Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının həmrəyliyində əsaslı rol oynayır

Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının həmrəyliyində əsaslı rol oynayır
17:03 25 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Şərur, 25 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra dünyanın ayrı-ayrı ölkələrində Azərbaycan diasporunun formalaşdırılması, azərbaycançılıq ideologiyasının təbliği istiqamətində ardıcıl işlər görülüb, bir çox böyük şəhərlərdə Azərbaycan dilində qəzetlərin nəşr olunmasına, radio və televiziya verilişlərinin təşkilinə nail olunub.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının Şərur rayonundakı yeni istifadəyə verilmiş Axaməd Kənd Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirdiyi tədbirdə səsləndirilib.
Təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev məruzə ilə çıxış edərək bildirib ki, 1990-cı il iyulun 22-də azadlıq hərəkatının beşiyi Naxçıvana qayıdan ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib. Ulu Öndər azərbaycançılıq ideyasına sədaqətinin ifadəsi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını yenidən ucaldıb. 1991-ci il dekabrın 16-da isə ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.
Ə.Babayev vurğulayıb ki, bütün dünya azərbaycanlılarının lideri olan Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımızla görüşləri zamanı verdiyi dəyərli məsləhətlər Azərbaycan diasporunun fəaliyyətinin canlanmasına və vahid məqsəd naminə birləşməsinə stimul verib. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I qurultayı keçirilib. Qurultayda dahi şəxsiyyət Heydər Əliyev çox böyük tarixi əhəmiyyət kəsb edən geniş nitq söyləyib. Böyük öndər xaricdə yaşayan həmvətənlərimizə tövsiyə edərək deyirdi ki, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar azərbaycançılıq ideologiyası, müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağı ətrafında sıx birləşməli, bu ideologiyaya öz əməli fəaliyyətləri ilə töhfələr verməlidirlər. Qurultaydan sonra dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı öz ətrafında birləşdirən icmaların mütəşəkkilliyi və fəallığı daha da artıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Məruzəçi diqqətə çatdırıb ki, hazırda dünyanın müxtəlif ölkələrində 400-dən çox diaspor təşkilatımız fəaliyyət göstərir və onların hər biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfəsini verir. Bu da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ideologiyanın təntənəsi, Azərbaycan həqiqətlərinin dünyada get-gedə daha çox tanınması və qəbul edilməsi deməkdir.
Tədbirdə Axaməd kənd tam orta məktəbi və kənd ərazi ilk partiya təşkilatlarının sədrləri Arif Yusifov və Zaman Abbasov, partiya üzvü Tamara Aşurlu çıxış ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanchiliq_ideologiyasi_dunya_azerbaycanlilarinin_hemreyliyinde_esasli_rol_oynayir-914411

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR