Yaşayan şəhidlər, bir qala məsumiyyət, Çukurcümə caddəsindən REPORTAJ

Yaşayan şəhidlər, bir qala məsumiyyət, Çukurcümə caddəsindən REPORTAJ
12:39 25 Dekabr 2015
35 Sosial
Ölkə mətbuatı
A- A+

“Əsirlikdə hamilə qalıb dünyaya gətirdikləri uşaqları nə edəcəklərini bilməyən qadınların acıları...”

 

 

Təyyarədə Anton Çexovun “Qeyd dəftərçələri. Məktublar”ını vərəqləyirəm. Bu fikirlər beynimdə ilişib qalır: “Hakim sinif uzun müddət müharibəsiz yaşaya bilmir. Onlar müharibəsiz darıxırlar. Bayram əhval-ruhiyyəsi onları yorur, əsəbiləşdirir, nə üçün yaşadıqlarını bilmirlər, bir-birlərinin ətini yeyir, bir-birlərini daha çox sancmağa çalışır, bir-birlərini və özləri özlərini bezdirməmək üçün var güclərini sərf edirlər. Nəhayət, müharibə başlayır, hamını cəzb edir və ümumi dərd onları birləşdirir”.

 

Onları birləşdirir, bizi isə ayırır. Müharibə qərarlarını da kişilər verir, döyüşə də kişilər yollanır. Sonunda ya qalib gəlirlər, ya da məğlub olurlar... Amma biz qadınlar müharibənin ardından yerlə-yeksan oluruq. Ata, ər, oğul, qardaş itiririk... Onlar müharibədə bir dəfə ölür, biz isə hər gün... Müharibə bitir, silahlar susur, amma ömründə bircə dəfə də olsun müharibəni hiss edən qadın hər gün yenidən ölür... Müharibənin qayıdacağı qorxusu ilə...

 

Uşaq olanda elə bilirdim müharibə qara geyimli, arıq, kədərli gözləri yollara dikilən qadınlar və onların ətəyindən yapışıb dayanan yarıac, sevincsiz uşaqlar deməkdir... Elə bilirdim müharibə haradasa lap uzaqlarda olur. Atalar, əmilər, dayılar, qardaşlar ora, o uzaqlara gedirlər. Kədərli qadınlar isə kişilərin də yerinə işləyir, uşaqları böyüdür, ağır işlərdən əlləri qabaq atır, yollara baxır və kişilər uzaqlarda təklikdən donmasınlar deyə onlar üçün corab toxuyurlar...

 

İlk bomba səsini eşidəndə gördüklərimdən anlamışdım ki, müharibə yaxınlarda da olur və o ancaq uzaqlarda olanda qadınlar kişilər üçün səbirlə corab toxuya bilirlər... Müharibə evinin içində olanda, analar balalarını mərmi adlı yırtıcıdan qorumaq üçün dişi canavara çevrilirlər...

 

Bu düşüncələr dünyanı sarmış müharibə qoxulu günlərin birində Türkiyənin Bursa şəhərində keçirilən “Savaşların yaşayan şəhidləri: Analar və uşaqlar” adlı beynəlxalq konfransa gedərkən məni rahat buraxmır.

 

Hollandiya, Bosniya-Hersoqovina, Türkiyə və Azərbaycan nümayəndələrinin iştirak etdiyi konfransı Azərbaycan Kültür Dərnəyi ilə Hollandiya Avrasiya Vəqfi təşkil edib. Məni savaşın yaşayan şahidi – araşdırmaçı yazar kimi dəvət ediblər. İştirakçılara bir müharibə uşağının yaşadıqlarını və böyüdükdən sonra da qulağından güllə səsi, burnundan barıt qoxusu, canından müharibə qorxusu getməyən jurnalist kimi hazırladığım savaşın yaşayan şahidləri – girovların həyat hekayəsini anlatmalıyam...

 

Savaşı yaşamaq xatırlamaqdan da, anlatmaqdan da asandır... Amma bunu kimsəyə izah edə bilmirsən. Bunu heç Lent.az-da “Əsir düşərgəsi” hekayələrini yazarkən müsahiblərim də mənə izah edə bilmirlər... Bəlkə də, açıq sahəyə bombalar yağanda sığınacaq tapıb daldalanmaq daha asandır, nəinki o günləri sözə çevirmək...

 

Sığınacaq demişkən... Konfransın keçirildiyi zal xüsusi olaraq belə seçilmişdi, ya təsadüfdü, bilmirəm, özümü bir qalaya – sığınacağa qısılmış hiss etdim. Təşkilatçıları qadın olan (Azərbaycan Kültür Dərnəyi Bursa şöbəsinin rəhbəri Handan Askeran Ton, Azərbaycan Kültür Dərnəyi qadın qollarının başçısı Nəsrin Ünal və Hollandiya Avrasiya Vəqfinin rəhbəri Fatma Aktaş) konfransın iştirakçıları da qadınlar idi, bizi dinləyənlərin əksəriyyəti də... Qadınlar qədim bir qalaya toplanıb, dünyanın astanasında dayandığı müharibəni lənətləyir, savaşlara yox deyirdi...

 

Bir müharibə uşağı üçün bu konfransa qatılmaq elə 23 il öncə müharibədən qaçıb daldalandığımız sığınacaqları xatırladırdı. O vaxtlar kişilər hamısı silaha sarılmışdı, onlar səngərdə torpağı, qadınlarsa evlərdə bizi qoruyur, güllə, bomba səsi eşidən kimi sığınacaqlara qaçırırdılar...

 

Sığınacaqlar qadın və uşaqlarla dolu olurdu... Hamı müharibəni lənətləyir, bir an öncə bitməsini arzulayırdı...

 

Bu konfransda da eyni ilə belə idi. Qadınlar savaşa yox deyirdilər. Azərbaycan Kültür Dərnəyinin Bursa şöbəsinin rəhbəri Handan Askeran Ton konfransın məqsədini belə açıqladı: “Son 25 il ərində Qarabağda, Balkanlarda, Bosniya-Hersoqovinada, bu gün İraq və Suriyadakı savaşlarda qənimət olaraq istifadə edilən, orqan mafiyasının əlinə düşən, əsirlikdə hamilə qalıb dünyaya gətirdikləri uşaqları nə edəcəklərini bilməyən qadınların acılarını dilə gətirməyə çalışacağıq. Qadın və uşaqların savaşlarda yaşadıqları illərlə toplum içində böyük travmalara səbəb olur. Dünya bu savaşlara bir “dur” desin artıq! Savaşlar bitsin, silahlar sussun, dünyada barış olsun!”

 

Bosniya-Hersoqovinadan gələn savaş şahidi, əsirlik həyatı yaşayan 74 yaşlı qadın ərinin gözü qarşısında necə təcavüzə məruz qalmasından danışdı... Çıxışını bitirə bilmədi... Halı pisləşdi...

 

Düşündüm ki, kaş bu qadınlarla bizim girovluq yaşamış qadınları görüşdürmək imkanım olardı... Onlar bir-birini elə gözəl anlayar, yaralarına elə yaxşı məlhəm olardılar ki... İllərdir qəhər kimi boğazlarına tıxanıb qalan ,heç kimə deyə bilmədikləri sözləri bir-birlərinə rahat danışa bilərlər... Mənə qalarsa, bizim qadınlar bosniyalı qadınların savaşda məruz qaldıqları təcavüzdən sonra verdikləri həyat mücadiləsini birbaşa onların dilindən dinləməlidirlər...

 

...Konfransın növbəti günü isə müharibə haqqında çəkilən filmlərə baxış və müzakirə ilə davam etdi. Litvalı rejissor Aleksandras Brokasın Xocalı faciəsi haqqında çəkdiyi “Sonsuz Dəhliz” (“Endless Corridor”) filmi nümayiş etdirildi. Filmi izləmək ağır idi, amma nə gizlədim, filmi izləyərkən Bursalıların mənə sizin Valeh, sizin Mehriban deməklərindən xoşlandım. “Əsir düşərgəsi”nin burada oxunmasından məmnun idim. Baxmayaraq ki, bir neçə türk saytı layihənin hekayələrini türkcəyə çevirib yayımlayır, indi gördüm ki, heç buna da ehtiyac yoxdur. Oxucular Lent.az-dan “Əsir düşərgəsi”ni izləyirlər.

 

Konfransda həm də “Əsir düşərgəsi” layihəsinin materialları əsasında “APA Holding”in dəstəyi ilə hazırlanan “Cəhənnəmdə böyük çığırtı” kitabını təqdim etdik. Bu haqda çox yazmayacağam, oxucum bilir, kompleksim var.

 

Tədbirin sonunda konfransdakı çıxışlardan hazırlanan hesabat Birləşmiş Millətlər Təşkilatına göndərildi...

 

Mən isə boğazımda tıxanıb qalan qəhəri udmaq üçün bir yol axtarıram... Müharibə uşağının – keçmişi olmayan insanın rahat nəfəs alması asan deyil... Üstəlik də ətrafında günlərcə ancaq müharibə və onun qurbanları müzakirə olunubsa....

 

Mənimsə boğulma lüksüm yoxdur. Hər dəfəsində bir səbəb tapıb, yaşamağa davam edirəm. Çünki hələ müharibənin ilk zərbəsini alarkən özümə bir söz vermişdim – Mən müharibəyə qalıb gələcəyəm! Məhv olmayacağam!

 

Bu dəfə nədən güc alacağımı bilmirəm... Bakıya dönüşümdə yolum İstanbulun Çukurcümə caddəsindən keçir... Orxan Pamuk “Məsumiyyət muzeyi” romanında Füsunun yaşadığı evin yolunu o qədər mükəmməl təsvir edib ki, şəhərə gələn qonaq belə oranı rahatca tapa bilər... Romandan yadımda qalan yollarla gedib, düz Keskin ailəsinin yaşadığı evə çıxıram...

 

Bura o qədər xatirə qoxuludur ki, səssizlikdə o məsum əşyaların arasında öz xatirələrinə toxunmuş olursan... Axı bizim, xüsusi ilə müharibə uşaqlarının öz içlərində bir məsumiyyət muzeyi var... Ata qoxulu, nənə ətirli... gəlincikli, yelləncəkli... Hüzurlu...

 

Yazını burada saxlayacağam. Qismət olarsa, bu günlərdə “Məsumiyyət muzeyi”ndən reportajı sizə təqdim edərəm. Hələ ki, çalışın heç bir savaşa dəstək olmayın. Heç məhəllə davasını da dəstəkləməyin. Necə deyirdi Albert Enşteyn? “İnsanlar müharibəyə getməkdən vaz keçmədikcə, heç bir müharibəni dayandırmaq mümkün deyil!”





Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226543

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR