"Qara üzümüzə durdu ki, Malaqaya getməyəcəyəm"

"Qara üzümüzə durdu ki, Malaqaya getməyəcəyəm"
17:32 25 Dekabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, 19 yaşadək millimizin (U-19) üzvü Qara Qarayev İspaniyanın "Malaqa" klubu ilə müqavilə bağlamaqdan imtina edib. Uzun müddətdir ki, bu klubda məşq keçən, lakin 18 yaşı hələ tamam olmadığı üçün rəsmi oyunlara çıxmayan Qara ötən ayın əvvəllərində Bakıya qayıdıb və o vaxtdan İspaniyaya getmək istəmədiyini bildirib.


Qaynar.info onun "Malaqa"ya getməsində vasitəçilik etmiş, əvvəldən sonadək lazımi sənədlərin yığılmasında köməklik etmiş Milli komandaların inzibatçısı və Seleksiya İşləri üzrə baş koordinator Riad Rəfiyevi bu məsələ ilə bağlı danışdırıb.


Riad bəyin fikirlərini oxuyun və tipik Azərbaycan futbolçusunun xüsusiyyətlərini bir daha xatırlayın:


"Özünüz də bilirsiniz ki, AFFA Qara Qarayevin sənədlərini qaydasına qoymaq üçün nə qədər əziyyət çəkmişdi. Onu İspaniyaya göndərmişdik. Bu əziyyətə qarşılıq Qara İspaniyadan qayıdıb deyir ki, "Malaqa"da oyunlara çıxmadığı üçün ora daha getmək istəmir. Halbuki özünə də, atasına da dəfələrlə deyilmişdi ki, 18 yaşı olmadan Qara "Malaqa"da oyunlara çıxa bilməyəcək! Çünki 18 yaşdan sonra peşəkar müqavilə bağlanılır. Ancaq bunadək yoxlama oyunlarında meydana çıxırdı, hətta qol da vururdu. Lakin indi bizə deyir ki, mən orda oynamıram deyə formadan düşürəm. Dedim ki, Qara, sənin 18 yaşın martda olacaq, həmin aya nə qalıb ki, səbr et. O, U-19-un seçmə oyunlarından 1 həftə əvvəl Bakıya gəlmişdi və məşq vaxtı zədələnmişdi. Yəni, onsuz da zədəsinə görə yanvaradək oynaya bilməyəcəkdi. Çempionat da yanvarın sonu-fevralın əvvəlində başlayır. Fevraldan marta da 1 aydır.


Ondakı ağla baxın da. Bu 1 aya görə o uşaq dedi ki, mən Azərbaycanda oynamaq istəyirəm, ora qayıtmaq istəmirəm, atamı işdən çıxarıblar, ona kömək etmək istəyirəm. Bu söhbət AFFA-nın baş katibi səviyyəsinədək şişdi. Ona dedik ki, sənin üçün bu qədər əziyyət çəkilib, Malaqaya getməlisən. 10 gün onunla danışdıq ki, fikrindən vaz keçirək. Dedik ki, nə kömək lazımdırsa, atana kömək edəcəyik, qayıt "Malaqa"ya. Fikrindən döndərə bilmədik. Qayıdıb üzümüzə durdu ki, getməyəcəyəm, neyləyəcəksiniz ki. Bu da Azərbaycan futbolçusunun tipik mentaliteti... "Malaqa"dan hansısa 400-500 manata görə qayıdasan, nə var-nə var mən Azərbaycanda futbol oynayacağam.


Atası "Malaqa" söhbəti çıxandan sonra gündə 10 dəfə zəng edirdi ki, xahiş edirəm, oğlumu Avropaya göndərin, nə sənəd lazımdırsa edərəm, təki burda qalmasın. Ora göndərdik, indi atası üstümüzə düşüb ki, istəyirəm, oğlum Azərbaycana qayıtsın. Böyük ehtimalla, burda U-19-la olanda hansısa menecer onun başını tovlayıb. Amma 1 aya görə belə etməzlər... 


Hələ seçmə oyunlarla bağlı Bakıya gələndə Nazim Süleymanov (U-19-un baş məşqçisi - red.) deyirdi ki, bu uşaq "Malaqa"ya gedəndən özündənrazılıq yaranıb, özünü çox "dartır". Hər gün gəlib deyirmiş ki, ayağım ağrıyır, məşq edə bilmirəm. Hər gün bir oyun çıxarırmış. Mən isə Nazim müəllimdən xahiş etdim ki, o uşaq perspektivlidir, yalan danışmaz, ayağı ağrıyır deyirsə, yəqin ağrıyır. Yəni hələ o vaxt Nazim müəllim deyirdi ki, belə uşaq mənə lazım deyil, getsin "Malaqa"ya, o mənə kömək edə bilməyəcək. Mənim xahişimdən sonra onu yığmada saxladılar. Amma bu uşaq başdan-ayağa problem imiş...


Halbuki onun "Malaqa"da qalmaq üçün çox yaxşı şansları vardı. Şəxsən o klubun akademiya direktoru ilə danışmışdım. O isə mənə demişdi ki, çox güman, biz Qara ilə müqavilə bağlayacağıq".


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqara-uzumuz-durdu-ki-malaqaya-getmycymquot-t46419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR