Gəncə yazarları Yusif Səmədoğlunun işığına yığışdılar (FOTO)

Gəncə yazarları Yusif Səmədoğlunun işığına yığışdılar (FOTO)
11:43 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsində Yusif Səmədoğlunun 80 illik yubileyi keçirildi.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə AYB-nin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova açaraq Yusif Səmədoğlunun yaradıcılığı və ədəbi fəaliyyəti haqqında geniş məlumat verdi.

O, dedi ki, Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində anadan olub. Moskvada Yazıçılar İttifaqı nəzdində olan M.Qorki adına Ədəbiyyat İnstituna daxil olmuşdur, həmin İnstitutun IV kursundan ADU-nun Filologiya fakültəsinin beşinci kursuna dəyişilmişdir. “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü, baş redaktoru, “Azərbaycanfilm” kinostudiyasının direktor müavini, “Ulduz” jurnalının baş redaktoru, “Azərbaycan” jurnalının baş redaktoru vəzifələrində işləyib. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilib. 1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı, 1979-cu ildə Əməkdar İncəsənət Xadimi adına layiq görülüb.

Yusif Səmədoğlu “220 saylı otaq”, “Qalaktika”, “Qətl günü” kitablarının müəllifi olub.

Çıxış edən Aləmzər Əlizadə “Qətl günü” romanının dil xüsusiyyətlərindən danışıb onun yüksək bədii məziyyətləri haqqında fikirlərini bildirdi. Böyük sənətkarın qələmindən çıxan əsərin ideyasına, məzmununa görə mükəmməl bir sənət nümunəsi olduğunu vurğuladı.

Yazıçı Qərib Mehdi Y.Səmədoğlunun xatirəsini ehtiramla yad edib onun istər ədəbiyyatın, istərsə də imperyanın çökməsindən sonra müstəqilliyə aparan milli azadlıq hərəkatının liderlərindən biri olduğundan danışdı.

Şair və yazıçılardan İnqilab İsaq, Sahib İbrahimli, Gülafət Bayramova, Fazil Sənan, Nadir Ovçu, Eyyub Cabbarov, İmam Cəmilli və başqaları 80 illiyi qeyd olunan Yusif Səmədoğlu haqqında xatirələr danışdılar yazıçıya həsr etdikləri şeirlərini oxudular.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2474491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR