Gürcüstan parlamenti Baş nazir postuna yeni namizədin adını Prezidentə təqdim edib

Gürcüstan parlamenti Baş nazir postuna yeni namizədin adını Prezidentə təqdim edib
13:38 25 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 25 dekabr, AZƏRTAC
Gürcüstan parlamenti hazırda Baş nazirin müavini və xarici işlər naziri vəzifələrini icra edən Georgi Kvirikaşvilinin bu ölkənin Baş naziri vəzifəsinə təyin olunmasına razılıq verib.
Bu barədə qərar hakim “Gürcü arzusu” Partiyasının parlamentdə yaratdığı koalisiyaya daxil olan çoxluğun dekabrın 25-də keçirilmiş iclasında qəbul olunub. Baş nazir vəzifəsinə dörd nəfərin namizədliyi irəli sürülsə də, sonda G.Kvirikaşvilinin namizədliyi qəbul olunub.
Müzakirələrdə sabiq Baş nazir İrakli Qaribaşvili də iştirak edib.
Konstitusiyaya uyğun olaraq parlament öz namizədini Prezidentə təqdim edib. Ölkə başçısı G.Kvirikaşvilinin namizədliyinə razılıq verməli və yeni hökumətin qurulmasını ona həvalə etməlidir. Bundan sonra yeni Baş nazir qısa müddətdə hökumətin yeni tərkibini və öz proqramını parlamentə təqdim edəcək. Parlamentdə yeni tərkib və proqram təsdiq olunduqdan sonra yeni hökumət tam tərkibdə fəaliyyətə başlayacaq.
Bütün bu proseslərin dekabrın sonlarınadək başa çatdırılması nəzərdə tutulub.
İclasdan sonra G.Kvirikaşvili jurnalistlərə bildirib ki, o, bu vəzifənin öhdəsindən gəlməyə çalışacaq. Kvirikaşvili hökumətin yeni tərkibinin yaxın günlərdə məlum olacağını bildirib və tərkibdə yeni kadrların yer alacağını istisna etməyib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gurcustan_parlamenti_Bas_nazir_postuna_yeni_namizedin_adini_Prezidente_teqdim_edib-914281

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR