Əməkdar artist: "Bu qədər parlamayıblar" - FOTO

Əməkdar artist: "Bu qədər parlamayıblar" - FOTO
22:42 25 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

Respublikanın əməkdar artisti Toğrul Əsədullayevin Milli.Az-a müsahibəsi.

- Özünüzü oxucuya necə təqdim edərdiz? 

- Sadə: kamança ifaçısı Toğrul Əsədullayev.

- Bu yaxınlarda respublikanın əməkdar artisti fəxri adına layiq görüldünüz, fəlsəfə üzrə elmlər doktoru elmi dərəcəsini aldınız və ən əsası - qız atası oldunuz. Nə cür hisslərdir? 

- Bəli, düz buyurursunuz. Şükür olsun Allaha, fəxri ada layiq görüldüyümə görə cənab prezidentə öz adımdan, ailəm adından təşəkkürümü bildirirəm. Çox sevincli, fəxr etməli hisslərdir, ikinci övladım dünyaya gəlib. Maşallah! Allah bu günü mənə yaşadıb, şükürlər olsun. Arzusunda olanlara qismət olsun! Amin!

- Əslində bu sual hər zaman məni maraqlandırıb. Tar ifaçılıq sənətində Sadıqcan, Məşədi Mənsur kimi ifaçılar olub və tarda müəyyən dəyişiklikləri ediblər. Misal üçün, tarı dizdən sinəyə qaldırmaq kimi. Amma kamança ifaçılıq sənətində kamança adı gələn kimi biz nədənsə yalnız rəhmətlik Habil Əliyevi anırıq. Təbii ki, Habil bəy böyük və əvəzsiz sənətkar olub. Ondan öncəki kaman ifaçılarının niyə şöhrəti Habil bəy kimi olmayıb? Sualımın ikinci hissəsi isə ondan ibarətdir ki, kamançada son yüzillikdə hansısa dəyişikliklər olub? Simində, ya formasında?

- Kamança ifaçıları XII əsrdən başlayaraq bu günə kimi olublar. Məsələn, Məhsəti Gəncəvi, Hüseyn Əvvad, Heydər Kamançayi, Mirzə Məhəmməd Kamançayi, elə Sadıqcanın özü də gözəl kamança çalıb. Yəni kamança çalanları sadalamaqla bitməz. Dövrümüzdə İsmayıl Talışinski, Qılman Salahov, Hafiz Mirzəliyev, Fərhad Dadaşov, Elman Bədəlov, Tələt Bakıxanov, Mütəllim Novruzov, Ədalət Vəzirov, müasirlərimiz Habil Əliyev, Fəxrəddin Dadaşov, Mirnazim Əsədullayev, Ağacəbrayıl Abbasəliyev və başqalarının adını çəkə bilərik. Kamança aləti də əvvəllər birsimli olub. Sonradan 2-3-4 simə qalxıb. Bu alətin simləri qədimdə bağırsaqdan hazırlanırdı. XIX əsrin axırı, XX əsrin əvvəllərində metal simlərlə əvəz olunub. Yəni kamança haqqında cildlərlə kitablar yazılsa belə, kifayət etməz. Çox çətin, olduqca maraqlı və sirli alətdir.
Ustad Habil Əliyevə qaldıqda isə, düzdür, kamanca ifaçıları olub, bu qədər parlamayıblar, hər zaman müşayiət ediblər. Ancaq Habil müəllim solist olaraq fəaliyyət göstərib. Onun ürəyi çox böyük idi, nə ifa edirdisə - möhürünü vururdu. Allahın bəxş etdiyi istedad idi. Allah rəhmət eləsin.

- Bəs Toğrul Əsadullayev kamança və mədəniyyət tariximizdə nəyi ilə öz möhürünü vurub, imzasını qoyacaq? Yəni kamançada dəyişiklik deməzdim, amma hansı kəşfi və ya yeni ideyası ilə fərqlənəcək? Bəlkə də fərqlənir, xəbərimiz yox?

- İnşallah, zaman göstərər. Mən deyə bilmərəm, onu izləyicilər, tamaşaçılar deyə bilərlər. Hər musiqiçi istər ki, musiqi tarixində iz qoysun, eləcə də mən. Bunun üçün hər zaman çalışmalısan, məşq etməlisən ki, irəli gedə biləsən. İnşallah, mənim də arzumdur ki, kamança ifaçılığında uca zirvələrə çatım.

- Niyə də yox?! Musiqi, məncə, qandan gəlir və sizin ailə də musiqiçi ailəsidir demək olar. Hətta bildiyim qədəri ilə qardaşınız da ilk qanun ifaçısı olub.

- Bəli, düz deyirsiz, musiqiçi ailəsində anadan olmuşam. Atam əməkdar artist, dosent, ADMİU-nun müəllimi Mirnazim Əsədullayev, anam musiqi kollecinin kamança müəllimi Dilarə xanım Əsədullayeva. İlk müəllimim anam, axırıncı müəllimim isə atam olub. Qardaşım da kişilər arasında ilk qanun ifaçısı Elnur Əsədullayevdir. Hal-hazırda da konsertlərdə, tədbirlərdə, el şənliklərində qanun ifa edir. Amma tibb sahəsində çalışır. Klinikaların birində şöbə müdiridir.

- Bu yaxında maraqlı bir qrup gördüm. Kamança ifaçılarından ibarət. Demək olar, bütün ifaçılar gənc və yeniyetmələrdən ibarət idi. Bir peşəkar kimi bu qrup haqqında nə deyə bilərsiz? Sizcə, bu ideya özünü doğruldacaqmı?

- Kamança çalanlar ansamblı var. Bəli, çox gözəldir, rəhbəri də mənim müəllimim Arzu Səlimovadır. Özünü doğruldacaq. Professional ansambldır. Çoxlu reklam lazımdır ki, çox tanınsınlar. Arzu xanım bunun üçün də çalışır. Gözəl də alınır.

- Bəs siz necə? Kamançadan dərs deyirsiz, muğam festivallarında, konsertlərdə, tədbirlərdə, el şənliklərində müşayiət edirsiz, solo-ifalarınız necə, varmı? Ya öz bəstələriniz? 

- Bəli, dərs deyirəm, Azərbaycan Milli Konservatoriyasının baş müəllimiyəm. Əlbəttə, solo-ifalarım da var. Sözün düzü, öz bəstəm yoxdur, amma bilmək olmaz, bəlkə, zaman keçdikcə olar.

- Yəqin ki, o zaman çox keçməz. Maraqlı müsahibəyə gorə dərin təşəkkürlər.

Səyavuş Əlizadə

Milli.Az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/391258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR