Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan yığmasının sabiq baş məşqçisi: "Ağırlıqqaldırma hazırda çökür"

Azərbaycan yığmasının sabiq baş məşqçisi: "Ağırlıqqaldırma hazırda çökür"

Date: 25 December 2015 17:07

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vahid Nəzərov 6 ağırlıqqaldıranın dopinq-testdən keçə bilməməsi ilə bağlı fikirlərini bölüşüb. Tanınmış mütəxəssis "Report"a açıqlamasında problemin yığmanın baş məşqçi postuna əcnəbilərin gətirilməsindən qaynaqlandığını bildirib. 
Onun fikrincə, belə xoşagəlməz hallar 2005-ci ildən mütəmadi baş verir: "10 il öncə Əfsət Əfsətov baş məşqçi postuna gətirildi. Həmin il o, ən güclü iki idmançımızı - Nizami Paşayev və Natiq Həsənovu dopinqə saldı. Sonra qaçıb, getdi. Əfsətov getdikdən sonra yenə komandanı mən götürdüm, dünya çempionu verdim, uğur qazandıq. 2009-cu ildə ilk dəfə Avropa çempionatında 48 ölkə arasında 3-cü yer tutduq. Onda heyətdəkilər də azərbaycanlı idmançılar idi. Daha sonra Yanko Rusevi baş məşqçi gətirdilər və mən də çıxdım. 2010-cu ildə Belarusun paytaxtı Minskdə 2 idmançı - Rövşən Fətullayev və Zülfüqar Süleymanov dopinqdə "ilişdi". Sonra Rusev də getdi. Onun yerinə 3 qat dünya çempionu Zlatan Vanev gəldi. Mən dedim ki, hər çempiondan məşqçi çıxmaz. Ola bilsin, dahi idmançıdır, amma məşqçi başqa şeydir. Ölkə Prezidenti idmana yüksək səviyyədə qayğı göstərir. Ancaq federasiya rəhbərləri əcnəbiləri gətirirlər, öz yüksək səviyyədə olan mütəxəssislərimiz qalıb kənarda".
Daha öncə xeyli sayda ağırlıqqaldıranın cəzalandırıldığını xatırladan V.Nəzərovun sözlərinə görə, burada əsas problem legionerlərin milliyə dəvət olunmasıdır: "Zlatanın vaxtında 19 nəfər cəzalandı. Zülfüqar Süleymanov ömürlük, digərləri 2 il müddətinə yarışlardan uzaqlaşdırıldı. Federasiya isə yarım milyon dollar cərimə ödədi. Kristina Yovuya 110 min dollar ödənildi ki, gəlib bizdə çıxış etsin. 50-dən çox bahall legioner gətirilib. Amma indi hanı o əcnəbilər? İdmançını gətirirlər, yetişdirmək əvəzinə aptekdən qadağan olunmuş dərmanları verirlər ki, tez yüksək nəticə versinlər. Ağır atletika hazırda çökür. Ən sonuncu ümidimiz bu 5-6 nəfər idi, onlar da cəzalanacaq" 
V.Nəzərov dünya çempionu Nizami Paşayevin yığmaya məşqçi təyinatına da mənfi münasibət bildirib: "Mən gənclərin əlehinə deyiləm. Yığma komandaya təcrübəsi olmayan adam qoyulur. Hazırda Nizami Paşayev məşqçidir. O, nə vaxt məşqçi oldu? 25-26 yaşında əməkdar məşqçi olmaq olar? 
Əməkdar hakim 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycan ağırlıqqaldıranlarının iştirak etməyəcəyini də deyib: "Bizə 4 lisenziya verilib. Ancaq yığmanın 6 üzvü dopinq-testdən keçə bilməyib. Bu isə o deməkdir ki, bizim idmançılar Rio-2016-da çıxış edə bilməyəcək".
Qeyd edək ki, ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında Azərbaycanın 6 ağırlıqqaldıranı - Silviya Angelova (48 kq), Valentin Xristov (62 kq), Firudin Quliyev (69 kq), Elxan Əliquluzadə (77 kq), İntiqam Zairov (94 kq) və Dadaş Dadaşbəylinin (105 kq) orqanizmindən istifadəsi qadağan olumnmuş dərman preparatı tapılıb. 

Tags:  Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağırlıqqaldırma hazırda çökür

RƏYLƏR


Top news