Turizm İnformasiya Mərkəzləri paytaxt və regionlarda turizmin inkişafına təkan verir

Turizm İnformasiya Mərkəzləri paytaxt və regionlarda turizmin inkişafına təkan verir
19:23 25 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Respublikamızda turizm imkanlarının daha geniş şəkildə təbliğ edilməsi, müxtəlif ölkələrdən turistlərin cəlb edilməsi, həmçinin turizm marşrutlarının yaradılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıda və regionlarda Turizm İnformasiya Mərkəzləri (TİM) yaradılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hazırda ölkədə 12 Turizm İnformasiya Mərkəzi uğurla fəaliyyət göstərir. Bu mərkəzlərin işinin təkmilləşdirilməsi, daha çox turistə xidmət göstərməsi məqsədilə nazirliyin sifarişi əsasında www.azerbaijan.travel portalının daxilində 8 sayt yaradılıb (www.baku.azerbaijan.travel; www.sheki.travel; www.shamakhi.travel; www.ganja.travel; www.guba.travel; www.khachmaz.travel; www.zagatala.travel; www.lankaran.travel). Həmin saytlarda Turizm İnformasiya Mərkəzinin əhatə etdiyi bölgə haqqında, onun mətbəxi, nəqliyyat sistemi, mehmanxana və restoranları, eləcə də turistlər üçün maraqlı ola biləcək digər xidmətlər barəsində məlumatlar öz əksini tapır. Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə yeni yaradılmış TİM-nin (Qəbələ, İsmayıllı, Qusar və Bərdə) rəsmi internet səhifələrinin hazırlanması istiqamətində müvafiq işlər görülür.
Bundan başqa feysbuk sosial şəbəkəsində hər bir Turizm İnformasiya Mərkəzi üçün müvafiq səhifələr açılıb ki, həmin səhifələrdə bölgənin turizm potensialı haqqında məlumatlar əks olunmaqla yanaşı, həmçinin birbaşa olaraq turistlərə onları maraqlandıran suallara cavab almaq imkanı verilir.
Eyni zamanda yerli və xarici turistlərin məlumatlandırılması məqsədilə müvafiq layihələr həyata keçirilir. Belə ki, turistlərə aidiyyəti xidmətlərin göstərilməsi ilə bağlı informasiya mərkəzləri həftənin bütün günləri fəaliyyət göstərir, mərkəzlər tərəfindən müxtəlif dillərdə reklam-çap məhsulları hazırlanır, turistlərə informasiya verilməsi üçün internet, telefon vasitəsilə birbaşa ofisdə xidmət göstərilir, həmçinin əməkdaşların xarici dil biliklərinin daim artırılması məqsədilə müxtəlif tədbirlər görülür. Bunlarla yanaşı, TİM-lər turistlərin müvafiq mehmanxanalarda yerləşdirilməsini, nəqliyyat xidmətini və yerli bələdçilərlə təmin edir, ekskursiyalar təşkil edir.
TİM-lərin işinin təkmilləşdirilməsi, daha çox yerli və xarici turistlərə xidmət göstərilməsi məqsədilə onların əsas ofisi saxlanılmaqla, şəhərin mərkəzi küçəsində turizm informasiya köşkünün quraşdırılması ilə bağlı layihələr həyata keçirilir. İlkin olaraq Şamaxı və Lənkəran şəhər İcra Hakimiyyətləri ilə razılaşdırılmış şəkildə müvafiq köşkün yaradılması planlaşdırılır. Bu layihələr uğurlu nəticə verəcəyi təqdirdə digər bölgələrdə də davam etdirilməsi nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turizm_Informasiya_Merkezleri_paytaxt_ve_regionlarda_turizmin_inkisafina_tekan_verir-914485

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR