mübarizə və sülhməramlı əməliyyatlar, Azərbaycan tərəfindən Minilliyin İnkişaf Məqsədlərinin uğurla yerinə yetirilməsi, davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi, regionlararası əməkdaşlığa və inkişafa xidmət edən TANAP, TAP qaz boru xətti, Bakı-Tbilisi-Qars dəmir yolu və TASİM layihələrinin icrası, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun təşviq edilməsi kimi məsələlər təşkil edib.
Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyəti BMT Baş Məclisinin ümumi müzakirələri, “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması” mövzusu üzrə BMT Baş Məclisinin yüksək səviyyəli tematik debatı, BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun illik iclası, “Yeni inkişaf gündəliyi çərçivəsində miqrasiya və qaçqınların yerdəyişməsi üzrə əməkdaşlığın gücləndirilməsi”nə dair toplantı, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilənin qüvvəyə minməsinin asanlaşdırılmasına dair IX konfrans, Birləşmiş Millətlər Təşkilatının 2015-ci ildən sonrakı dövr üçün inkişaf gündəliyinin qəbul edilməsi üzrə Zirvə toplantısı, “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin qlobal imkanlara cəlb edilməsi”nə dair yüksək səviyyəli Forumu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı və Azərbaycanın üzv olduğu digər beynəlxalq təşkilatların əlaqələndirmə toplantılarında çıxış edib.
2015-ci ildə Azərbaycan Respublikası UNESCO-nun Ümumdünya İrs Komitəsinin və UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin və 2017-2019-cu illər üzrə BMT-nin İqtisadi və Sosial Şurasının üzvlüyünə namizədlikləri ilə bağlı müvafiq iş aparıb.
Azərbaycan 2015-ci il noyabrın 18-də 115 səs toplayaraq Kuba, İndoneziya, Küveyt ilə bərabər ilk dəfə olaraq dörd il müddətinə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 2016-2019-cu illər üzrə üzvlüyünə seçilib. Ölkəmiz, həmçinin UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 2016-2019-cu illər üzrə üzvlüyünə öz namizədliyini irəli sürüb. Komitənin mandatına daxil olan məsələlər ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. 2011-ci ildə Azərbaycan bu komitənin üzvü seçilib və dörd il ərzində işğal olunmuş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin komitənin gündəliyində saxlanılmasına müvəffəq olub. Bu ilin dekabr ayında keçirilmiş seçkilərdə Azərbaycan üzv dövlətlərin əksəriyyətinin səsini toplayaraq növbəti dörd illik mandatla komitəyə üzv seçilib.
Səsverməsi 2016-cı ildə BMT Baş Məclisinin 71-ci sessiyası zamanı keçiriləcək BMT İqtisadi və Sosial Şurasının 2017-2019-cu illər üzrə üzvlüyünə namizədliyimizlə bağlı fəaliyyət 2015-ci ildə də davam edib.
Qarşıdan gələn ildə də hədəflərimizə Azərbaycanın milli maraqları əsasında müstəqil xarici siyasət kursunun davam etdirilməsi, ölkəmizin suverenliyinin gücləndirilməsi və qorunması, Ermənistan-Azərbaycan münaqişəsinin həlli və ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi istiqamətində çoxşaxəli aktiv fəaliyyətin davam etdirilməsi, iqtisadi, enerji və nəqliyyat strategiyamızın təşviq edilməsi, Azərbaycanın mal və xidmətləri üçün yeni bazarların müəyyən edilməsi, mədəni, humanitar, idman diplomatiyamızın inkişaf etdirilməsi kimi məqsədlər daxildir.
-Yaxın Şərqdə, xüsusilə İraq və Suriyada fəaliyyət göstərən İŞİD terrorçu təşkilatının Azərbaycana və eləcə də Cənub Qafqaza təsiri varmı və bu təsirin qarşısının alınması üçün hansı addımlar atılmalıdır?
-Ümumilikdə, terror konkret regionlar üçün deyil, bütün dünya üçün təhlükədir, sülh və sabitliyin qorunub saxlanılmasına real təhdiddir. Terrorun hər hansı dinlə bağlılığı da yoxdur. Hazırda dünyanın müxtəlif regionlarında baş verən terror aktlarının İslam dini ilə əlaqələndirilməsi təəssüf doğurur və qəbuledilməz yanaşmadır. İslam sülh və əmin-amanlıq dinidir.
BMT Təhlükəsizlik Şurasının 2259 (2015) və 2253 (2015) saylı qətnamələrində İŞİD kimi özünü təqdim edən terror təşkilatı və Əl-Qaidənin beynəlxalq sülh və təhlükəsizliyə qlobal təhdid olduğu bir daha vurğulanır. Müsbət haldır ki, bu qətnamələr vasitəsilə BMT Təhlükəsizlik Şurasının Əl-Qaidəyə qarşı yaradılmış mexanizmləri, o cümlədən sanksiyalar siyahısı İŞİD-ə qarşı da tətbiq olunur. Terrorizmə qarşı mübarizədə davamılılıq olmalı, hər hansı yeni terror təşkilatının meydana çıxması əvvəlkilərin yaddan çıxarılması anlamına gəlməməlidir.
Terrorizmdən əziyyət çəkən bir dövlət olaraq, Azərbaycan terrorçuluqla mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəklyir. Terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayırıq. Bu xüsusda, BMT TŞ-nin 2259 və 2253 saylı qətnamələrinin tələblərinin həyata keçirilməsi istiqamətində Azərbaycan öz töhfələrini verməkdə davam edəcək.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasında 2012-2013-cü illəri əhatə edən qeyri-daimi üzvlüyü çərçivəsində TŞ-yə sədrlik edən zaman 2012-ci il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi və BMT-nin baş katibi Pan Gi-Munun iştirakı ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksək səviyyəli görüş keçirilib və yekun sənəd kimi Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul edilib. Bəyanatda terrorçuluğun bütün forma və təzahürləri pislənilib və terrorçuluğa qarşı bütün vasitələrlə mübarizənin vacibliyi bildirilib.
Digər bir məqamı da nəzərə almaq lazımdır ki, terroru yaradan münaqişələrdir. Terrorçuluq bir çox hallarda təcavüzkar separatizmlə ayrılmaz şəkildə əlaqəlidir. Silahlı münaqişələrdən zərər çəkən ərazilər terrorçuluğun yayılması üçün münbit şərait yaradır. Ermənistanın xüsusi xidmət orqanlarının iştirakı ilə ASALA və digər erməni terror təşkilatları tərəfindən ölkəmizin ərazisində törədilmiş terror aktları bunun əyani sübutudur. Beynəlxalq ictimaiyyət beynəlxalq hüququn qəbul edilmiş norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə hörmət və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında münaqişələrin həllini tezləşdirməli və dövlətlərə öz ərazisi üzərində suverenlik və təhlükəsizliyin bərpa edilməsində yardımçı olmalıdır.
Terrorçuluğun qarşısının alınması və onunla mübarizədə dinlər və mədəniyyətlər arasında hörmət və dialoqun təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi önəmlidir. Azərbaycan əsrlər boyu müxtəlif dini icmaların sülh şəraitində yaşadığı yer olub. Bu gün Azərbaycan qlobal səviyyədə mədəniyyətlər və dinlərarası dialoq prosesinə öz töhfəsini verir. Əminik ki, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi bu istiqamətdə növbəti mühüm addım olacaq.
-Qazaxıstan və Belarus Azərbaycanı Avrasiya İttifaqında görmək istədiklərini bəyan ediblər. Azərbaycan hansı halda bu İttifaqa üzv ola bilər?
-Hazırda Avrasiya İqtisadi İttifaqı adlanan təşkilata üzv olmaq məsələsi Azərbaycanın gündəliyində deyil, təşkilat və ya üzv dövlətlər tərəfindən də Azərbaycana bununla bağlı hər hansı rəsmi müraciət edilməyib. Bu ilin sentyabrında Nyu-Yorkda BMT Baş Məclisinin 70-ci sessiyası çərçivəsində Rusiya media nümayəndələrinin bənzər sualını cavablandıraraq mənim tərəfimdən “never say never” (“heç zaman heç vaxt demə”) ifadə istifadə edilmiş və bunun mənası izah olunmuşdu. Belə ki, Azərbaycan əraziləri Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistan tərəfindən işğal edildiyi və məlum səbəblərə görə bu iki dövlət arasında hər hansı əlaqələrin olmadığı şəraitdə Azərbaycanın Ermənistanla iqtisadi və gömrük birliyini nəzərdə tutan bu qurumda iştirakı necə mümkün ola bilər?
Hazırki şəraitdə Ermənistan Avrasiya İqtisadi İttifaqı ölkələrinin heç biri ilə sərhədə malik deyil. Azərbaycanın qoşulub-qoşulmaması kimi gələcəyə aid sualdan asılı olmayaraq, Ermənistanın heç olmasa digər üzv dövlətlərlə səmərəli nəqliyyat dəhlizi imkanları olmalıdır. Digər üzv ölkələrlə Ermənistanı birləşdirən əsas və optimal nəqliyyat arteriyaları, o cümlədən dəmir yol xətti tarixən Azərbaycan ərazisindən keçirdi. Ona görə də ilk növbədə bütün region üçün təhlükə olan və ümumilikdə regional əməkdaşlığa mane olan Ermənistanın Azərbaycana qarşı işğalı aradan qaldırılmalıdır. Nəticə etibarilə, Ermənistan və Azərbaycan arasında qurulacaq əlaqələrin tərkib hissəsi kimi, Avrasiya İqtisadi İttifaqı ölkələri Ermənistana çıxış üçün əlverişli nəqliyyat tranziti imkanları əldə bilərlər. Lakin bu, hələ Azərbaycanın həmin təşkilata üzvlüyü demək deyil.
Onu əlavə edə bilərəm ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqının digər üzv dövlətləri ilə ikitərəfli əsasda intensiv və qarşılıqlı faydalı siyasi, iqtisadi, ticarət və humanitar əlaqələri mövcuddur. Birgə və davamlı səylər vasitəsilə bu əlaqələrin daha da inkişafı üçün böyük perspektivlər var.
-Son günlər cəbhə xəttində gərginliyin artması müşahidə olunur. Belə deyim var ki, diplomatların sözü qurtaranda silahlar danışmağa başlayır. Deyə bilərikmi ki, diplomatik resurslar artıq tükənib və regionda sülhün saxlanması üçün status-kvo dərhal dəyişdirilməlidir?
-Əslində 1994-cü ildə atəşkəs rejiminin tətbiq edilməsindən etibarən Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti və iki ölkənin sərhədi boyunca insan tələfatı ilə müşayiət olunan atəşkəsin pozulması halları heç zaman dayanmayıb və müharibə 20 ildən artıq bir dövrdə davam edir. Bunun da əsas səbəbi Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın silahlı qüvvələrinin mövcudluğudur. Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca I və II Dünya müharibələrinə bənzər formada əsgərlər, səngərlər və silahlar üzbəüz dayanmaqda davam edirlər. Ona görə də Ermənistanın işğalçı qoşunları işğal olunmuş ərazilərimizdən çıxarılmadan silahların susması və davamlı sülhün təmin olunmasından danışmaq qeyri-mümkündür. Ermənistanın nisbi atəşkəsə və status-kvoya güvənərək münaqişənin fundamental əsasını təşkil edən işğal və təcavüz faktını aradan qaldırmadan sülhdən danışması özünü və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey deyil.
Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması gərginliyin aradan qalxmasına, münaqişənin danışıqlar yolu ilə həlli və diplomatiyanın tam şəkildə özünü ifadəsi üçün mühüm zəmin yarada bilərdi. Təəssüf ki, 20 ildən artıq davam edən bir dövr ərzində bu imkandan lazımınca istifadə edilməyib. Mövcud status-kvonun qeyri-davamlı və qəbuledilməz olduğu ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin prezidentləri və xarici işlər nazirləri səviyyəsində verdikləri bəyanatlarda da dəfələrlə ifadə olunub.
Odur ki, hazırda danışıqlar prosesində müzakirədə olan mövcud təkliflərin həyata keçirilməsi üçün səylər daha da artırılmalı və mövcud status-kvo dəyişdirilməlidir.
-Sizcə, nəyə görə rəsmi Yerevan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmaslara imkan vermir?
-Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində etimad quruculuğu tədbirləri və xalqlararası dialoqdan danışarkən, biz dəfələrlə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılması barədə israrlı mövqe nümayiş etdirmişik. Hesab edirik ki, bu kimi təmaslar gələcək birgə yaşayışın təmin edilməsi baxımından mühüm zəmin yarada və özlüyündə qarşılıqlı etimadın yaranmasına xidmət edərək, münaqişənin həllinə töhfə verə bilər. Əvvəlki illərdə əslən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan azərbaycanlı mədəniyyət və incəsənət xadimlərinin erməni icması nümayəndələri ilə görüşləri keçirilib və qarşılıqlı səfərlər təşkil edilib. Amma bir-iki belə təşəbbüsdən sonra Ermənistan tərəfi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasların münaqişənin həllinə verə biləcəyi müsbət töhfələrini nəzərə alaraq, bunun qarşısını almağa yönəlmiş siyasət yürütdü. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının öz tarixi torpaqlarına qayıtmaq hüququnu inkar etmək məqsədilə bu kimi təmasların həyata keçirilməsinə mane olmağa çalışır. Bununla, əslində Ermənistan bu əraziləri işğal etdiyini, etnik təmizləmə həyata keçirdiyini və ilhaqçı siyasət yürütdüyünü bir daha təsdiq edir. 2015-ci il iyunun 16-da Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarında da işğal olunmuş ərazilərdən didərgin salınmış azərbaycanlı məcburi köçkünlərin mülkiyyət hüquqlarının pozulması faktı da öz təsbitini tapıb.
Digər tərəfdən, rəsmi Yerevan işğal nəticəsində tamamilə təcrid vəziyyətində saxladığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının azərbaycanlı icması ilə təmaslar vasitəsilə Azərbaycana olan meyilliyin artmasından və Azərbaycanın sərhədləri daxilində firavan birgəyaşayış modelinin qəbul edilməsindən ciddi şəkildə narahatdır. Bir faktı da nəzərə almaq lazımdır ki, işğal olunmuş ərazilərdə, eləcə də Ermənistanın özündə sosial-iqtisadi vəziyyət olduqca ağırdır və kütləvi dərəcədə ifrat yoxsulluq vəziyyəti hökm sürür.
Ermənistan tərəfi anlamalıdır ki, bu kimi süni əngəllərin sonu yoxdur. Beynəlxalq hüquqa görə, hər bir işğal müvəqqəti xarakter daşıdığı kimi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərin də işğalı müvəqqətidir. İşğal faktının mövcudluğu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasını, eləcə də işğal edilmiş digər ərazilərdən qanlı etnik təmizləmə nəticəsində didərgin salınmış azərbaycanlı məcburi köçkünləri öz doğma torpaqlarına qayıtmaq və mülkiyyətlərinə yenidən sahib çıxmaq hüququndan məhrum edə bilməz.
Münaqişənin həllinin vacib elementi kimi ATƏT-in Minsk qrupunun həmsədrləri, Avropa İttifaqı və digər beynəlxalq təsisatlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasları təşviq etməli və bu xüsusda Ermənistana təzyiq göstərilməlidir.
-Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzvlüyü ilə bağlı aparılan danışıqlar nə yerdədir?
-Bildiyiniz kimi, Azərbaycan Respublikasının DTT-yə üzv olma niyyətini əks etdirən müraciət 1997-ci il iyunun 23-də DTT Katibliyinə təqdim edilib. DTT-yə üzvolma prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə Azərbaycan Respublikasının DTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiya yaradılıb. Komissiyanın tərkibi aidiyyəti nazirliklərin nazir müavinləri, dövlət komitələri və agentliklərinin rəhbər işçilərindən ibarətdir.
Ölkəmizin DTT-yə üzvolma prosesinin sürətləndirilməsində ən vacib məsələlərdən biri olan çoxtərəfli danışıqlar davam etdirilir. Azərbaycan üzrə DTT Katibliyində yaradılmış İşçi Qrupunun 1-ci iclası 2002-ci ildə Cenevrədə təşkil olunub. 2004-cü ildən başlayaraq İşçi Qrupunun iclasları ardıcıl olaraq keçirilir. Azərbaycanın DTT-yə üzvlüyü ilə bağlı sonuncu, 12-ci iclas 2015-ci il martın 6-da İsveçrənin Cenevrə şəhərində keçirilib. İclasda ölkənin son sosial-iqtisadi göstəriciləri haqqında məlumat iştirakçıların diqqətinə çatdırılıb. İclasda İşçi Qrupunun 11-ci iclasından sonra bir sıra üzv ölkələr tərəfindən ünvanlanmış suallara Azərbaycan tərəfinin verdiyi cavablar müzakirə edilib. Həmçinin üzv ölkələr tərəfindən Azərbaycan üzrə İşçi Qrupunun Hesabat Layihəsinin bölmələrinə dair suallar verilib və həmin suallar Azərbaycan nümayəndə heyəti tərəfindən cavablandırılıb. Görüşün nəticəsi olaraq, üzv ölkələr bir sıra sual və şərhlərini Azərbaycan tərəfinə ünvanlayıb, təkliflər verib və müvafiq sənədləri sorğu ediblər.
Çoxtərəfli danışıqlarla yanaşı, Azərbaycan Respublikası DTT-yə üzvolma prosesində 19 dövlət ilə ikitərəfli danışıqlar aparır. Danışıqlar zamanı Azərbaycanın əmtəə və xidmətlər bazarına çıxışına dair məsələlər müzakirə olunur, xüsusi əhəmiyyət kəsb edən sahələrin qorunması ilə bağlı zəruri tədbirlər görülür. Beləliklə, Azərbaycanın DTT-yə üzvolma prosesi çərçivəsində ikitərəfli danışıqların başa çatdırılması haqqında imzaladığı protokolların sayı 5-ə çatıb. Qeyd etmək lazımdır ki, imzalanmış protokollarda Azərbaycanın maraqları tam təmin edilib. İkitərəfli müraciətlər əsasında mütəmadi olaraq mallar və xidmətlər sahəsində təhlillər aparılır. Sonuncu dəfə ikitərəfli danışıqlar 2015-ci il martın 3-6-da Cenevrədə ABŞ, Norveç, İsveçrə və Yaponiya ilə mallar və xidmətlər üzrə keçirilib.
Paralel olaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 1583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Tədbirlər Planı"ndan irəli gələrək qanunvericiliyin DTT tələblərinə uyğunlaşdırılması prosesi də davam etdirilir.
Üzv ölkələrin öz tələbləri var, bu təkliflər bir çox halda bizi qane etmir. İstəyimiz Azərbaycan üçün ən məqbul olan şərtlərin təqdim edilməsidir. Bizim üçün zaman vacib deyil, vacib olan odur ki, şərtlər ölkəmizə, qeyri-neft sektoruna heç bir xələl gətirməsin. Bizim məqsədimiz əvvəlcə iqtisadiyyatımızın şaxələndirilməsi, sonra isə üzvlük məsələsinin yekunlaşdırılmasından ibarətdir.
-Bu il ərzində viza prosedurunun sadələşdirilməsi istiqamətində hansı işlər görüldü?
-Bildiyiniz kimi, “Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 20 noyabr tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə 2013-cü il martın 15-dən turistlər üçün elektron viza sisteminin tətbiqinə başlanılıb. Bu sistem bütün viza prosedurlarının elektron formata yönəldilməsi məqsədilə tərtib edilib və bu, ölkəyə çox sayda turistlərin cəlb olunmasına yardım edir. Normativ-hüquqi aktların tələblərinə əsasən, turistlər bütün lazımı informasiyanı əvvəlcədən lisenziya almış milli turizm şirkətlərinə təqdim etməlidirlər və bundan sonra şirkətlər müvafiq sənədləri hazırlayaraq Xarici İşlər Nazirliyinə müraciət edirlər. Etibarlılıq müddəti 30 gün olan elektron vizalar təxminən 10 gün ərzində XİN tərəfindən təsdiq edildikdən sonra elektron formatda turistə göndərilir. Azərbaycana daxil olmaq üçün turist yalnız bu sənədi çap edərək sərhəddə təqdim etməlidir. Həmçinin bu sahədə qanunvericilik bazasını gücləndirmək məqsədilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının 2014-cü il 18 sentyabr tarixli Q/04-14 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilib və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 569 nömrəli Fərmanının 5.3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə sözügedən reqlamentə bir sıra dəyişikliklər edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq, Xarici İşlər Nazirliyi tərəfindən viza rəsmiləşdirilməsi prosesinə cəlb olunmuş digər aidiyyəti nazirlik və dövlət qurumları ilə birlikdə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin viza alt sisteminin təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və viza sorğularına baxılması müddətinin qısaldılması üçün təkliflər təqdim edilib. Hazırda elektron turistik vizaların rəsmiləşdirilməsi sahəsində müvafiq təkmilləşdirmə işləri aparılmaqdadır və adıçəkilən vizaların rəsmiləşdirilməsi üçün müraciətlərə baxılma müddətinin azaldılması nəzərdə tutulub.
“Azərbaycan Respublikası Prezidentinin vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2014-cü il 20 noyabr tarixli 882 nömrəli Sərəncamı əsasında viza rəsmiləşdirilməsi prosesinə cəlb edilmiş aidiyyəti nazirlik və dövlət qurumlarının iştirakı ilə işçi qrupu fəaliyyət göstərir. İşçi qrupunun mütəmadi iclasları keçirilir və bununla bağlı müvafiq tədbirlər görülməkdədir.
-Gürcüstanla sərhədin delimitasiyası məsələsində nə kimi irəliləyişlər var?
-Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhəd xəttinin uzunluğu 480 kilometr təşkil edir. Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının Gürcüstanın eyni adlı Komissiyası ilə bu günə qədər keçirilmiş görüşlərində dövlət sərhəd xəttinin 314 kilometr hissəsi razılaşdırılıb və bu barədə müvafiq protokollar imzalanıb. Komissiyalar və işçi qrupları səviyyəsində keçirilən görüşlərdə dövlət sərhəd xəttinin razılaşdırılmamış sahələri üzrə müzakirələr aparılır.
2015-ci il martın 12-13-də Tbilisi şəhərində Dövlət Komissiyasının iclası keçirilib. Eyni zamanda, razılaşdırılmamış sahələr üzrə komissiyaların ekspert qrupları səviyyəsində də mütəmadi olaraq yerində baxış və işçi görüşlər həyata keçirilir.
Ümumiyyətlə, onu qeyd etməliyəm ki, Azərbaycan və Gürcüstan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətləri çərçivəsində bu məsələnin də həlli qarşılıqlı anlaşma şəraitində müzakirə olunur.
-Xəzər dənizinin hüquqi statusu ilə bağlı gələn il Astanada keçirilməsi təklif olunan sammitdə razılığın əldə edilməsi perspektivini necə dəyərələndirirsiniz?
-Məlum olduğu kimi, hazırkı tarixədək Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə toplantıları 2002-ci ildə Aşqabadda, 2007-ci ildə Tehranda, 2010-cu ildə Bakıda və 2014-cü ildə Həştərxanda keçirilib.
Növbəti Zirvə toplantısının gələn il Astanda keçirilməsi nəzərdə tutulur və Qazaxıstan tərəfi həmin tədbirdə “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın qəbul edilməsini hədəf kimi irəli sürür.
Bakı və Həştərxanda keçirilmiş Xəzəryanı ölkələrin dövlət başçılarını Zirvə toplantılarında qəbul edilmiş mühüm əhəmiyyətli siyasi qərarlar “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” layihəsinin bir sıra prinsipial xarakterli müddəalarının razılaşdırılmasına öz töhfəsini verib.
“Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” layihəsinin hazırlanması üzrə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi İşçi Qrupu formatında danışıqlar davam etdirilir. Xüsusi İşçi Qrupunun növbəti 43-cü iclasının gələn ilin yanvar ayında Aşqabadda keçirilməsi nəzərdə tutulur. Tərəflərin mövqeyində yaxınlaşmanın müşahidə edilməsinə baxmayaraq, bir sıra vacib məsələlər üzrə hələ də fikir ayrılıqları qalmaqdadır. Bu cür razılıqların əldə olunmasında bütün tərəflərin konstruktiv yanaşma və xoş məram nümayiş etdirəcəyinə ümid edirik.
-Bu il Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətləri necə xarakterizə edərdiniz? Qarşıdan gələn ildə perspektivlər nədən ibarətdir?
-2015-ci il Azərbaycan Respublikası və Avropa İttifaqı münasibətlərinin tarixində bir neçə mühüm hadisə ilə yadda qalıb. Əlbəttə, ilk olaraq Avropa Parlamentinin 2015-ci il sentyabrın 10-da Azərbaycanla bağlı qəbul etdiyi qərəzli və əsassız qətnamə üzərində dayanmaq istərdim. Bu sənəd tələsik formada bəzi qərəzli qüvvələrin səyləri nəticəsində qəbul olunub və orada ölkəmizə qarşı böhtan xarakterli iddialar irəli sürülüb. Azərbaycan tərəfi hadisələrin bu məcrada inkişaf etməsində maraqlı deyil. Əksinə, əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də Azərbaycan Avropa İttifaqı ilə münasibətlərinə böyük önəm və tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsinə praktiki addımlarla töhfə verib.
Bu xüsusda, 2015-ci ildə ikitərəfli əlaqələr üçün mühüm olan bir neçə vacib tədbiri vurğulamaq istərdim. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2015-ci il fevralın 12-də Bakı şəhərində təşkil olunmuş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının ilk iclası qeyd edilməlidir. Bu iclas Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfə verəcək “Cənub Qaz Dəhlizi” kimi nəhəng layihənin həyata keçirilməsi baxımından vacib bir tədbir olub. 2015-ci il mayın 21-22-də Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunmuş Şərq Tərəfdaşlığının 4-cü Zirvə toplantısının Birgə Bəyannaməsində ilk dəfə olaraq bütün tərəfdaş ölkələrin ərazi bütövlüyü, suverenliliyi və müstəqilliyinin dəstəklənməsinə Avropa İttifaqının sadiq qaldığı bəyan edilib. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk 2015-ci il iyulun 21-22-də Azərbaycana səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilmiş görüş zamanı ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub. Bakıda olarkən Donald Tusk enerji sahəsində etibarlı və strateji tərəfdaş olan Azərbaycanla əlaqələrin Avropa İttifaqı üçün vacibliyini bir daha təsdiq edib.
Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əlaqələrini inkişaf etdirmək üçün strateji tərəfdaşlıq haqqında saziş layihəsini təqdim edib. Saziş layihəsindən irəli gələn və ikitərəfli əməkdaşlığa aid məsələləri müzakirə etmək üçün bu ilin dekabrında Avropa Xarici Siyasət Xidmətinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Bu xüsusda qeyd etmək istərdim ki, Azərbaycan hər zaman Avropa İttifaqının tərəfdaş ölkələrlə münasibətlərinin həmin ölkələrin məqsədləri, istəkləri və tələbləri nəzərə alınmaqla inkişaf etdirilməsinin tərəfdarı olub. Müsbət haldır ki, Azərbaycan tərəfinin təşviq etdiyi fərqləndirmə, başlıca əməkdaşlıq sahələrinə yönəlmə, çeviklik və daha çox sahiblik prinsipləri 2015-ci ilin noyabr ayında yenilənmiş Avropa Qonşuluq Siyasəti çərçivəsində əsas elementlər olacaq.
Azərbaycan və Avropa İttifaqı arasında enerji, qeyri-neft sektoru, həmçinin nəqliyyat, təhsil, mədəniyyət və digər birgə maraq kəsb edən sahələrdə əməkdaşlıq üçün geniş potensial mövcuddur və ümid edirik ki, birgə səylərlə tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlıq inkişaf etdiriləcək.
-2015-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin bəzi əməkdaşları ilə bağlı müəyyən problemlər yarandı. Qurumun sıralarından uzaqlaşdırılan, özü könüllü gedərək xaricdə qalan əməkdaşlar oldu. Bu barədə nə deyə bilərdiniz?
-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərdiyi qayğı və diqqət sayəsində xüsusən son on il ərzində Azərbaycanın peşəkar və hazırlıqlı diplomat korpusu formalaşıb, Xarici İşlər Nazirliyinin maddi-texniki bazası gücləndirilib, yeni diplomatik nümayəndəliklər açılıb, milli təhsil sistemində və dövlət qulluqçularının peşə hazırlığının artırılmasında xüsusi rolu olan ADA Universiteti yaradılıb.
Dövlət qulluğunun xüsusi forması olan Xarici İşlər Nazirliyində işə qəbul, işçilərin peşəkar hazırlığı və vəzifə səlahiyyətlərinin icra edilməsi ilə əlaqədar ciddi tələblər var.
Bu gün Azərbaycanı təmsil etmək kimi şərəfli adı daşıyan, dövlətə və xalqa sadiq olan diplomatlarımız çətin iqlim şəraiti, ağır təhlükəsizlik və kriminogen durumu olan və hətta yoluxucu xəstəliklərin geniş yayıldığı ölkələrdə layiqincə və vicdanla xidmət edirlər. Xarici İşlər Nazirliyinin təlimat və tapşırıqlarına uyğun olaraq, onlar ölkəmizə qarşı xaricdən ola biləcək hədə və təhdidlərin müəyyən edilməsi, ölkəmizin milli maraqları, siyasi-iqtisadi və digər mənafelərinin qorunması, xaricdə vətəndaşlarımızın hüquqlarının müdafiə edilməsi naminə çalışırlar.
Müsbət haldır ki, Xarici İşlər Nazirliyi sistemində iş təcrübəsi olan əməkdaşlar bu gün digər dövlət qurumlarında da çalışaraq dövlətçiliyimizə xidmət edirlər.
Digər dövlət qurumlarında olduğu kimi, Xarici İşlər Nazirliyində də peşə fəaliyyətində ciddi qüsurlara yol verən, xidmətə yaramayan və əqidəsinə xilaf çıxan əməkdaşların olması istisna deyil. Bu kimi faktlar müəyyən edildiyi halda, müvafiq araşdırma aparılaraq, işdən xaric etmək də daxil olmaqla, ciddi intizam tədbirləri görülür. Əməkdaş tərəfindən hər hansı bir xidməti nöqsana yol verildiyi halda, “Diplomatik xidmət haqqında” Qanunun tələblərinə uyğun olaraq, kompleks yanaşma tətbiq edilir. Onun dövlətə və xalqa sadiqliyi, qüsursuz xidməti fəaliyyəti, əqidəsi, peşəkarlığı, xidmətə uyğunluğu və sair bu kimi amillər nəzərə alınaraq, qərar qəbul edilir. Xidmətdən azad edilmiş hər hansı şəxs özünün və ailəsinin yaşayış yerini seçməkdə sərbəstdir.
Qanunun tələblərinə uyğun olaraq, belə intizam tədbirləri həmişə olub və bundan sonra da davam etdiriləcək.
Amma burada əmək müqaviləsinə xitam verilmiş bir neçə şəxsdən söhbət getdiyi halda, bəzi qərəzli internet media orqanlarının məsələni qəsdən şişirtməsi, vicdan və ləyaqətlə ölkəmizə xidmət edən bütün Xarici İşlər Nazirliyi sistemi əməkdaşlarına şamil edilməsi və ya qarayaxma cəhdləri yolverilməzdir.

Tags:  Elmar Məmmədyarov 2015-ci il Azərbaycan siyasi iqtisadi sosial humanitar sahələrdə uğurlu il olub



RƏYLƏR


Top news