Nurəddin Mehdixanlı: “Hərbçi olmaq istəyirdim”

Nurəddin Mehdixanlı: “Hərbçi olmaq istəyirdim”
16:59 25 Dekabr 2015
23 Sosial
Ölkə mətbuatı
A- A+

“Aktyor qladiatordur. Hər gün səhnəyə çıxır, döyüşür, orada bir tale yaşayır və ölür, pərdə bağlanır. Amma aktyorlar həm də oynadıqlarını gizlətmirlər. Aktyor sənətinin özəlliyi həm də bundadır”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, xalq artisti Nurəddin Mehdixanlı deyib.

 

O, aktyor sənətinin çətin və ağır olduğunu bildirib: “Aktyorlar fədakardırlar. Başqa sənətdə olsaydı, qazana biləcəyi çox şeylərdən imtina edərək bir ömür yaşayır. Çətin və ağır həyatdır. Yalnız alqışa görə, bu isə yalnız tamaşanın sonunda bilinir. Aktyor başqalarının həyatını yaşayaraq, öz həyatını xərcləyən insandır”.

 

Nurəddin Mehdixanlı aktyorluq sənətinə gəlişindən də söz açıb: “Başqa peşənin arxasınca getməyə hazırlaşırdım. O zamanlar “26-lar” Mədəniyyət sarayında Lütfi Məmmədbəyov xalq teatrının rəhbəri idi. Açığı, mən hərbçi olmaq istəyirdim. Teatrla, sənətlə tanışlığım var idi. O zamanlar məktəb teatrları var idi. Hətta ucqar kənd məktəbinin də kiçik teatrı vardı. Təbii ki,  məktəb teatrının tamaşalarında iştirak edirdim. Aktyor olmaq həvəsində deyildim. Hərbçi olmaq istəyirdim, çünki ailəmizdə də hərbçilər çoxdur. Amma Lütfi müəllim məni inandırdı, Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsinə qəbul oldum. Düzünü deyim ki, böyük sənətkarımız Adil İsgəndərov olmasaydı, yəqin ki, 6 aydan sonra bu sənəti atıb, arzularımın ardınca gedərdim. Məni bu sənətə bağlayan onun şəxsiyyəti olub. O bizə öyrətdi ki, bu sənət sıradan sənət deyil. Əgər sən özünü başqaları üçün yandırmağı bacarırsansa, bu sənətə gələ bilərsən. Əksinə olsa, gəlmə. Bu Sirat körpüsüdür. Sürüşsən, yıxılacaqsan. Amma bacarsan, verəcəkləri var. İnsanların məhəbbətini qazanırsan. Seçilmişlərdən olursan, sayılırsan. Böyük sənətkarlar var ki, 100 il öncə vəfat ediblər, amma hələ də yaşayırlar. Sən də onlardan biri ola bilərsən, amma verdiyin bədəl heç də ucuz olmur”.

 

“Aktyor yaşadığı zamanın ən intellektual, ən mütaliəli insanlarından olmalıdır”

 

Aktyor bildirib ki, tələbə olduğu zaman Adil İsgəndərov, Əzizağa Quliyev, Mikayıl Mirzədən dərs alıb: “Həmin dönəmlərdə Rza Təhmasib, Mehdi Məmmədov, Tofiq Kazımovu gördüm. Təyinatımı Akademik Milli Dram Teatrına verdilər. Və beləcə, sənət həyatım başladı. Heç zaman peşmanlıq çəkməmişəm. Amma aldığım təhsilin qarşılığında aktyor sənətinə yüngül münasibət, yola vermək məsələsi, söz əzbərləyən, dramaturqun hambalı kimi yanaşmalar məni qane etmir. Aktyor yaşadığı zamanın ən intellektual, ən mütaliəli insanlarından olmalıdır. Çünki o, digərlərini maraqlandırmağı bacarmalıdır. Aktyor tarixçi, dilçi, musiqiçi, filosof olmalıdır, yaşadığı zamanı dərk etməlidir. Aktyor o dərəcədə maraqlı olmalıdır ki, tamaşaçı onu 2 saat səhnədə izləyə bilsin. İçi boş aktyoru tamaşaçı o dəqiqə hiss edir və telefonla oynamağa, söhbətləşməyə, yuxulamağa başlayır”.

 

Xalq artisti ilk dəfə rol aldığı tarixi tamaşa barədə məlumat verib: “İlk dəfə xalq şairi Nəriman Həsənzadənin “Atabəylər” pyesi əsasında, xalq artisti Mərahim Fərzəlibəyovun hazırladığı eyniadlı tamaşada Seyfəddin Ruzu canlandırmışam. Bu obrazı canlandıranda 24 yaşım var idi. Xüsusilə, qeyd edim ki, biz ali məktəbdən hazırlıqlı gəlmişdik. Bizə idman, döyüş dərsləri keçilmişdi, at minmək, qılınc döyüşdürmək öyrədilmişdi. Çünki sərkərdə rolu üçün görkəm tələb olunurdu. O zaman rol seçimi daha obyektiv idi. Düzdü, rol almaq çətin idi, amma layiq idinsə, verirdilər. İşinin haqqını alırdın”.

 

Qonaq gənc aktyorların əksəriyyətinin tez tanınmaq istədiyini vurğulayıb: “Mən gəncləri başa düşürəm. Onların teatrdan seriallara getmək səbəbi həm də budur. Amma unudurlar ki, teatr laboratoriyadır. Buna görə də ən uğurlu rollar teatr aktyorlarının oynadığı rollardır. Amma kino aktyorları teatrda oynaya bilməyiblər. Azərbaycanda kifayət qədər istedadlı gənclər var. Amma məktəb istənilən səviyyədə olmayıb. Elementar danışıq üslubunu, vurğunu bilmir”.

 

Nurəddin Mehdixanlı bildirib ki, tarixi tamaşalar hazırlananda ilkin şərt rejissorun yaradıcı heyətin digər üzvlərindən daha savadlı olmasıdır: “Rejissor savadı, intellekti, dünyagörüşü ilə üstün olmalıdır. Aktyor isə tarixi şəxsiyyəti canlandıracaqsa, o zamanı öyrənməlidir. O, canlandırdığı şəxsiyyətin həyatını və ümumiyyətlə, o dönəmin mühitinə bələd olmalıdır. Bəzən tarixi tamaşalar hazırlanarkən ciddi qüsurlara yol verilir. Geyim pyesdə təsvir olunan dövrə uyğun olmur, aksessualara diqqət edilmir və s”.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226595

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR