Dövlət Miqrasiya Xidməti Şamaxıda “Açıq qapı günü”- vətəndaş forumu keçirib

Dövlət Miqrasiya Xidməti Şamaxıda “Açıq qapı günü”- vətəndaş forumu keçirib
15:53 25 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən dekabrın 25-də Ağsu regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Şamaxı rayonunda “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, ictimaiyyət və mətbuat nümayəndələri üçün “Açıq qapı günü” - vətəndaş forumu keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, eyni zamanda, vətəndaşsızlığın aradan qaldırılması, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar, işəgötürənlər, sahibkarların nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbiri olub.
Forumda çıxış edən Xidmətin məsul əməkdaşı bildirib ki, “Açıq qapı günü”nün məqsədi istər Azərbaycan vətəndaşlarının, istərsə də əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin rahatlıqlarını və müraciətlərinin həllini operativ təmin etmək, suallarını birbaşa yerindəcə cavablandırmaq, rəy və təkliflərini dinləməkdir. Qeyd olunub ki, miqrasiya prosesi qloballaşan dünyanın ayrılmaz hissəsidir. Ölkənin geostrateji mövqeyi, sosial-iqtisadi inkişafı, sabitlik Azərbaycanı əcnəbilər üçün cəlbedici məkana çevirib. Son illər Azərbaycanda qalma müddətinə müvafiq olaraq 2015-ci ilin 11 ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı Dövlət Miqrasiya Xidmətinə 630 min 321 əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib. Həmçinin, Xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 96 min 277 şəxs tərəfindən müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Bu il Azərbaycan Prezidentinin sərəncamları ilə 267 şəxs vətəndaşlığa qəbul olunub, 9 nəfərin isə vətəndaşlığı bərpa edilib.
“Açıq qapı günü”ndə xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə miqrasiya problemlərinin operativ və düşünülmüş şəkildə həlli üçün düzgün miqrasiya strategiyası müəyyənləşdirilib. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin respublikamıza qanuni əsaslarla rahat gəlmələrini, qalmalarını, yaşamalarını, işləmələrini, təhsil almalarını təmin edən mütərəqqi qanunvericilik bazası yaradılıb. Eyni zamanda, fəaliyyəti beynəlxalq standartlara uyğun normativ hüquqi aktlarla tənzimlənən, müasir xidmət imkanlarına, peşəkar kadr potensialına malik Dövlət Miqrasiya Xidməti formalaşdırılıb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, həmçinin vətəndaşların qəbulu şöbələri müasir avadanlıq və zəruri vasitələrlə təchiz edilib.
Mövcud miqrasiya qanunvericiliyinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər respublikamızda olarkən, qanunda və ya ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. Həmçinin, ölkəmizin vətəndaşları ilə bərabər bütün vəzifələri də yerinə yetirməli, onların hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycanın milli mənafeyinə zidd olmamalıdır.
Həyata keçirilmiş fəaliyyətin nəticəsidir ki, respublikamız bu gün dünyada aktual mövzuya çevrilmiş miqrasiya ilə bağlı hər hansı ciddi problemlə qarşılaşmayıb. Bu ilin 11 ayı ərzində 24 min 734 əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən ölkə ərazisində olma, müvəqqəti və daimi yaşama qaydalarına əməl edilməməsi, habelə etibarsız sənədlərlə yaşama hallarına görə inzibati qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Diqqətə çatdırılıb ki, ölkəyə gələn və respublikamızda olan hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs mütləq qaydada Azərbaycan Respublikasının ərazisində olmasını və yaxud yaşamasını leqallaşdırmalıdır. Bunun üçün həmin şəxslərin istər Dövlət Miqrasiya Xidmətində, istərsə də qurumun 8 regional miqrasiya idarəsində birbaşa qəbulu və yaxud, elektron qaydada Xidmətə müraciət etmələri üçün bütün imkanlar yaradılıb.
Forumda Xidmətin təqdim etdiyi elektron xidmətlərdən istifadə ilə bağlı geniş təqdimat olub.
Sonda iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Miqrasiya_Xidmeti_Samaxida_Achiq_qapi_gunu__vetendas_forumu_kechirib-914364

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR