Gözlənilən "zəlzələ" baş verəcəkmi?

Gözlənilən "zəlzələ" baş verəcəkmi?
21:17 25 Dekabr 2015
158 Digər
Ölkə mətbuatı
A- A+

Çaya çatmamış balağı çırmalamazlar...

Bu gün səhər sosial şəbəkələri gözdən keçirərkən ekspertlərdən birinin belə fikri ilə rastlaşdım: "Cəmi 1,5-2 ildən sonra Bakının mərkəzində 2 otaqlı, tam təmirli evi 20-25 min dollara ala biləcəksiniz!"



Artıq çoxları bu fikirdədir ki, neftin qiyməti dünya bazarında kəskin düşür və hətta bundan sonra onun 20-15 dollaradək enə biləcəyi ehtimalı böyükdür. Ona görə də iqtsadiyyatı və büdcəsi, əsasən, neftdən asılı olan ölkələrdən biri kimi Azərbaycanda da bu fonda manatın ucuzlaşması və dövlətin "üzən məzənnə" siyasətinə keçməsi normaldır. Lakin hesab edirlər ki, bu addım məhsulların qiymətinin bahalaşmasına, eləcə də əhalinin alıcılıq qabiliyyətinin ciddi şəkildə aşağı düşməsinə təsir edəcək. Məhz alıcılıq qabiliyyətinin düşməsini əsas gətirərərək ölkədə əmlak bazarında da tənəzzül yaşanacağı, qiymətlərdə dəfələrlə eniş olacağı proqnozlaşdırılır.


Yəni həqiqətənmi bu gün yerindən asılı olaraq Bakıda 60-80 min dollara satılan mənzillərin qiyməti cəmi ilyarımdan bir ortabab avtomobilin qiyməti səviyyəsinədək aşağı düşərək indikindən 3-4 dəfə ucuz olacaq? Belə bir "zəlzələ"nin indidən baş verəcəyini dəqiqliklə söylmək olarmı?

Şəxsən mən bu fikirdə deyiləm. Düzdür, manatın məzənnəsinin dəyişməsindən, bəzi məhsulların qiymətinin qalxmasından sonra əhalinin alıcılıq qəbiliyyəti enəcək və insanlar daha çox qənaət rejiminə keçməli olacaqlar. Çünki hökumətin il ərzində iki dəfə devalvasiyaya getmək məcburiyyətində qalması əhalinin də rifah halına təsirsiz ötüşməyəcəkdi. Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da AZƏRTAC-a verdiyi müsahibəsində istisna etməmişdi. O, qeyd etmişdi: "Mütəxəssislər yaxşı bilirlər ki, valyutanın sabitliyinin müdaxilə yolu ilə qorunması dövlətə nə qədər çətin itkilər hesabına başa gəlir. Lakin o da bəllidir ki, "üzən məzənnə"yə keçid də cəmiyyət üçün itkisiz başa gəlmir və özü ilə bir çox sosial-iqtisadi problemlər gətirir, dövlətin daxili həyatına, ictimai rəyə mənfi təsirsiz ötüşmür".

İlin əvvəlində, yanvar ayında ölkədə daşınmaz əmlakla bağlı əməliyyatlara vergi nəzarəti gücləndirildi. Bunun bazarda qiymətlərə mənfi təsir edəcəyi gözlənilirdi. Lakin fevral devalvasiyasından sonra qiymətlər dəyişdi... Noyabr ayında daşınmaz əmlak bazarında əməliyyatların vergiyə cəlb edilməsi ilə bağlı qanunvericiliyə edilən dəyişikliklərin yeni ildən tətbiqi və bunun qiymət enişinin müşahidə edildiyi bazara təsiri gözlənilirdi. Lakin neftin qiymətinin kəskin düşməsi fonunda baş verən dekabr devalvasiyası yenidən hər şeyi dəyişdi.

Ekspertlərdən bəziləri hesab edir ki, hazırda daşınmaz əmlak bazarının gələcəyi qeyri-müəyyəndir, çünki hazırda neft və maliyyə sektorunda nələrin baş verə biləcəyinə dair məlumatlar çox azdır. Ona görə də əmlak bazarı ilə bağlı real məlumatlar da yalnız müəyyən müddətdən sonra bəlli olacaq.

Prezident İlham Əliyev də dekabrın 23-də Milli Olimpiya Komitəsində idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində bildirmişdi: "Əlbəttə, 2016-cı ildə dünyada nələr baş verəcəyini proqnozlaşdırmaq çətindir. Əsas vəzifəmiz ondan ibarətdir ki, Azərbaycanda siyasi və iqtisadi proseslər müsbət istiqamətdə getsin. Azərbaycan bölgənin sabit ölkəsi kimi öz yolu ilə getsin, bizim qarşımızda duran iqtisadi məsələlər öz həllini tapsın. Mən buna şübhə etmirəm. Mən ümid edirəm ki, neftin qiyməti bu cür aşağı səviyyədə çox qala bilməz, qalxacaq və qalxdıqca manatın məzənnəsi də qalxmalıdır".


Ona görə də əlahəzrət məntiqdən çıxış edərək, demək olar ki, əhalinin alıcılıq qabiliyyətinin müvəqqəti düşməsini əsas gətirərək mənzil bazarında kəskin ucuzlaşma və ya bahalaşma olacağını proqnozlaşdırmaq yanlışdır. Bizdə bu sahə üzrə, demək olar ki, heç dəqiq hesablamalar aparmaq mümkün deyil, o ki qala proqnoz verilə. Bazara süni təsir göstərmək məqsədi daşıyan bu cür proqnozlar adətən məqsədli xarakter daşıyır və kimlərinsə sifarişi ilə həyata keçirilir. Bundan başqa, təcrübə göstərir ki, bu vaxta kimi mənzil bazarı ilə bağlı verilmiş uzunmüddətli proqnozlar özünü heç zaman doğrultmayıb. Əgər özünü doğruldan varsa, onda mənə bircə dənə 2-3 il əvvəl verilmiş və Azərbaycanda mənzil bazarında indiki vəziyyətin yaranacağını dəqiq bildirən bir proqnoz göstərin.

Bundan savayı, belə proqnozlar insanlarda bir tərəfdən həm bədbinlik yaradır, həm də alıcıları bazardan uzaqlaşdırır. Bu da bazarda əməliyyatların, dinamikanın azalmasına gətirib çıxarır və nəticədə onun inkişafına mənfi təsir edir.

Mən daha çox bu fikirlə razıyam ki, məzənnənin dəyişməsinin əmlak bazarına təsiri çoxpilləli olacaq. Belə ki, ilkin mərhələdə bəzi alıcılar və satıcılar artıq razılaşdırılmış alqı-satqı əməliyyatlarından imtina edəcəklər. Alıcılar qiymətlərin daha da düşməsini gözləyəcək. Satıcılar isə ya satışı dayandıracaq, ya da qiymətlərə yenidən baxacaqlar. Növbəti mərhələdə qiymətlər tarazlaşmağa başlayacaq. Hadisələrin daha sonrakı gedişi isə makroiqtisadi şəraitdən, bank sektorunun vəziyyətindən, eləcə də ipoteka kreditləşməsinin səviyyəsindən asılı olacaq.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/393016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR