Çap mediası çıxış yollarını düşünür

Çap mediası çıxış yollarını düşünür
10:05 26 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

Manatın 48 faizlik növbəti devalvasiyası çap mediasına da təsirsiz ötüşməyəcək. Onsuz da, bu günə qədər çap xərclərinin ağırlığı, yayım, reklam problemi ilə bağlı çətin günlər yaşayan qəzet rəhbərləri bu problemdən sonra hansı addımları atacaqlar?

Milli.Az xəbər verir ki, "Yeni Müsavat" qəzetinin baş direktoru Ələsgər Süleymanov musavat.com-a açıqlamasında son durumu təhlil etdi. Dedi ki, əslində, bugünkü devalvasiya xəbəri barədə daha öncə danışılsa da, yenə də əhali üçün gözlənilməz oldu: "Çünki müxtəlif iqtisadçılar, bu sahənin ekspertləri proqnoz verirdilər ki, hökumət ikinci devalvasiyaya imkan verməyəcək. Hamı da gözləyirdi ki, manatın məzənnəsi üzən məzənnəyə keçsə də, cüzi fərq edəcək və manatın düşməsi tədricən baş verəcək. Amma birdən-birə dollar bahalaşdı. Bu, ilin əvvəlindəki devalvasiya ilə birlikdə 98 faiz devalvasiya deməkdir. Başqa sözlə, manat dollarla müqayisədə iki dəfə dəyərdən düşüb".

Ə.Süleymanov dedi ki, ümumiyyətlə, qəzetlərin durumu bütün əhalinin durumu kimi acınacaqlıdır: "Bu ilin fevralında manatın birinci devalvasiyasından sonra "Yeni Müsavat" qiyməti qaldırmaq istəsə də, sonradan fikrimizdən daşındıq. Camaatın vəziyyəti, onsuz da, yaxşı deyildi, üstəlik qəzeti də 50 qəpik etməyimiz satışa təsir göstərərdi. İndi düşünürük, qəzetin tirajınımı endirək, dövriliyimi azaldaq, işçilərimi ixtisar edək? Yəqin ki, ixtisara gedəcəyik. Proqnozlar pisdir, qəzetin dayanma təhlükəsi var. Vəziyyətdən çox narahatıq. İndiyə qədər qəzeti çətin vəziyyətdə, güclə saxlayırdıq. Bizim gəlirlərimiz olduğu kimi qalmaq şərtilə xərclərimiz iki dəfə artacaq. Bizi gözləyəcək aqibətin necə olacağını proqnozlaşdırmaq çətindir".

Ə.Süleymanovun sözlərinə görə, qəzetin durumu kritik olduğu üçün təcili qərarlar verilməli, qənaət, ixtisarlar edilməlidir. Ə.Süleymanov əks halda qəzetin fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaqlarını dedi.

Ə.Süleymanov hazırkı problemlərin fonunda metrolarda satışın, eləcə də əldə yayımın bərpasının vacibliyini bildirdi. Dedi ki, qəzet satışına qoyulan süni maneələr dərhal aradan qaldırılmalıdır, əks halda vəziyyət daha da kritikləşəcək.

"Azadlıq" qəzeti yanvardan qiymətini qaldıracaq. Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev bu barədə "Azadlıq" Radiosuna açıqlamasında bildirib. O, hələlik qiyməti açıqlamır, deyir, bircə bildikləri odur ki, qiymətin qaldırılması labüddür: "Devalvasiya "Azadlıq"ın, onsuz da, ağır maliyyə vəziyyətini daha da ağırlaşdıracaq. Əgər çapı dayandırsaq, bu, saytımızın da bağlanması demək olar. Çünki "Azadlıq"ın yeganə gəlir mənbəyi qəzet satışıdır".

"Gündəlik Teleqraf" qəzetinin baş redaktoru Aynur Camalqızı isə bununla bağlı hər hansı planları olmadığını bildirdi. Onun sözlərinə görə, yeni bazarın Azərbaycan mediasına necə təsir göstərəcəyini indidən təsəvvür etmək çətindir: "Xüsusən də ilin sonuna yaxınlaşırıq. İndiki halda əməkdaşlarımız bayram əhval-ruhiyyəsindədir. Yəqin ki, bayramdan sonra imkanlarımızı götür-qoy edərək izafi xərclərimizi azaldacağıq. Amma bütün hallarda mən çox nikbinəm perspektivlə bağlı. Azərbaycan dövləti güclüdür. Media da dövlətə güvənir. Azərbaycan prezidenti illərdir neft kapitalını insan kapitalına çevirmək xəttini əsas götürüb. Məncə, indi məhz insan kapitalına meydan verilməsinin zamanıdır".

A.Camalqızı, həmçinin Azərbaycan insanını da ağıllı, zəhmətkeş və istedadlı adlandırdı. Onun fikrincə, insanlarımız dövlətimizi dəstəkləyir və bu çətinliklərin öhdəsindən gələcək: "Düşünürəm ki, Azərbaycan bu böhrandan çıxacaq. Və həm də hakimiyyətin ağıllı şəkildə düşünülmüş qaz layihələri var. Həmin layihələrin icrasına başlanılacaq. Neftin qiymətinin düşməsi bir siyasi oyundur. TANAP layihəsi reallaşmağa başlayınca bu söhbətlər də əhəmiyyətini itirəcək".

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev üçünsə bu şəraitdə işçilərin ixtisarı ən ağır, ən sonuncu və gündəmdə olmayan məsələdir: "Neçə ildir bir yerdə işləyən kollektivik, o baxımdan da ixtisar faktorunu yaxına buraxmaq istəmirik. Çətinliklərimiz olacaq, gözlənilir. Birinci növbədə, çalışıram ki, xərclərin azaldılması hesabına maaşları cüzi də olsa artırım. Qəzet qiymətini artırmağa da getmək olar, amma bu, o qədər də effekt verməyəcək. Ona görə də bunu düşünmürük. Bu şəraitdə qiymətləri qaldırmaq, onsuz da, oxucuların ağır olan maddi vəziyyətini daha da ağırlaşdıra bilər".

"Bizim yol" qəzeti isə hələ ki mətbəələrin tutacağı mövqeyi gözləyir. Baş redaktor Bahədddin Həziyev deyir ki, mətbəə, hələ ki, çap xərcini artırmayıb: "Çap xərcinin qalxması haqda bizə mətbəədən bir söz deyilməyib. Ona görə də bunu müzakirə etməmişik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR