İvanişvilinin Azərbaycan planı

İvanişvilinin Azərbaycan planı
14:56 26 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan prezidentinin və parlamentinin razılığı ilə Georgi Kvirikaşvilinin yeni baş nazir postuna təyinat alması ölkə üçün ictimai-siyasi əhəmiyyət kəsb etdiyi kimi, qonşu dövlətlərlə qurulacaq yeni siyasi-iqtisadi münasibətlər məsələsini də aktuallaşdırıb.

ANS PRESS-in məlumatına görə, yeni gürcü baş nazirin təşkil edəcəyi hökumətin Azərbaycanla bundan sonrakı əlaqələrinin hansı müstəvidə olacağı diqqət mərkəzindədir.

Siyasi şərhçi, keçmiş dövlət müşaviri Qabil Hüseynlinin fikrincə, baş nazir vəzifəsinə gələn Georgi Kvirikaşvili də keçmiş baş nazirlə eyni komandaya aiddir. Bu komandaya rəhbərlik edənsə milyarder Bidzina İvanişvilidir ki, hakimiyyətin idarə edilməsində əsas rol oynayır. Elə indiki dəyişikliyin məhz İvanişvilinin istəyi ilə baş tutduğunu diqqətə çatdıran Qabil Hüseynli keçmiş baş nazir İrakli Qaribaşvilinin “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının seçki qərargahına başçılığa göndərilməsini də gələn il baş tutacaq prezident seçkilərində Bidzina İvanişvilinin qələbə arzusu ilə əlaqələndirir.

“Düşünürəm ki, Georgi Kvirikaşvili baş nazir olduqdan sonra Azərbaycanla Gürcüstanın mövcud siyasi-iqtisadi əlaqələrində mühüm dəyişikliklər nəzərə çarpmayacaq. Çünki indiki halda Gürcüstan bizim əlimizə baxan dövlətdir. Ona görə Kvirikaşvili ölkəmizlə ənənəvi münasibətləri davam etdirəcək” deyə siyasi şərhçi vurğuladı.



Qabil Hüseynli - siyasi şərhçi


Millət vəkili, politoloq Rasim Musabəyov isə Gürcüstandakı bu hakimiyyət dəyişikliyini müsbət qarşılayaraq, indiki namizədin bu post üçün daha real seçim olduğunu düşünür. Georgi Kvirikaşvilinin İrakli Qaribaşvili ilə müqayisədə daha təcrübəli, bilikli olmasını qeyd edən politoloq bunun onun fəaliyyət prinsipində də əks olunacağını deyir:

“Bu ölkədə prezidentlər, baş nazirlər dəyişir, amma hakimiyyətin hər hansı strukturuna gələn hər gürcü Azərbaycanın Gürcüstanla strateji tərəfdaş olduğunu yaxşı başa düşür. Həmçinin ölkənin inkişafının, iqtisadi perspektivlərinin Azərbaycansız qeyri-mümkün olduğunu da yaxşı anlayır. O baxımdan fikrimcə, Kvirikaşvili də ağıllı siyasətçi kimi bizimlə münasibətlərə əvvəlki kimi önəm verəcək”.





Rasim Musabəyov - millət vəkili, politoloq


Kvirikaşvilinin Gürcüstanın hakimiyyət səhnəsinə gəlişi 2012-ci ilə, parlament seçkilərində Bidzina İvanişvilinin yaratdığı “Gürcü arzusu” koalisiyasının qələbəsindən sonraya təsadüf edir. Əvvəlcə iqtisadiyyat naziri, daha sonra isə xarici işlər naziri vəzifələrini tutub. Xarici işlər naziri kimi Kvirikaşvili əsas diqqəti Avropaya inteqrasiyaya və xarici iqtisadi münasibətlərin möhkəmlənməsinə ayırıb. O, 2013-cü ildən bəri həm də baş nazirin müavini idi.


Georgi Kvirikaşvili- Gürcüstanın yeni baş naziri

Dekabrın sonuna kimi yeni hökumətin tərkibini formalaşdırıb təsdiq etdirdikdən sonra 48 yaşlı Georgi Kvirikaşvili yeni ildən Gürcüstanın idarəçiliyində mühüm vəzifəsinin icrasına başlayacaq. Ölkənin siyasi-iqtisadi inkişafında Azərbaycanla bu sahədəki əlaqələrin vacibliyini yaxşı dərk edən Kvirikaşvilidən gözləntilərsə müsbət istiqamətədir. Çünki xarici işlər naziri təyin olunduqdan sonra bu ilin oktyabrında ilk xarici səfərini məhz Azərbaycana etməklə o, bizimlə münasibətlərin əhəmiyyətliliyini nəzərə çatdırmışdı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368230

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR