Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Devalvasiya Azərbaycan futboluna necə təsir edəcək?

Devalvasiya Azərbaycan futboluna necə təsir edəcək?

Date: 25 December 2015 17:42

Artıq bir müddətdi ki, futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klublardan çoxu maliyyə problemləri yaşayır. Pulsuzluq ucbatından dağılan Zaqatalanın "Simurq", uzun müddət sponsor məsələsindən əziyyət çəkən "İnter" və əvvəlki büdcəyə sahib olmayan "Neftçi", AZAL və "Xəzər Lənkəran"ın vəziyyəti göz qabağındadı.

Ekspertlərin və mütəxəssislərin sözlərinə görə, son günlər dolların manata nisbətdə dəyərinin qalxması da Azərbaycan futboluna təsirsiz ötüşməyəcək. Buna səbəb klubların transfer və bir çox digər əməliyyatlarını xarici valyuta ilə həyata keçirməsidi.

Nəticədə devalvasiya komandaların xərclərinin artmasına gətirib çıxarır. Təbii ki, bu amil, əsasən, əcnəbi futbolçu və məşqçi cəlb edən komandalara mənfi təsir edəcək. Artıq komandalar bununla bağlı hər hansı addım atmağı planlaşdırır. Elitada çıxış edən klubların devalvasiyaya münasibəti, bununla bağlı hansı addımlar atacağı böyük maraqla gözlənilir. Çünki hər hansı komandanın öz legionerlərindən bir və ya bir neçəsi ilə sırf bu məqsədlə yollarını ayırması təəccübləndirici olmaz.

"Report" mövzu ilə bağlı klub rəhbərləri arasında sorğu keçirib.

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl futbolçularla olan müqavilələrin maliyyə tərəfləri barədə çox danışmaq istəməsə də, devalvasiyanın bütün biznes strukturları kimi, kluba da təsirini göstərəcəyini deyib: "Amma vəziyyətdən minimum itki ilə çıxmaq üçün mümkün olanı edəcəyik. Bu məqsədlə futbolçularla da danışacağıq".

"Qəbələ"nin baş meneceri Zaur Əzizov bildirib ki, devalvasiya yalnız futbolçu müqavilələrinə deyil, təlim-məşq toplanışı, idman inventarları, tibbi ləvazimatların alınması və bir çox digər məsələlərə təsirini göstərəcək: "İndiki halda nə dərəcədə təsir etməsi ilə bağlı hər hansı fikir söyləyə bilməyəcəyəm. Yəqin ki, yaxın günlərdə bununla bağlı hər hansı göstəriş verilsə, dəqiq bilinəcək. Futbolçulara gəlincə, tək bizdə yox, istənilən çempionatdakı klubda xarici futbolçular azlıq təşkil etmir. Onlar bura manat qazanmağa gəlmir və öz ölkələrində də manat xərcləmirlər. Başa düşmək başqadı, amma başa düşüb nə edə bilərlər, əsas məsələ budu".

"Neftçi"nin icraçı direktoru Elnur Məmmədov təmsil etdiyi klubun öz xərclərinin yeni iqtisadi şərtlərə uyğunlaşması istiqamətində işlədiyini söyləyib: "Son dövrlər dünya bazarında neftin qiymətinin üç qat aşağı düşdüyünü nəzərə alsaq, manatın son bir ildə 98% devalvasiyasını təbii proses kimi qiymətləndirə bilərik. Hazırda “Neftçi” öz xərclərinin yeni iqtisadi şərtlərə uyğunlaşması istiqamətində işləyir. Ümumiyyətlə, bu durum əcnəbi oyunçuların çoxluq təşkil etdiyi bütün klublara təsir edəcək".

İqtisadçı-ekspert Vüqar Bayramov isə devalvasiyanın futbolçu alqı-satqısı ilə məşğul olan klublara ciddi təsir etməyəcəyini bildirib: "Bu məsələ yalnız idman sahəsinə deyil, xaricdən işçi dəvət edən, xarici şirkətlərlə əməkdaşlıq edənlərə də təsir edəcək. Əcnəbi futbolçularla danışıqlar avro və ya dollarla aparılır. Ancaq komandanın gəlirləri manatladı. Bura bilet satışı, yayım haqqı və digər gəlirlər daxildi. Eyni zamanda, nəzərə almaq lazımdı ki, futbolçuların transferləri də xarici valyuta ilə həyata keçirilir. Klub aldığı futbolçunu uyğun qiymətə sata bilirsə, həmin klubun itirmə imkanları xeyli daralır. Bu da riskləri məhdudlaşdırmaq imkanı yaradır. Bu səbəbdən düşünmürəm ki, idman klubları üçün ciddi bir itki olacaq. Çünki onların transfer imkanları genişdi". 

V.Bayramovun fikrincə, devalvasiya əsasən daim futbolçu alıb, onları satmayan klublara təsir göstərəcək. Ekspert vəziyyətdən çıxış yollarını da açıqlayıb: "Klublar özəl sahə olduğu üçün indiki zamanda kompensasiya imkanları xeyli məhduddu. İdmanın inkişafı baxımından dolayı fəaliyyətlərin həyata keçirilməsinə ehtiyac var. Burada xüsusi güzəştlərin tətbiqi, xərclərin bir hissəsinin kompensasiya edilməsi, eləcə də gəlir vergisi ilə bağlı güzəştlərin edilməsi mümkündü. Bu da imkan verə bilər ki, transfer edən, amma öz futbolçularını az satan komanda üçün mövcud riskləri sığortalamaq mümkün olsun. Azərbaycan futbolunda kənar gəlir çox deyil. Əsas gəlir mənbəyi sponsordu. Daha məqsədəuyğundu ki, iş adamlarını da sponsorluqda maraqlı etmək üçün bu tip qaydalar həyata keçirilsin. Vergi güzəştləri tətbiq edilə bilər. Nəzərə alsaq ki, cəlb olunan futbolçuların gəlirləri yüksəkdi, gəlir vergisində də güzəşt etmək olar. Belə olan halda da klub xərclərə qənaət etmiş olur. Devalvasiya öhdəliyi dollarla, gəliri manatla olan klublara mənfi təsir edəcək. Ancaq gəlir və xərci manatla olanlara təsir etməyəcək. Burada xüsusən, borclanmadan söhbət gedir. Xarici borclar yerli valyuta ilədisə, təsir etməyəcək".

Göründüyü kimi, vəziyyətdən çıxış üçün komandalar hər hansı addım atacaqlarını, iqtisadçı-ekspert isə həmin addımın nədən ibarət ola biləcəyini söyləyir. Qalan tək məsələ vəziyyətdən minimum itki və ya ümumiyyətlə itkisiz çıxmaqdı. Əks təqdirdə, daha bir neçə klubun yaşamaq uğrunda mübarizədə aciz qalaraq dağılmasına şahidlik edəcəyimiz istisna deyil...

Fanat.az

Tags:  Devalvasiya Azərbaycan futboluna təsir edəcək

RƏYLƏR


Top news