Bakı, 25 dekabr, AZƏRTAC
Kiprin yunan hissəsinin Prezidenti Nikos Anastasidis və adanın türk hissəsinin lideri Mustafa Akıncı Yeni il münasibəti ilə ilk dəfə olaraq əhaliyə birgə müraciət ediblər.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Nikos Anastasidis türk dilində, Mustafa Akıncı isə yunan dilində kiprlilərə birgə vətənlərində yenidən sülh və əmin-amanlıq şəraitində yaşamağı arzulayıblar.
Bu addım Kipr probleminin nizamlanması yolunda Yeni il tətilindən sonra başlayacaq danışıqların uğuruna ümid yaradır.
Xatırladaq ki, Kiprin iki hissəsinin birləşdirilməsi uğrunda son cəhdlər 2004-cü ildə, adada iki icmalı və iki zonalı dövlət qurulmasını təklif edən BMT-nin baş katibi Kofi Annanın vasitəçiliyi ilə göstərilib. Lakin onun təklifi referendum nəticəsində rədd edilib. Yeni referendum isə artıq yeni ilin ilk aylarında keçirilə bilər.