Azərbaycanın daha bir bərə gəmisi istismarda (FOTO)

Azərbaycanın daha bir bərə gəmisi istismarda (FOTO)
13:13 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanda daha bir bərə gəmisi istismara verilib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (AXDG) Trend-ə verilən məlumata görə, dekabrın əvvəlindən Bakı və Aktau limanlarında avtomobil daşımaları ilə bağlı yaranan sıxlığı nəzərə alaraq, Azərbaycan Gəmiçiliyinin rəhbərliyi istismar ehtiyatında olan bərə gəmilərinin operativ qaydada istismara qaytarılması ilə bağlı qərar qəbul edib.

Türkiyədən Orta Asiya istiqamətində tranzit hərəkət edən yük avtomobillərinin Xəzərdən daşınmasını sürətləndirmək məqsədilə daha bir bərə gəmisi - “Professor Gül” texniki baxışdan və müvafiq işlər yerinə yetirildikdən sonra artıq istismara buraxılıb. Gəminin yükdaşımalara qoşulması ilin sonuna planlaşdırılsa da, gəmi təmirçilərinin operativ və məsuliyyətli işi nəticəsində “Professor Gül” istismara daha tez qaytarılıb.

Bununla da hazırda istismarda olan bərələrin və Ro-Ro gəmilərinin sayı 13-ə çatıb. Daha bir bərənin - “Merkuri-1” gəmisinin isə yaxın günlərdə istismara buraxılacağı gözlənilir.

İndi 6 bərə və 1 Ro-Ro gəmisi Bakı-Aktau, digər 5 bərə və 1 Ro-Ro gəmisi isə Bakı-Türkmənbaşı istiqamətində dəmiryol vaqonu və təkərli texnika daşımalarına cəlb olunub.

Eyni zamanda Aktau limanında yalnız bir bərə körpüsünün mövcudluğu və hava şəraitinin əlverişsizliyi səbəbindən bərə gəmilərinin yükləmə-boşaltma əməliyyatları ləngiyir. Nəticədə gəmilər Aktau limanında körpünün boşalmasını uzun müddət gözləyir, bu isə öz növbəsində, yük maşınlarının Bakı və Aktau limanlarında yığılmasına səbəb olur. AXDG-nin bərə donanması bütün toplanan yük maşınlarının daşınması imkanlarına malik olsa da, Aktau limanının yükaşırma potensialının aşağı olması, bütövlükdə Transxəzər dəhlizində yükdaşımaların həcminə mənfi təsir göstərir.

Xatırladaq ki, yük avtomobillərinin daşınmasına daimi nəzarəti təmin etmək məqsədilə AXDG-də xüsusi işçi qrupu yaradılıb və "qaynar xətt" ayrılıb. Daxil olan zənglərdə tariflər, daşıma müddəti və bərələr haqqında suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılır. Eyni zamanda işçi qrupunun nümayəndələri mütəmadi olaraq, Ələt limanına baş çəkirlər, yük maşınlarının sürücüləri ilə ünsiyyətdə olurlar və onları narahat edən məsələləri mümkün qədər qısa müddətdə həll edirlər.

Bərə gəmilərinin səfərləri barədə, o cümlədən hava şəraitindən asılı olaraq gəmilərin limandan çıxış və təyinat limanına gəliş vaxtları haqqında məlumatlar onlayn rejimdə Gəmiçiliyin veb-saytında mütəmadi olaraq yerləşdirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2474532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR