Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mədət Quliyev DTX arxivini açdı - FOTO

Mədət Quliyev DTX arxivini açdı - FOTO

Date: 25 December 2015 19:52

Milli Təhlükəsizlik Nazirliyinin yeni rəhbərliyi "Türküstan" qəzetinin yazarlarından olan, həmçinin Carci.az saytının rəhbəri Sərxan Carçının quruma ünvanlanmış müraciətini qısa müddətdə cavablandırıb.

Milli.Az xəbər verir ki, bununla bağlı Sərxan Carçı Turkustan.info saytına bildirib:

"Yazıda gördüyünüz foto təxminin 85 il əvvəl, 1931-ci ilin əvvəlində çəkilib. Fotodakı şəxs isə elə həmin tarixdə əksinqilabi fəaliyyətinə görə 3 il azadlıqdan məhrum edilən, 1938-ci ildə isə "əksinqilabi fəaliyyət" və "antisovet təbliğatı" maddələri ilə təqsirli bilinərək güllələnən babam (daha dəqiqi babamın atası) Carçıyev Musa Abbas oğludur.

Babamın həbsi ilə bağlı arxivdəki sənəd arayışlarını və varsa fotosunu əldə etmək üçün Milli Təhlükəsizlik Nazirliyinin əvvəlki rəhbərliyinə dəfələrlə xahiş məktubu yazıb, aylarla gözləsəm də, onlar "vətəndaşın müraciəti haqqında" qanunu tapdalayaraq heç bir cavab yazmırdı. Nazirlikdə rəhbərlik dəyişəndə ümidsiz halda, amma bir qədər sərt şəkildə birbaşa general Mədət Quliyevə məktub yazdım. Heç bir cavab gözləməsəm də, bir neçə gün keçmiş telefonuma zəng gəldi. Zəng vuranların MTN-dən olduğunu biləndə, bu dəfə də cavab verməsəydilər, onları məhkəməyə verəcəyimi bildirdim. Onlar da "lap düz edəcəkdin" deyib, babam Carçıyev Musanın sənədlərinin tapıldığını bildirdilər. MTN-nin arxiv əməkdaşları o sənədləri mənə verəcəklərini dedilər. Amma öncə onlara kəndimizin icra nümayəndəsindən, həqiqətən, o kişinin nəvəsi (varisi) olmağımla bağlı sənəd təqdim etməli idim. Tələb olunanı verib ən qısa müddətdə sənəd arxivini, hətta fotosunu əldə etdim. İndi bu yazı vasitəsi ilə şəxsən Mədət Quliyevin özünə, MTN-nin (indiki DTX-nın) arxiv işçilərinə, sənədləri hazırlayıb göndərən baş idarəyə və MTN Qazax rayon şöbəsinə, bu işə xüsusi həssaslıqla yanaşdığı üçün rəis müavini Fəxrəddin Babayevə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Əldə etdiyim sənədlərdən represiya qurbanı olan babamla bağlı kifayət qədər yeni bilgilər öyrəndim. Məsələn babamın güllələnmədən əvvəl də həbs olunduğunu bilsək də, bunun "əksinqilabi fəaliyyət" maddəsi ilə olduğunu və buna görə 3 il həbsdə olduğunu bilmirdik (Biz bir il bilirdik). Və yaxud bəzi sənədlərə onun 1900 yox, 1897-ci il təvəllüdlə yazılması da bizim üçün yeni idi. Ən əsası isə yaşlı qohumlarımızın belə yadından çıxmış, 1 yaşında dünyasını dəyişmiş Çiçək adlı qızının sənəddə qeyd olunması hər kəsi, həqiqətən, heyrətə gətirdi. Onu da deyim  ki, sənəddə qeyd edilən beş övladdan hal-hazırda yalnız  biri, Tükəzban adlı digər qızı həyatdadır. Və elə bu işin ən təəssüfləndiyim tərəfi odur ki, bir az tez tərpənib, babam dünyasını dəyişməmiş üzünü görmədiyi (xatırlamadığı) atasının fotosunu ona göstərə bilmədim (Yuxarıda da qeyd etdiyim kimi barəsində yazdığım Carçıyev Musa babamın atasıdır).

Amma əldə etdiyim arxiv qovluğunda nəzərdən qaçan amillər də var. Məsələn, orda Carçıyev Musanın kənd təsərrüfatı ilə məşğul olduğu yazılsa da, gerçəkdə kənd təsərrüfatı ilə bərabər o, həm də doğma Qazax rayonunun Çaylı kəndinin Kənd Sovetində hansısa vəzifə ilə görəvli imiş. Həbsdə cəzasının belə ağır, güllələnmə olmasına səbəb də elə bu olub ki, sovet dövlətinin kiçik məmuru ola-ola üstündə Müsavatın vəsiqəsini gəzdirib, Müsavatçılıq ideyalarının təbliği ilə məşğul imiş. Həm də bunu tək yox, arxiv sənədlərində adı keçən əmisi oğlanları Carçıyev Qurban Əli oğlu, Carçıyev Mustafa (Məşədi) Əsgər oğlu və digər əqidədaşları ilə bir yerdə edib.

Xırda təfərrüatlara varmadan bir daha Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə və bütün əməkdaşlarına təşəkkürümü bildirərək acizanə bir təklif də etmək istəyirəm. Bu qurum daha bir böyüklük göstərib bütün represiya qurbanlarının fotoları ilə bir yerdə arxiv sənədlərini ya bir neçə cildlik kitab şəklində, ya da hansısa qəzetin saylarında hissə-hissə dərc edib ictimaiyyətə təqdim etsin. Və yaxud uyğun bir adda (məsələn, represiya.az) veb sayt açıb bütün arxivi ora yükləmək olar ki, bu işlərin texniki tərəfində əlimdən gələn köməyi etməyə hazıram. Düzdü, minlərlə qurbanı olan bir ölkədə bu dediklərimi etmək o qədər də asand deyil. Amma nəzərə alsaq ki, cənab Mədət Quliyev Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası" kimi ağır bir quruma da rəhbərlik edir, o zaman əmin oluram ki, etdiyim təklifin də öhdəsindən asanlıqla gəlinəcək".

Milli.Az


Tags:  Mədət Quliyev DTX arxivini açdı FOTO


RƏYLƏR


Top news