İstanbulda TDƏŞ-in Ağsaqqallar Şurasının onuncu toplantısı keçirilir

İstanbulda TDƏŞ-in Ağsaqqallar Şurasının onuncu toplantısı keçirilir
13:58 25 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


İstanbul, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Ağsaqqallar Şurasının X toplantısı işə başlayıb.
Toplantıda Türkiyə rəsmiləri, ölkə parlamentinin deputatları, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərovun, Qırğızıstan Ağsaqqallar Şurasının sədri Beksultan Zakiyevin, Qazaxıstan ağsaqqallarının nümayəndəsi, sabiq senator Adil Ahmetovun rəhbərlik etdikləri nümayəndə heyətləri, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali, TURKSOY-un və TürkPA-nın təmsilçiləri iştirak edirlər.
İclasın gündəliyinə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının altıncı Zirvə toplantısının əsas mövzusu olan gənclik və idman mövzusu, o cümlədən siyasi, iqtisadi, mədəni, turizm, biznes və digər sahələr də daxil olmaqla təşkilatın 2016-cı ildə nəzərdə tutulan çoxistiqamətli fəaliyyətinin daha səmərəli qurulmasına dair məsələlər daxildir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov TDƏŞ-in ayrı-ayrı strukturlarının, o cümlədən Ağsaqqallar Şurasının fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətindən danışıb.
Sonra nümayəndə heyətlərinin rəhbərlərinin və digər təmsilçilərin çıxışları dinlənilib. Bildirilib ki, TDƏŞ-ə üzv ölkələrdə gənc nəslin düzgün tərbiyəsi, yüksək təhsil alması, onların ölkələrimizin inkişafında daha yaxından iştirakına nail olunması məsələlərində ağsaqqalların üzərinə böyük vəzifələr düşür. TDƏŞ ölkələrimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə düzgün çatdırılması məsələlərində beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirməli, həmçinin bu prosesdə qurumun Ağsaqqallar Şurasının iştirakına ciddi səylər göstərməlidir.
Sonra Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məlumat verib.
İclas dekabrın 26-da işini davam etdirəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Istanbulda_TDAS_in_Agsaqqallar_Surasinin_onuncu_toplantisi_kechirilir-914293

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR