"Avropada oynamaq hamımıza hədiyyə olacaq"

"Avropada oynamaq hamımıza hədiyyə olacaq"
17:07 25 Dekabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün 23 yaşını qeyd edən “Kəpəz”in futbolçusu Şəhriyar Əliyev klubun rəsmi saytına müsahibə verib. Müsahibəni təqdim edirik.

- Şəhriyar, təbrikləri qəbul et...
- Minnətdaram, deyim ki, dünəndən zəng edib təbrik edənlər var. Çoxları elə bilir dekabrın 24-ü ad günümdür. Bu gün təkrar arayanlar da olub. İlk dəfədir ki, ad günümü “Kəpəz”in futbolçusu kimi qeyd edirəm. Yeni komandayıq, əla kollektivimiz var, mehribançılıq hökm sürür. 
 
- Doğum gününü evdə qeyd edəcəksən, yoxsa kənarda?
- Yox, evdə olacağam. Təmtəraqı sevən insan deyiləm. Yaxınlar, qohumlar yəqin ki, gələcək. Onların arasında evdə qeyd edəcəyik. Ailəmlə bir yerdə olmağı çox istəyirəm. Həyatda hər şeydən önəmli ata-ananın varlığıdır. Onların yanımda olması hər şeyə dəyər.
 
- Bu gün hədiyyə qəbul etməklə aran necədir?
- Vallah, hədiyyə almağı çox xoşlayıram, amma vermirlər (ucadan gülür). Hədiyyə nə qədər çox olsa, yaxşıdır.

- Sənin də bildiyin kimi “Kəpəz”də ad günləri ilə bağlı ənənə var. Kiminsə ad günü olanda komanda bir yerə yığışır və tort kəsilir. Amma indi hamı istirahətdə olduğu üçün gərək üzrlü sayasan.
-  (gülür) Buna görə beş ildi təəssüflənirəm. Hansı kluba gedirəmsə, ad günüm qeyd olunmur. Tətildə olduğumuza görə uşaqların hərəsi bir yandadır. Bakıdakı uşaqlarla yəqin ki, bu gün görüşəcəyik. İstərdim ki, ad günümü komanda ilə birgə keçirim. Amma qismət belədir. Tətildən qayıdan kimi toplanışda tort aldırıb bunun əvəzini çıxacağam.  
 
- “Kəpəz”in turnir cədvəlində beşinci sırada olmasını sənin üçün ad günü hədiyyəsi hesab etmək olar?
- Bəri başdan deyim ki, bu nəticəni qazanmaq asan olmayıb. Bundan da yaxşı yerlərdə ola bilərdik. Bəzi oyunlarda xallar itirdik, bu olmasaydı, ikinci yeri də tutmaq olardı. Belə baxanda, liderlərlə xal fərqi elə də çox deyil. Qarşıda çempionatın ikinci hissəsi durur, mübarizə hələ qabaqdadır. “Kəpəz”ə gələndə çoxdan idi ki, futbol oynamırdım, zədədən yeni qayıtmışdım, formadan çox uzaq idim. Allah şükür, özümə gəlirəm, formamı bərpa edirəm. İnşallah, bu mövsüm Premyer Liqada uğurla çıxış edərik. Avropa Liqasına vəsiqə qazanmağı və “sarı-göy” formada qitəmiqyaslı turnirdə mübarizə aparmağı çox arzulayıram. Hamımıza hədiyyə bu olacaq. 
 
- Geriyə boylananda cari mövsümdə nəticəsini unutmadığın oyun oldu?
- İki ilə yaxın futbol oynamadım, ona görə çempionatın əvvəlində meydana çıxanda çox çətin idi. Beş oyunda nəyi necə etdyimi bilmədim. Şahin müəllim sağ olsun, mənə dəstək verdi, etimad göstərdi. Başqası olsaydı, bu qədər bəlkə də şans verməzdi. Yavaş-yavaş düzəldim. Oyundan-oyuna artırmağa çalışırdım. Elə oyunlar oldu ki, mütləq qələbə qazanmalıydıq, amma alınmadı, bir xalla kifayətləndik. Bu da bizə təsir etdi. Bu ildən nəticə çıxardıb, gələn il üçün oynamalıyıq. Avroliqaya getmək istəyiriksə, daha yaxşı çıxış etməliyik.
 
- Onda demək əvvəlki Şəhriyarı çempionatın ikinci hissəsində görə biləcəyik...
- İnşalah, fasilədə yaxşı təlim-məşq toplanışı keçib, çempionata hazırlaşacağıq. Özüm də bilirəm ki, əvvəlki formamdan aşağı səviyyədə çıxış edirəm. Bundan sonra hər şeyin daha yaxşı olacağına ümidliyəm. Gələn ildən başqa Şəhriyarı görərsiz.
 
- “Kəpəz”in heyətində sonuncu müdafiəçi mövqeyində daha üç futbolçu çıxış edir. Bu heyətdə rəqabəti artırır?
- Baş məşqçi kimə şans verirsə, həmin futbolçu da oynayır. Bizim komandada kimin oynaması yox, komandanın nəticə qazanması önəmlidir. Əvvəllər də Tural Nərimanov, Azad Kərimov və Tərlan Quliyev ilə bir yerdə oynamışıq. Bir-birimizi yaxşı tanıyırıq. Meydana kim çıxırsa, yaxşı oynamağa, komandaya kömək etməyə çalışır. Kimsə səhv edəndə digəri onu sığortalamağa səy göstərir. Kollektivimiz çox mehribandır, hamı bir-birinə can deyib, can eşidir. Hamımız bir-birimizə dayağıq.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotavropada-oynamaq-hammza-hdiyy-olacaqquot-t46418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR