Dəmirtaş Moskvadan hansı təlimatları aldı?

Dəmirtaş Moskvadan hansı təlimatları aldı?
09:47 26 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az musavat.com-a istinadən Hüseynbala Səlimovun yazısını təqdim edir.

Doğrusu, son ana qədər belə hesab edirdim ki, Səlahəddin Dəmirtaş Moskvaya səfər etməyəcək, çünki bu səfərə Türkiyədə çox kəskin neqativ reaksiya bildirilmişdi. Amma səfər baş tutdu. Məlum oldu ki, Xalqların Demokratik Partiyası elə həqiqətən də PKK-nın siyasi qanadı imiş, belə olmasaydı cənab Dəmirtaş problemlərinin həllini Türkiyənin özündə axtarardı...

Məlum oldu ki, rəsmi Moskva Demirtaşı ona görə dəvət edib ki, onlara Suriyada vuruşan bütün qüvvələrin, o cümlədən də Suriya kürdlərinin mövqeyini bilmək maraqlı imiş...

Demirtaş Moskvada birinci onu etdi ki, Türkiyənin rus təyyarəsini vurmasını düzgün olmayan hərəkət kimi səciyyələndirdi... Bunun özü Türkiyə ilə ixtilafa girmək demək idi, çünki bütün Türkiyə siyasətçiləri bunun əksini deyirdi...

Dəmirtaş niyə belə hərəkət edir? PKK-nı bir vaxtlar SSRİ, daha sonra isə bəzi Avropa ölkələri müdafiə edirdilər...

İndi Dəmirtaş yenidən bu cığıra qayıtmaq istəyir. Rusiyanın məqsədi aydındır. O, Türkiyəni içəridən laxlatmaq, ona problem yaratmaq üçün imkanlar və vasitələr arayır. Cənab Dəmirtaş da görünür bu xüsusda xidmətini təklif etmək istəyir...

Amma Türkiyə heç də bütün kürdlərlə vuruşmur. Bəlli olduğu kimi, o, İraq kürdlərinə hətta dəstək verir. İraqda hələ də türk əsgərləri qalır. Onlar yerli kürd döyüşçülərinə təlim keçirlər. Həm də İraqın konstitusiyasına görə bu ölkə neftdən gələn gəlirlərin 17-20 faizini kürd muxtariyyatına verməlidir, di gəl ki, vermirlər. Ona görə də kürd muxtariyyatı sərəncamında olan nefti də Türkiyə ərazisindən ixrac edir...

Türkiyənin savaşı PKK ilədir. Ona görə ki, bu, terrorist təşkilatdır. Dəmirtaş da nə qədər çalışsa da, Türkiyə üçün əlavə problem yarada bilməyəcək, çünki məsəl var, deyirlər ki, islanmışın yaşdan qorxusu olmaz. Türkiyə də bir növ RKK ilə çarpışmağa, vuruşmağa alışıb...
Güman edirik ki, Dəmirtaşın "dərin"ə gedəcəyi halda Türkiyə üçün ən düzgün addım bu partiyanın fəaliyyətini qadağan etmək olardı. S.Dəmirtaşın özünə isə güman ki, A.Öcalanın yanında yer tapılar...

Rusiyaya gəldikdə isə, bu ölkə ardıcıl məntiq zəncirini itirib. Artıq hamı etiraf edir ki, neftin kəskin ucuzlaşmasının bir səbəbi var - Rusiyanı çökdürmək... Əvvəllər bu, belə aydınlıqla etiraf olunmurdu, çoxlu sayda başqa səbəblər göstərirdilər. Amma indi hamı yekdildir...
Bu günlərdə Rusiya prezidenti V.Putin dedi ki, sanksiyaların və böhranın pik dövrü arxada qalıb. Amma heç kim prezidentin bu optimizmini bölüşmür, hamı özünü daha pessimist ssenarilərə hazırlayır. Putinə gəldikdə isə o, nikbin görünməyə məhkumdur, çünki bütün bu proseslərin müəllifi o, özüdür... 

Elə gün olmur ki, hansısa xarici şirkətin Rusiyadan getməsi barədə xəbər yayılmasın. Rusiyalı siyasətçilər elə düşünür ki, ölkənin resursları böyükdür. Amma bu resurslar ötən əsrdə, yenidənqurma ərəfəsində də vardı və o vaxt SSRİ-ni heç kim qoruya bilmədi, ölkə çökdü...
İndi də bir çox təhlilçilər Rusiyadakı vəziyyəti ötən əsrdə yenidənqurma ərəfəsindəki vəziyyətlə müqayisə edirlər. Düzdür, indi Rusiyada planlı deyil, bazar iqtisadiyyatı hökm sürür. Amma bu, necə bazar iqtisadiyyatıdır, bunu hər birimiz bilirik...

Belə bir halda Rusiya özünün xarici əlaqələrinə çox həssas yanaşmalı idi. Gəl ki, belə olmadı - Rusiya Türkiyə ilə əsl savaşa başladı. Bu vaxta qədər deyilənləri və bəyan edilənləri siyasi isterikanın nəticəsi hesab etmək olardı və güman etmək olardı ki, bu, nə vaxtsa bitəcək...
Amma yox, Rusiya Türkiyəyə təsir etmək üçün daha "effektiv" üsullar axtarmağa başladı və seçimini kürd məsələsi üzərində dayandırdı. Amma elə bunu da siyasi isterikanın nəticəsi hesab etmək olar...

V.Putin unudur ki, Rusiya ABŞ deyil, onun total büdcəsi ABŞ-ın hərbi büdcəsinin yarısına bərabərdir. Putin unudur ki, Rusiya heç SSRİ də deyil. O vaxt SSRİ dünyaya təsir etmək üçün böyük pullar xərcləyirdi. Rusiyanın isə belə pulları yoxdur - o, çoxlu nüvə başlığı olan kasıb bir ölkədir...

Ona görə də S.Dəmirtaşın Rusiyaya səfəri haqqında düşünəndə adamın yadına bir türk deyimi düşür: "bütün bunlar mənə bir vız gəliyor..."...

Ona görə də heç bir təlaş keçirmirik. Türkiyə böyük dövlətdir. Böyüklərin isə başı qalmaqalda gərək! Əsas odur ki, nə Dəmirtaş, nə onun Rusiyası Türkiyəyə heç nə edə bilməyəcək...

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/393229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR